Siyavuş Novruzov Milli Şuranın keçirdiyi piketdən danışdı
Ölçü:


“Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şura “Sərbəst toplaşmaq haqqında” qanunun tələblərini pozaraq təyin olunmuş yerdə deyil, orta məktəbin qarşısında dərs prosesini pozmaqla, şagirdlərin və valideynlərin hərəkətinə mane törətməklə piket keçirib”.  

Koordinat.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O, bildirib ki, aksiya başlamazdan əvvəl, təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, yaşayış olduğu dar səkidə müxtəlif şüarların səsləndirilməsi, ajiotaj yaratmaq cəhdləri qanunun tələblərinə zidd əməllər olmaqla yanaşı, həm də bu insanların niyyətlərinin öz etirazlarını bildirmək deyil, asayiş keşikçilərini təxribata çəkmək və problem yaratmaq olduğunu nümayiş etdirib: “Təşkilatçılar öncədən Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, onlara piketdə səsləndiriləcək şüarlar və digər məsələlərlə əlaqədar xəbərdarlıq olunub, lakin onlar yenə də piketin keçirilməsi zamanı qanuni tələblərə əməl etməyiblər. Kənarda əlində “Xalq sizinlədir, cənab Prezident İlham Əliyev” şüarı ilə dayanan bir nəfərə hücum, plakatın onun əlindən alınması və cırılması bu insanların destruktiv, dözümsüz, təxribatçı qaragüruh olduğunu, heç bir sivil mübarizə metodlarını tanımadığını göstərdi. Bunun özü də piketin təxribat xarakteri daşıdığını təsdiqləyir”.

S.Novruzov qeyd edib ki, Əli Kərimli piketdə görünməyib, prosesi kənardan izləmək yolunu tutub: “Tədbirin təşkilatçıları, AXCP və Milli Şuranın rəhbərliyində duranların heç bir bu aksiyada iştirak etmədi. Məqsəd piketə ancaq müəyyən adamları təlimatlandıraraq göndərməklə təxribat yaratmaq, sonra bu görüntüləri çəkərək Avropa qurumlarına göndərmək olub. “Sərbəst toplaşmaq haqqında” qanunun tələbləri və təşkilatçılar buna görə cavabdehlik daşıyırlar”.

08.10.2019 18:08:00
Oxuma sayı: 60