Kimdir redaktor?
Ölçü:


           Müsəllim HƏSƏNOV

Bu, bir ritorik sual deyil.  

Heç Aleksandr Gertsenin məşhir “Kimdir müqəssir?” əsərini yada salmaq istəyi də deyil. Sadəcə, çoxdan məni düşündürən məsələyə subyektiv münasibətimdir.
-“Pravda”nın baş redaktoru kimdir?
- Bəs “Komsomolskaya pravda”nın?
- “Kommunusit”in redaktoru kimdir?

Bütün bunlar isə sovet dövründə komsomol sıralarına qəbul edilən gənclərə verilən suallardan yalnız bir neçəsidir. Bu, həm də onu xatırlatmaqdır ki, bəyənmədiyimiz sovet dövründə redaktor vəzifəsi nufuzlu bir iş sayılırdı.  

Amma bu xatırlatma, təbii ki, “sovet nostalgiyası” ilə yaşamaq anlamını vermir. Sözümün canı var...

Beləliklə, kimdir redaktor?

İzahlı lüğətlərdə bu sualın cavabı təxminən belə verilir:
1) elmi, ədəbi, bədii  və s. materialları redaktə edib çapa hazırlayan şəxs;
 2) hər hansı bir əsərin nəşrini, əsərlər külliyyatını toplanıb çapa hazırlanmasına rəhbərlik edən şəxs;
3) dövri mətbuatın (qəzet, jurnal və s.) məzmun və buraxılışına məsul şəxs.

Bir sözlə, mətnlə işləyən, mətni tərtib edən, oxuyan, düzəldən, eyni zamanda redaksiya kollektivinə rəhbərlik edən şəxs redaktor sayılır.

Amma...

Təəssüf ki, son illər bu peşənin  birinci və əsas funksiyası, demək olar ki, unudulub. Yəni materialları qəzetlərdə, xüsusən, saytlarda redaktə edib çapa hazırlayan şəxs, demək olar ki, yoxdur. Və bunu əksər qəzet və sayt rəhbərləri maliyyə problemləri ilə əlaqələndirirlər. Əslində isə redaktorsuz yazılı mətn, kobud desək,  yağsız plovdur. Nə yazıq ki, bir çox saytlar bu gün oxucuya məhz belə “xörək” təklif edirlər. Nəticədə kütləvi informasiya vasitələrində səhvlər, yanlışlıqlar, söyüş-təhqir və s. baş alıb gedir. Bir sayt o birindən material götürür, redaktor işi olmadığından həmin material yenə də redaktə olunmur və birincidə gedən səhv ikincidə, üçüncüdə, dördüncüdə... təkrarlanır. İrad tutulanda isə birinci sayt və ya birinci mənbə nişan verilir: bizim səhv deyil ki, biz filan yerdən götürmüşük... Beləcə, səhvlər həlqəsi başlanır. Halbuki normal redaktor həmin səhvin (və ya səhvlərin) elə birinci mənbədə qarşısını ala bilərdi...  

Redaktorun funksiyalarından biri də müxtəlif janrda olan kitabların çapa hazırlanmasıdır ki, bu, sırf nəşriyyat işidir və inanmıram ki, özünə hörmət edən naşir redaktə edilməmiş kitabı, əsəri çapa imzalasın...  Hərçənd “çiy” kitablara rast gəlirik...    
Redaktor həm də dövri mətbuatın məzmun və buraxılışına məsul olan, yəni redaksiyanı idarə edən şəxsdir. Yəni vaxtilə komsomol sıralarına keçənlərə adı xatırladılan redaktorlar kimi...

Bu vəzifə indi də var və hətta özünün klassik statusundan da bir qədər irəli gedib. Nəticədə leksikonumuza “media kapitanları”, “media generalları” kimi terminlər daxil olub...

Bu “kapitanlar” və “generallar” qəzetlərin və ya saytların redaktorları və ya baş redaktorlarıdır.

