Pənah Hüseyn Firudin Cəlilova hirsləndi: "Hər kəs olduğu və durduğu yerdə böyükdür"
Ölçü:


Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn professor Firudin Cəlilovun test üsulunun ölkədə tətbiqinin banisi olması barədə dediyi sözlərə görə sərt tənqid edib.

Koordinat.az xəbər verir ki, sabiq Baş nazir özünün "Facebook" səhifəsində bu müsahibəni “yaramaz” adlandırıb və Firudin Cəlilovu yalan danışmaqda ittiham edib: “Firudin Cəlilovun müsahibəsi barədə bayaqdan dalbadal zənglər gəlir. Tapdım. Oxudum. Təəccübləndim, məyus oldum və qəzəbləndim. Bu nə saçma iddialar? Özünün dediyinə görə Firudin müəllim ildə bir neçə dəfə ürək əməliyyatına girir. Bəlkə anasteziyanın təsirindən hələ çıxmayıb?"

Pənah Hüseyn deyib ki, Azərbaycanda qəbul imtahanları sahəsində hökm sürən korrupsiyanın aradan qaldırılması üçün test imtahan sisteminin tətbiqi ideyası da, bu işi həyata keçirəcək və Təhsil Nazirliyindən, ali və orta ixtisas təhsili müəssisələri rəhbərlərindən asılı olmayan, birbaşa prezidentə tabe olan,TQDK- nın yaradılması ideyası da,rəsmi göstərişlər də Elçibəyə məxsusdur və AXC-nin seçki platformasına daxil idi: "Firudin Cəlilovun güya bu məsələ ətrafında Prezidentlə dava etməsi, məni F. Cəlilova aid məsələlərə razı salmaq üçün onun yanına göndərməsi isə sadəcə gopdur. Bu, o dövrdə idarəçilik sistemində işləyənlərdə gülüşə və bir də Firudin müəllimin sağlıq halına dua oxumağa səbəb ola bilər”.

Pənah Hüseyn deyib ki, Firudin Cəlilov ümumiyyətlə prezidentin qəbulunda heç bir dəfə də olmayıb: “Çünki əlifba əhvalatlarından sonra Elçibəy onu silmişdi və sonradan vəzifədə də mənim təkidlərimdən və xahişlərimdən sonra saxlamışdı. Bir şərtlə ki, Firudin Cəlilov onun gözünə görünməsin və səninlə (Pənah Hüseynlə - red) işləyəcək. Bunu ki, hamı bilir! Mənim Firudin müəllimin yanına gedib-gəlməyimə isə onun mən hansı kabinetlərdə oturduğu bir yana qalsın, heç hansı mərtəbələrdə kabinetinin olduğunu da bilməmişəm.Çünki, buna ehtiyac olmayıb” .

Eks baş nazir deyib ki, Firudin Cəlilovun dediklərində yalnız bir şey düzdür -  da TQDK sədrliyinə mərhum Vurğun Əyyubu razı salmağı: “Mən bir neçə dəfə demişəm ki, Vurğun Əyyubun namizədliyini Firudin Gəlilov irəli sürüb. Əslində bu dəqiq deyil. Vurğun Əyyuba prezidentin təklifini mən bildirmişdim və o bu bizim komanda ilə işləmək istəmədiyini deyib təklifdən imtina etmişdi. Müəyyən narazılıqları vardı. Prezidentin Vurğun bəyi TQDK sədrliyində görmək istəməsinin səbəbi o idi ki, Vurğun bəy 1991-ci ildə AXC tərəfindən Azərbaycandan ilk olaraq Türkiyə univesitetlərinə göndərilən 50 nəfərlik tələbə qəbulunu çox parlaq şəkildə həyata keçirmişdi və Elçibəy bunu həmişə təqdirlə qeyd edirdi. Mən Firudin müəllimə Vurğun Əyyubun Prezidentin təklifini qəbul etmədiyini demişdim, o da danışıb razılığa gətirmişdi. Bu qədər. İndi bu adam deyir ki, guya Prezident V.Əyyubun namizədliyinin əleyhinə olub! Ya sənin Prezidentlə danışmaq imkanın var idimi ki,onun nəyə razı olması, ya etiraz etməsini biləsən?!"

Firudin Cəlilov statusunu bu cümlə ilə bitirib: "Mən Firudin müəlimə hörmətlə yanaşmışam. Onun xidmətlərini qiymətləndirmişəm və zaman -zaman demişəm ki, bu doğru olmayan söhbətləri qurtar. Hər kəs olduğu və durduğu yerdə böyükdür. Belə görünür ki, inandıra bilməmişəm. Təəssüf”.

09.10.2019 22:52:00
Oxuma sayı: 86