Türk ordusu Suriyaya girdi, kürd emissar gileyləndi: “Türkiyənin geopolitik durumuyla bağlı heç kim kürdlərə əl tutmaq istəmir"
Ölçü:


Türkiyə qoşunları Suriya Kürdüstanına müdaxiləyə başlayıblar. Bu, əvvəlki müttəfiq – ABŞ kürdləri qorumaqdan imtina etdikdən sonra baş verib. Kürdlər Türkiyənin hücumu qarşısında artıq eyham vurublar ki, Rusiyanın simasında yeni müttəfiq axtarırlar.  Ekspertlər Rusiyanı Türkiyə-kürd münaqişəsinə qarışmaqdan çəkindirirlər. İstisna deyil ki, Moskva Türkiyənin hərbi əməliyyatından xeyli fayda götürə bilər. “Bloomberg” agentliyi Türkiyə məmuruna istinadla xəbər verir ki, Türkiyənin bölmələri çərşənbə səhəri Ankaranın təhlükəsizlik zonası yaratmağı planlaşdırdığı bölgədə Suriya sərhədini keçiblər. Duruma bələd qaynaq məlumat verib: “Türkiyə qoşunları ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərini sərhəddən uzaqlaşmağa vadar etmək üçün Suriyanın şimali-şərqində sərhədi keçməyə başlayıb”.

Türkiyənin müdafiə naziri Hulusi Akar bu zaman qeyd edib ki, “indiki anda qoşunların sərhədə göndərilməsi və əməliyyat keçirməyə hazırlıq davam edir”.

TAAS çərşənbə günü xəbər verib: Türkiyə prezidenti administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin başçısı Fəxrəddin Altun çərşənbəyə keçən gecə Suriya kürdlərinə üz tutaraq qeyd edib ki, “onlar ya təslim ola bilərlər, ya da onların İŞİD terrorçu qruplaşması ilə mübarizə üçün bizim səylərimizin qabağını kəsmək cəhdlərini dayandırarıq”. Məmur xəbərdarlıq edib: “Türkiyə hərbçiləri Azad Suriya Ordusu ilə birlikdə ən tez bir zamanda Türkiyə-Suriya sərhədini keçəcəklər”.

“Suriya Demokratik Qüvvələri”nin (SDQ) kürd birləşmələri Türkiyə qoşunlarına müqavimət göstərəcək. SDQ tərkibindəki kürdlərin komandiri Məzlum Kobani “The New York Times”a bildirib: “Biz dirənəcəyik. Biz artıq yeddi il döyüşmüşük və bu qədər də vuruşmağa hazırıq”.

Onun fikrincə, Birləşmiş Ştatlar qoşunları çəkmək qərarı ilə kürdlərə münasibətdə ikili siyasət sərgiləyir. Kobani Amerika xalqını “Türkiyə tərəfdən hücumu dayandırmaq qəsdilə öz siyasətçi və hərbçilərinə təsir etməyə” çağırıb.

“Kommersant” çərşənbə günü xəbər verib – ABŞ-ın özəl təmsilçisi Ceyms Ceffri SDQ-nin səhra komandirləri ilə videokonfrans zamanı satqınlıq ittihamı dinləməli olub. Kürd səhra komandirlərindən biri bildirib: “Siz bizi satdınız!” və danışıqlar otağını tərk edib. Qəzet başqa bir komandirin sözlərini göstərir: “Xarici tərəfdaşlarımızın bizi satdıqlarına alışmışıq”.

Türkiyə HHQ bu günlərdə Suriyanın şimali-şərqində kürdlərin qərargahına zərbə endirib, Türkiyə artilleriyası isə Raqqada kürdlərin mövqeyini atəşə tutub. Dəməşqdə belə hərəkətləri təcavüz və Suriyanın suverenliyini pozmaq kimi dəyərləndiriblər. Türkiyə prezidenti Ərdoğan Suriyada sərhədyanı bölgələrində hərbi əməliyyat keçirmək niyyətini şənbə günü elan edib. Çərşənbə axşamı Pentaqonda bildiriblər ki, Amerika qoşunlarını ehtimal edilən hücum bölgəsindən çıxarıblar. “Vzqlyad” qəzeti amerikalıları Suriyanın şimalından qovmaqda Rusiya S-400-lərinin Ərdoğana faktiki yardım etdiyindən danışıb. Suriya kürdlərinin rəhbərliyi isə həmin gün Dəməşq və Moskva ilə dialoqa hazır olduğunu ifadə edib.

Suriya kürdlərinin Rusiyadakı emissarı Cavad Məhəmməd təsdiqləyib ki, amerikalıların bölgədən gedişi halında Suriya Kürdüstanında Moskva və Dəməşqlə danışıqlara hazırdırlar. O, “Vzqlyad” qəzetinə müsahibədə deyib: “Biz açıq qucaqla Dəməşqə müraciət edirik. Bizim onlarla dialoqumuz həmişə qalır. Bizim aramızda heç bir sərhəd yoxdur. Aramızda daim rabitə var”.

Emissar hesab edir ki, Suriya hökumət ordusu “Türkiyə təcavüzünə qarşı” kürdlərin mübarizəsinə qoşulmalıdır. Məhəmməd yada salıb ki, kürd mümayəndə heyəti bir neçə il qabaq artıq Moskvaya da danışıqlara gəlib və sonralar belə bir dialoq aparmaqdan heç vaxt imtina etməyib.

Rusiya və Suriya Kürdüstanının mümkün ittifaqının Ərdoğana basqı elementi ola biləcəyinə gəlincə, Məhəmməd qeyd edib ki, bölgədə “buna mane olan” çoxlu amil qalır.

Məhəmməd deyib: “Türkiyənin geopolitik durumuyla bağlı heç kim kürdlərə əl tutmaq istəmir. Əslində, bizim işimiz haqq işidir və biz Rusiyanın dəstəyinə çox ümid edirik. Biz hamımız Rusiyanı sevirik və tarixən çox bağlıyıq”.

O, eyni zamanda əmindir ki, hər halda, amerikalılar Suriyadan getməzlər.

Cavab Məhəmməd ümid edir: “Onlar patrul zonasından, təxminən, beş kilomter çəkilərlər və Türkiyənin bütün əməliyyatı bununla qurtarar. Tramp dünən bildirib ki, Türkiyə hökumətinin edəcəyi nəsə ona yolverilməz görünərsə, onun iqtisadiyyatını məhv edər. Türklər buna görə indi fikrə gediblər. Onlar Suriya əməliyyatını təxirə sala bilərlər”.

… “Россия в глобальной политике” dərgisinin baş redaktoru, “Valday” klubuna dəstək və inkişaf Fondunun elmi işlər üzrə direktoru Fyodor Lukyanov hesab edir ki, Moskva indi kürdlərə heç bir halda müdafiə vəd etməməlidir.

Lukyanov “Vzqlyad” qəzetinə bildirib: “İndiki anda Türkiyə ilə münasibətlər çox-çox önəmlidir. Kürd məsələsinə qarışmaq lazım deyil. Hər yolla şərait yaratmaq gərəkdir ki, kürdlər Dəməşqlə uzlaşmağın onlar üçün uzunmüddətli təhlükəsizliyi təmin etməkdə yeganə yol olduğu mövqeyə yaxınlaşsınlar”…

Yuri Zaynaşev, Oksana Borisova (vzqlyad.ru)
Tərcümə Strateq.az-ındır.

09.10.2019 18:26:00
Oxuma sayı: 57