Qarabağlı gənci ağladan “qaçqın” kəlməsi
Ölçü:


 Xaqani SƏFƏROĞLU


Bu günlərdə dostlarla görüşdə qəribə bir halın şahidi oldum. Çayxanada bizim stola yaxınlaşan 25-30 yaşlarında tanış gənc oğlan salamlaşdıqdan sonra yanımızda oturdu. Tutqun və qanıqara görünürdü. Hal-əhvaldan sonra gənc qəfildən üzünü bizə tutub “belə olmaz vallah” dedi. Nə baş verdiyini soruşduq.

Hali-qəziyyəni danışdı. Məlum oldu ki, səhər dostu ilə möhkəm mübahisəsi düşüb. “Niyə?” sualına cavabı bizi də sukuta qərq etdi. Dostu onunla guya zarafat edirmiş ki, məşhur ifadakı sözləri dəyişərək “ayə, Qarabağdakı evini qoyub niyə qaçdın, ayə?” deyib.  Sözdən alınan gənc dostumuz da onunla ağızlaşıb və az qala əlbəyaxa olublar. Dəniz sahilinə gəlib ki, bir az sakitləşsin.

Hamımız susub qalmışdıq.  “Mənə deyir e, müəllim, evini niyə qoyub qaçmısan?”- boğuq səslə yenə dilləndi gənc. Sonra əlini cibinə salıb ağ-qara çəkilmiş bir fotonu bizə göstərdi. Şəkildə ikimərtəbəli, aynabəndli böyük ev, yanında “Qaz-24” olan qaraj, həyətdə göyə ucalan qollu-budaqlı ağac, stol üstündə samovar və fotokameraya xoşbəxtcəsinə baxaraq  gülən 5-6 yaşlı 2 uşaq əks olunmuşdu… “Bu bizim evimizdir”-deyə gənc boğuq səslə dedi: “Belə evi nə üçün qoyub qaçmalıyıdıq? Atam kənddən sonuncu çıxıb, zorla çıxarıblar onu… Tüfəngi vardı, doldurub qışqırırmış ki, buranı heç yerə qoyub getməyəcəyəm… Zorla, yalvara-yalvara çıxardıblar həyətdən. Nənəm diz çöküb ağlayıb, atam beli bükülmüş halda çıxıb oturub yük maşınına…Vallah biz ev-eşiyimizdən çıxmaq fikirmiz olmayıb sona qədər. Allah baisin evini yıxsın…”

Mən dinməz-söyləməz gözümü stolun üstündə buğlanan çaya zilləmişdim.  Başımı qaldırıb “hər axmaq sözə fikir vermə, dostun yəqin indi peşman olub dediyinə…” söylədim.

Amma içimdəki ağrı ürəyimdən daş kimi sallanmışdı.

Bais! Kimdir o bais?

O gəncə demək istədiklərimi yazmaq qərarına gəldim. 90-ların əvvələrində Azərbaycanın başının üstünü almış müharibə, qan-qada milyondan çox insanı öz doğma evindən didərgin salıb. Uzun illər “qaçqın”, “məcburi köçkün” epitetlərinin buz kimi soyuq, sal daş kimi ağır yükünü çəkən o insanlar –vətəndaşlarımız siyasi mübahisələrin motivi, dayaz adamların hirs-hikkəli ürəkbulandırıcı ittihamlarının , istehzalı baxışlarının hədəfi kimi gəziblər.

Amma bu 30 ildə heç kim əsas sualı verməyib.

Niyə bu insanlar öz evlərini qorumaq üçün silaha sarılmayıblar, avtomat götürməyiblər? Nı üçün müdafiəsiz qalıblar?

Allah interneti kəşf edəndən razı olsun. O dövrün hadisələri əks olunmuş sənədləri, yazıları,  memuarları oxuduqca bu sualın cavabını tapa bilirsən.

