Rusiyalı deputat Qarabağa qanunsuz səfər edib
Ölçü:

Xarici İşlər Nazirliyi (XİN) Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilən “Forum”da qanunsuz iştirakına münasibət bildirib.

XİN-dən Koordinat.az-a verilən məlumata görə, Nazirliyin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin müavini, qatı ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilən “Forumda” qanunsuz iştirakı onun Azərbaycan əleyhinə yönəlmiş növbəti təxribatıdır.

“Məlum olduğu kimi, Konstantin Zatulinin adı Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlər etdiyi üçün müvafiq “qara siyahıya” daxil edilib. Konstantin Zatulinin “forum”da qanunsuz iştirakı və onun Azərbaycan əleyhinə təbliğat xarakteri daşıyan əsassız fikirləri rəsmi Rusiyanın mövqeyi ilə tamamilə uzlaşmır. Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə Prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu yaxınlarda “Valday” beynəlxalq diskussiya klubunda iştirakı və bu çərçivədə keçirilmiş ikitərəfli görüş bunun bariz nümunəsidir. İki ölkə arasında uğurla inkişaf edən əməkdaşlıq fonunda Konstantin Zatulin kimi şəxslərin fəaliyyəti Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür. Lakin bu kimi təxribat xarakterli səylərə baxmayaraq Azərbaycan və Rusiya münasibətləri bundan sonra da uğurla inkişaf edəcək”, - deyə L. Abdullayeva vurğulayıb.
14.10.2019 16:16:00
Oxuma sayı: 193