İnnovativ İnkişafda mühəndisliyin roluna dair konfrans keçiriləcək
Ölçü:


Noyabrın 29-30-da Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “Azərbaycanın İnnovativ İnkişafında Mühəndisliyin Rolu: Hədəflər və Perspektivlər” adlı elmi-praktik konfrans keçiriləcək.

BMU-nun mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, konfransın məqsədi mühəndislik elmləri üzrə alimləri, tədqiqatçıları, dövlət və özəl sektor işçilərini bir araya gətirmək, yeni araşdırmaları, düşüncələri bölüşmək, problemlərə birgə həll yolu tapmaqdır. Belə ki, hazırda dünyada olduğu kimi ölkəmizdə də mühəndislik elmləri və ona yaxın digər elmi sahələr sürətlə dəyişir, inkişaf edir. İqtisadi inkişaf və rəqabətliliyi təmin etmək üçün yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal, idarəetmə sahələrinə tətbiq edilməsi bütün sferalarda zəruri ehtiyac olaraq qarşımıza çıxır. İki gün davam edəcək konfransda mövcud inkişaf və dəyişikliyə uyğun fəaliyyəti gücləndirmək, ölkəmizin gələcəyinə töhfə vermək istiqamətində ətraflı müzakirələr aparılacaq.

Qeyd edək ki, konfransa təqdim olunacaq və təşkilat komitəsi tərəfindən seçiləcək işlər toplu şəklində nəşr ediləcək.
07.10.2019 16:57:00
Oxuma sayı: 46