O qədər səbəb və baiskar ortaya çıxır ki…

Bu il Qarabağda ermənilərin separat hərəkatının başlanmasının 30 ili tamam olur. 30 il əvvəl – 1988-ci ilin yanvar ayında Stepanakert meydanlarını  ermənilərin “miatsum”  bağırtısı bürüyəndə Azərbaycan siyasi hakimiyyəti yatırdı.  Bu gün bəlkə hamıya elə gələ bilər ki, Azərbaycan höküməti sanki o dəqiqə hərəkətə gəlibmiş. Amma tarix başqa sözü deyir. 1987-ci ilin noyabrından başlanan bu etiraz aksiyalarını Azərbaycanın o vaxtkı siyasi rəhbərliyi 3 ay xalqdan gizlədib.  Heç bir qəzet, radio-televiziya ağzını açıb bir kəlmə deməyib ki, ay camaat doğma Qarabağda düşmən baş qaldırıb, torpağımıza təhlükə yaranıb. Sadəcə susub, qorxaqcasına gözlərini Moskvaya zilləyib ki, oradan hansı qərar veriləcək. Bu susqunluğa dözməyən isə mərhum jurnalistimiz Nəcəf Nəcəfov olub. 1988-ci ilin fevralında rəsmi dövlət qəzeti olan “Molodyoj Azerbaydjana”nın  baş redaktoru olan Nəcəf bəyin “Daha susmaq olmaz!” manşet yazısı bütün ölkəni silkələyib. Xalq o zaman bilib ki, xain düşmən Qarabağda nə işlərə başlayıb. Bu məlumatı ilk dəfə biləndə heyrətlənmişdim: Bu boyda fəlakət indikatorunu  axı necə gizlətmək olardı? Kareyra hərisləri üçün olurmuş demək…

Deməli fəlakətləri xalqdan gizlətmək siyasətinin əsası o vaxtdan qoyulubmuş.

 Bu gün “Qarabağ problemi böyük siyasətin bir kartıdır” deyənlər haqlıdırlar.  Amma bu kartı həmin güclərə kim verdi?  

Azərbaycanda o dövrün hakimiyyəti heç bir situasiyada xalqın yanında olmayıb. Heç başlanmış geopotik dəyişiklikləri də anlamayıblar.

Adamı incidən və dəhşətə gətirən də budur.

1990-cı ildə Ermənistanda Ramzik Vasilyanın rəhbərliyi altında 20 minlik “Erməni Milli Ordusu” yaradılır, Azərbaycan hökuməti isə Qarabağ camaatından ov tüfənglərini yığırdı.  İnsanları belə vəziyyətdə müdafiəsiz saxlamaq, dağılan, çat verən SSRİ-nin başıpozuq ordusuna güvənməyi hansı məntiqlə yozmaq olar?

1989- 90-ların əvvələrinin qəzetlərinə baxıram. Qarabağda hər gün davadır. Erməni saqqalıları kəndlərə hucum edir, terror törədir, insanları girov götürür. Azərbaycan dövlət KİV-lərində bir kəlmə məlumat yoxdur. Sistemli bir müdafiə yox, siyasi rəhbərliyin başı hakimiyyət davasına qarışıb.

Xalqın gözü isə tərəzidir: Təhlükə instikti işə düşəndə hər bir canlı ilk olaraq xilas yolunu düşünür…

1991-ci ilin noyabrından SSRİ-nin Azərbaycanda yerləşən ordusu üzərində bütün səlahiyyət bizim dövlətimizin əlində olub. Dövlət rəhbərliyi Bakıda, Gəncədə, Lənkəranda və digər yerlərdə yerləşən sovet ordusunun silah-sursatı ilə xalqın müdafiəsini təşkil etməyi təklif edibmi? Yox. AXC fəallarının adda-budda, hərbi hissələrədən müxtəlif yollarla ələ keçirdiyi avtomatlarla mütəşəkkil hərbi güc kimi formalaşan düşmənin qabağında necə dayanmaq olardı? Azərbaycanın o zamankı siyasi rəhbərliyinin yerli camaatdan ibarət müdafiə dəstələrinin yaradılmasına əngəl olması, hərbi işin təşkilini başlı-başına buraxması bir çox problemlərin əsas səbəblərindəndir.

O zaman dağılan SSRİ-nin hərbi əmlakının bölgüsü ilə bağlı Azərbaycan Rusiya ilə danışıqlar aparıb. 1991-ci ilin dekabrından başlanan bu danışıqlar  1992-ci ilin aprelində yekunlaşıb.

 Statistika ilə maraqlandım.  

Azərbaycana SSRİ-nin 4-cü ordusu, 19-cu əlahiddə HHM ordusu və 34-cü hava qüvvələri miras qalıb.

