Nazir müavini "kölgə iqtisadiyyatı"nın mənfi təsirlərindən danışdı
Ölçü:


Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Azərbaycan Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsinə (BEPS) həsr olunan 5-ci regional iclas işə başlayıb.

Koordinat.az
-ın məlumatına görə, tədbiri giriş sözü ilə OECD-nin vergi məsələləri üzrə əsas orqanı olan Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin Qlobal Əlaqələr və İnkişaf Şöbəsinin rəhbəri Ben Dikinson açaraq iştirakçıları salamlayıb və 5-ci regional iclasın keçirilməsinin əsas məqsədinin BEPS layihəsinin Avrasiya ölkələrində tətbiqi prosesinin müzakirəsi olduğunu qeyd edib. Qeyd olunub ki, “İyirmilər qrupu” (G20) və OECD tərəfindən “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə (BEPS) qarşı tədbirlər paketinin tətbiqi üzrə İnklüziv Çərçivə” layihəsi hazırlanıb. Bu tədbirlər paketi vergitutma bazasının aşınmasına imkan yaradan hallarla mübarizə məqsədilə dövlətlərin daxili qanunvericilikləri və bağladıqları beynəlxalq sazişlərdə OECD tərəfindən standart kimi qəbul edilən müddəaların əksini tapmasını nəzərdə tutur. OECD və IOTA-nın birgə təşkilatçılığı ilə hər il keçirilən bu kimi tədbirlər Avrasiya ölkələrinin mütəxəssisləri üçün səmərəli platformaya çevrilib. Hazırda bu layihəyə 134 ölkə qoşulub.

Vergilər nazirinin müavini İlkin Vəliyev tədbirdə çıxış edərək bildirib ki, inkişaf etmiş beynəlxalq vergi əməkdaşlığı və bu sahədə beynəlxalq standartların tətbiqi vergidən yayınma ilə mübarizədə uğurlu yollardan biridir. Azərbaycanın vergi sistemini qabaqcıl təcrübələrə və beynəlxalq standartlara uyğun inkişaf etdirmək baxımından OECD Vergi Siyasəti və İdarəetmə Mərkəzi və IOTA əhəmiyyətli bir platformadır. Nazir müavini Azərbaycanın vergi sistemində aparılan tədbirlər barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, kölgə iqtisadiyyatının azaldılması və vergi mühitinin yaxşılaşdırılması, qeyri-rəsmi əmək bazarının leqallaşdırılması, daha səmərəli vergi güzəştləri vasitəsilə KOS-un inkişafının təşviq edilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində mühüm işlər görülüb.

Qeyd edilib ki, ölkələrin gəlir mənbələrini qorumaq üçün beynəlxalq müstəvidə yeni standartlar hazırlanıb. Bu mənada OECD və G20 ölkələri tərəfindən təqdim olunan BEPS layihəsi, qlobal miqyasda getdikcə artan və dərinləşən vergi problemlərinə çox spesifik və vahid yanaşmanı təmsil edir və vergi administrasiyalarına onları həll etmək üçün əlverişli vasitələr təqdim etməkdədirlər.

Nazir müavini qeyd edib ki, Azərbaycan hələ BEPS İnklüziv Çərçivəsinə qoşulmasa da, məlumat mübadiləsində beynəlxalq standartların tətbiqi üçün mühüm işlər görülüb və bu fəaliyyət hazırda davam etdirilir. "Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək" mövzusunda davam edən Tvinninq layihəsinin xüsusi əhəmiyyətini qeyd edən nazir müavini ümumi məqsədin Vergilər Nazirliyi tərəfindən səmərəli transfer qiymət qanunvericiliyinin və transfer qiymətləndirmə təftişinin tətbiqi və həyata keçirilməsi olduğunu vurğulayıb.

Vergilər Nazirliyinin, yerli və xarici dövlət orqanlarının, özəl sektor, təhsil müəssisələri, beynəlxalq və regional təşkilatlardan 80-ə yaxın nümayəndənin iştirak etdiyi regional iclasın işini oktyabrın 10-dək davam etdirməsi nəzərdə tutulur.
08.10.2019 09:39:00
Oxuma sayı: 75