Azərbaycan nefti niyə bahalaşır? - ekspert rəyi
Ölçü:


2018-ci il başlayandan Azərbaycan nefti bahalaşmaqda davam edir.

Koordinat.az xəbər verir ki, dünəndən etibarən “AzəriLite” markalı neft son üç ildə ən yüksək qiymətə təklif edilir - 71,25 dollara.

“AzəriLayt”ın 1 barreli sonuncu dəfə 2014-cü ilin dekabrında 72 dollar olub. “Qara qızıl”ın maksimum qiyməti 2008-ci ilin iyulunda 149,66 dollarla tarixə düşüb.

Bəs, Azərbaycan neftinin bahalaşmasına səbəb nədir?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a deyib ki, neftin qiymətlərinin yüksəlməsinə təsir edən amillər dəyişilməz qalıb: “İlin əvvəlindən yüksələn qiymətlər Amerikada neft hasilatının azalması ilə əlaqədardır ki, ölkəmizdən də yan keçmir. Amerika bazarında neft ehtiyatlarının azalması ilə bağlı məlumatların gündəmdə olması dünya bazarında neftin qiymətlərinin yüksəlməsində əsas faktordur. Sabah Amerika Enerji Administrasiyası yeni məlumatları açıqlayacaq. Güman ki, ehtiyatların bir az da azaldığının şahidi olacağıq”.

Ekspert bildirib ki, kiçik nüanslar nəzərə alınmazsa, hələlik bazara təsir edən başqa amillər yoxdur: “Hazırda “Brent” markalı neft 69 dollardan yuxarıdır. Bir də yanvarın 6-da axşam Çin sahillərində Honkonqa məxsus yük gəmisi ilə toqquşan İrana məxsus neft tankerinin batmasını xatırlatmaq yerinə düşər. Bundan başqa, bazara təsiredici amilər yoxdur”.

 
11.01.2018 18:08:45
Oxuma sayı: 11009