4-cü ordunun tabeliyində 3 motoatıcı diviziya, 136-cı raket briqadası, 117-ci zenit –raket briqadası, 215-ci artelleriya alayı, 941-ci reaktiv artilleriya alayı, 381-ci vertalyot eskadriliyası, 121-ci əlahiddə qarışıq aviasiya eskadriliyası və digər hissələr  olub.

Gəncədəki 23-cü motoatıcı diviyanın tərkibində Stepanakertdə yerləşən bədnam 366-cı polk,  Gəncədə yerləşən 368-ci, 370-ci motoatıcı alayı, 131-ci tank alayı, 1071-ci artilleriya alayı, Naxçıvanda 1041-ci zenit raket alayı, Gəncədə 958-ci əlahiddə raket divizyonu, 768-ci kəşfiyyat batalyonu,  və digər yardımçı hissələr olub.

Bütünlükdə 1991-ci ildə bu divizyada 86 tank ( 61 ədəd T-72, 25 ədəd T-54), 147 ədəd BMP, 54 ədəd BTR, 74 D-30 topu, 4 ədəd PM-38 minomyotu, 34 “Qrad” olub.

Lənkəranda yerləşən 60-cı motoatıcı divizyanın tərkibi də böyük olub:  Bankə qəsəbəsində yerləşən 14-cü motoatıcı alay, Astaradakı 20-ci motoatıcı alay, Prişibdə (Cəlilabadda indiki Göytəpə) 22-ci motoatıcı alay, Lənkəranda yerləşən 119-cu əlahiddə tank batalyonu, Port-İliçdəki 1073-cü artilleriya alayı, Lənkərandakı 1035-ci zenit artilleriya alayı, 337-ci əlahiddə raket diviziyonu və digər hərbi hissələr…

1991-ci ildə bu diviziyada bütünlükdə 159 tank (124 ədəd T-72, 12 ədəd T-55, 23 ədəd T-54), 126 BMP, 125 zəncirli BTR, 6 ədəd təkərli BTR, 12 minomyot, və 35 “QRAD” olub.

Bakıda yerləşən 295-ci motoatıcı diviziyada  isə 139 tank, 160 BTR, 157 BMP, 15 minomyot, və 36 “Qrad” olub.

Sənədlərə görə, ümumilikdə Azərbaycanda  sovet ordusunun 325 tankı, 789 BMP-si, 458 artilleriya sistemi, 50 hərbi təyyarə, 20 vertalyot və 100 min atıcı silahı olub.

Böyük rəqəmdir.  On minlərlə adamı silahlandırmaq üçün yetər.

 Bundan başqa sovet ordusundan Azərbaycana bütün iri sursat anbarları qaldı. Bura Giləzidəki strateji sursat anbarı, Ağdam və Nasosnıda dairə anbarları, Naxçıvan, Lənkəran və Gəncədə divizon anbarları daxil idi. Bu anbarlardakı sursat ehtiyatlarının cəmi 11 min vaqon olub.   

Bəs bu boyda silahla  Qarabağın müdafiəsi niyə yarıtmaz təşkil olunub?  Şuşa, Laçın niyə asanlıqla verilib?

Bu suala cavab tapmaq indi yəqin ki, mümkün deyil.

Halbuki, bu müharibədə Azərbaycan öz adam sayına görə, Ermənistandan dəfələrlə çox olub.  İşğal olunmuş rayonların statistikasına baxaq:   2009-cu ildə siyahıalınmasına görə, Cəbrayıl rayonunun 70 min 270 nəfər əhalisi var. Onun da 30 min 699 nəfəri kişidir,  Qubadlı rayonunun, 37 min 433 nəfər əhalisi var, bunun da 15 468 nəfəri kişidir, Zəngilanda 39 min 106 nəfər yaşayır, onun 15 764 nəfəri kişdir, Ağdamda 174 min 575 nəfər əhalinin 80 min 762 nəfəri kişidir. Təkcə bu 4 rayonda əli silah tuta bilən 50 mindən artıq kişi yaşayıb. Hələ Azərbaycanın şimal, cənub, qərb rayonlarını da toplasaq nəhəng bir ləşkər alınır.

Azərbaycanın riyakar və uzağı görməyən siyasi elitası bu boyda böyük  qüvvə ilə ölkənin müdafiə sistemini qura bilməyib ya da istəməyib.

