Quran kurslarının fəaliyyəti araşdırılır
Ölçü:


Son hesablamalara görə, Azərbaycanda 2250 məscid mövcuddur. Bunlardan 210-u Naxçıvan Muxtar Respublikasının payına düşür.

Koordinat.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Komitənin şöbə müdiri Əliheydər Zülfüqarov bildirib. O,  hazırda fəaliyyət göstərən Quran kurslarının qanunauyğun yaradılması və fəaliyyət göstərməsini araşdırmaq üçün müvafiq komissiya yaradıldığını, eləcə də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Quran kursları üçün Tədris Planı hazırlanaraq təsdiq edildiyini bildirib.

2017-ci ildə dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirildiyini deyən şöbə müdiri onların ümumi sayının 793-ə çatdığını qeyd edib. Bildirib ki, indiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 765-i İslam, 28-i qeyri-islam təmayüllüdür.

DQİDK-nın şöbə müdiri ölkə xaricindən qaynaqlanan müəyyən radikal, qeyri-ənənəvi və milli kimliyimizə zidd təbliğat aparan təriqətlərin dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir etmək məqsədilə ölkəyə dini ədəbiyyatın idxalına, çapına və yayılmasına xüsusi önəm verdiyi nəzərə alınaraq, ölkədə dini ayrı-seçkilik və qarşıdurma meyillərinin yayılmasına rəvac verilməməsi, dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək ədavəti, nifrəti, ekstremizmi və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın ölkəyə gətirilməsi və nəşrinin qarşısının alınması məqsədilə müvafiq qabaqlayıcı işlər görüldüyünü bildirib.

Qeyd edib ki, hesabat dövrü ərzində ümumilikdə 1540 adda dini məzmunlu ədəbiyyatın idxal edilməsi məsələsinə baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Nəşr olunmaq məqsədilə ekspertizaya təqdim edilmiş 313 adda dini ədəbiyyatın 4-nün çapı məqsədəuyğun sayılmayıb. 613 adda dini təyinatlı ədəbiyyat üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanları tərəfindən ekspertiza məqsədilə təqdim edilmiş 2106 adda dini təyinatlı ədəbiyyata baxılaraq, onlardan 99-nun zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal olunduğu müəyyən edilib.


11.01.2018 18:12:38
Oxuma sayı: 3875