Halbuki, 1990-cı ildən başlayaraq Ermənistanda və Dağlıq Qarabağdakı qeyri-formal hərbi dəstələr artıq rəsmi səviyyədə dəstəklənirdi. 1990-cı ilin avqustunda Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan RSFSR prezidenti Yeltsinə rəsmi müraciət edərək sovet ordusunun Qarabağdan çıxarılmasını tələb edirdi. Erməni dəstələri Ermənistanda və Qarabağda yerləşən sovet hərbi hissələrinə basqınlar təşkil edərək silah-sursat oğurlayırdılar. 1990-91-ci illər ərzində Dağlıq Qarabağda 6 min belə hucum faktı qeydə alınıb.

Bizdə nə edirdilər? İnfantil Vəzirovun mənasız və dəbdən düşmüş “sovet beynəlmiləlçiliyi”, xalqdan uzaq düşən Ayaz Mütəllibovun paranoik dərəcədə Rusiya qorxusu Azərbaycan üçün əlverişli şərtlərin yaradılmasına və xalqı səfərbər edilmək imkanına ciddi zərbə vurub. Hələ üstəlik vaxtaşırı baş verən hakimiyyət böhranları, daxili çəkişmələr…

Siyasi elita isə ölkənin həyatında mühüm rol oynayır. Əgər hədəflər eyni olursa, bu, daha yaxşı effekt verir. Zamanın nəbzini itirənlər üçünsə fəlakətli nəticələr doğurur.

1992-ci ilin iyun-oktyabr aylarında Azərbaycanın uğurulu hərbi əməliyyatları bu boşluğu müəyyən qədər dolurmağa cəhd etsə də Qarabağın beynəlxalq müstəvidə alver predmetinə çevrilməsi bütün səyləri puç etdi. 1993-cü ilin iyununda Azərbaycanda yaranmış siyasi böhran, Sürət Hüseynovun qiyamı məhz bu alverin məntiqi yekunu idi. Yaxşı təşkil olunmuş düşmən ordusu və onu silahla təmin edən havadarlarının qarşısında müdafiəsiz xalqı könüllü batalyonların ümidinə buraxmaq  dəhşətli dərəcdə riskli addım idi.

Bu gün Qarabağ müharibəsi veteranı kimi 50 minə yaxın şəxs qeydiyyatdadır. Onların 11 994 nəfəri Qarabada gedən döyüşlərdə əlil olub.  Çıxdaş olunsa hardasa 30 minə yaxın vətəndaş əlində silah torpaqları qoruyub. Azərbaycanın 3 milyonluq kişi əhalisindən cəmi 30 min nəfəri könüllü olaraq düşmən qarşısına çıxıb.  

Mən keçmiş döyüşçü, əziz dostumuz Rey Kərimoğluna da həmişə deyirəm ki, bu gün Azərbaycan düşmən tapdağına düşməməsi üçün sizə minnətdardır.  Həmin illərdə qeyrətli oğlulların heç nəyə baxmadan öz bədənlərini gülləyə sipər etmələri düşmən planlarının puça çıxmasında öz tarixi rolunu oynadı.

Bütün bunları nə üçün yazdım? Çayxanadakı gəncin hirsdən boğulmuş rəngini, əsəbi halda “biz  torpağı qoyub qaçmamışıq” sözlərinə görə…

Faktlar aydınlaşdıqca “torpağını qoyub qaçdı” ittihamı bütün bu fonda tüstü kimi yox olub gedir. Bir şey aydın olur: O zamanın siyasi hakimiyyəti  xalqı müharibəyə səfərbər edə bilməyib.  Bütün bəlaların kökü də burdan gəldi. Xalqın burda günahı çox azdır.

Azərbaycan xalqı bu müharibəyə hazır deyildi… Onun 90-lardakı kommunist  elitası isə bu müharibəni ümumiyyətlə təsəvvür etmirdi.

Nəticədə belə işğal faktoru ilə üz-üzə qaldıq.

Tarixdəki bütün müharibələrdə qələbə dusturu milli ruh, nizamlı ordu və inamlı xalq olub. O dövrdə ikisi vardı.Təkcə Ordu yox idi.  Xalqı düşməndən müdafiə edəcək ordu…Vətən əlinə silah götürmüş yüzlərlə könüllünün igidiliyinə ümidvar idi.

Çünki müqavimətin  əsasını ermənilər Qarabağda ilk dəfə “miatsum” bağıranda qoymaq lazım idi.

Gec oldu, əzabını xalq çəkdi…

11.01.2018 17:45:12
Oxuma sayı: 3920