İndi redaksiyaların (həm qəzet, həm də sayt redaksiyaları) əksəriyyəti  BAŞ REDAKTORDAN və müxbirlərdən ibarətdir. BAŞ REDAKTOR redaksiyanı idarə edir, REDAKTƏ etməyə, təbii ki, vaxtı, bəzən də həvəsi olmur. O, sadəcə mövzuları müəyyən və təsdiq edir, “kimdən yazmaq olar, kimdən olmaz” prinsipini bilir, “necə yazmaq olar, necə olmaz” prinsipini izah etməyə isə vaxt tapmır, yaxud heç onu özü də bilmir. Çünki müasir jurnalistika operativlik tələb edir. Operativlik zamanı isə sənətkarlğı qurban vermək olar. Problem bundadır!

Halbuki redaktorun əsas vəzifəsi “mətnlə işləmək”, “mətni yoxlamaq, janrın tələblərinə uyğun düzəltmək” və “nəşrə hazırlamaq”dır ki, bizdə məhz bu işlə məşğul olan, demək olar ki, yoxdur. Az qala hər kəs özü yazır, özü redaktə edir, özü də sayta və ya qəzet səhifəsinə yerləşdirir. BAŞ REDAKTOR isə redaksiyaya rəhbərlik etdiyi üçün (ümumi strategiyanın müəyyənləşdirilməsi, maliyyə məsələlərinin həlli, ictimai tədbirlərdə iştirak, TV-lərə müsahibə vermək və s. və i.a.) müxbirin hazırladığı yazını oxumağa və redaktə etməyə vaxt tapmır.

Son günlərin acı təcrübəsini xatırlayıram. Kifayət qədər oxucusu olan nüfuzlu bir sayta yazı göndərmişdim. Yazı həmin saytda işıq üzü görən kimi bir neçə başqa saytda da peyda oldu. Təbii ki, müəllfin və yazının ilk dəfə dərc edildiyi sayt rəhbərliyinin icazəsi olmadan! Özü də imzasız-filansız...

Həmin sayt rəhbərlərinə zəng vururam. Bu yazını icazəsiz veribsiniz, heç olmasa imza qoymaq lazım deyilmi? Baş redaktorun cavabı nə olsa yaxşıdır? Mən görməmişəm, uşaqlar yerləşdirib...

Bəs o “uşaqlardan” niyə soruşmursan ki, arxiv sənədləri əsasında yazılmış bu boyda araşdırma yazısı sənin saytına hardan düşüb? Ümumiyyətlə, müəllifin icazəsi olmadan onun yazısını vermək hansı etikaya uyğundur? Ciddi zəhmət hesabına ərsəyə gələn yazını imzasız dərc etmək hansı jurnalistika məktəbinə aiddir?

Suallar çoxdur. Bu və mətbuatımıza dair onlarla digər suallar cavabsız qaldığı üçün hamımızın müşahidə etdiyi proses baş verir: yazılarda üslub səhvləri, orfoqrafik səhvlər baş alıb gedir, bu da AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN korlanmasına gətirib çıxarır. Bu, hələ harasıdır? Şəxsiyyət təhqir olunur, insan ləyaqəti alçaldılır və s. Halbuki normal redaktoru olan, normal redaktədən çıxan yazıda bütün bunların qarşısını almaq olar və zəruridir!

Ona görə də hər bir redaksiyada (sayt redaksiyası da həmçinin) idarə edən redaktordan və ya BAŞ REDAKTORDAN əlavə REDAKTƏ EDƏN redaktor, mətni oxuyub düzəldən REDAKTOR da olmalıdır ki, bizdə əksər redaksiyalarda bu vəzifə yoxdur və ya bu işə heç kim cəlb edilmir. Buna görə də yazı mədəniyyətimizin, jurnalistika mədəniyyətimizin səviyyəsi aşağı düşür. Çünki özünü baş redaktor elan edənlərin çoxu heç vaxt sıravi redaktor olmayıb...

Sovet dövründə “Pravda”nın baş redaktoru olardı, “Kommunist” qəzetinin isə sadəcə redaktoru. SSRİ-də baş prokuror vəzifəsi var idi, bizdə Azərbaycan SSR prokuroru. Bu fərq respublikalara münasibətdə ayrı-seçkiliyin nəticəsi deyildi. 

SSRİ-də hər respublikanın prokuroru var idi. Bütün bu prokurorların tabe olduğu orqan isə SSRİ-nin baş prokurorluğu və deməli, baş prokuror idi. Bu prokurorluqları birləşdirən ən yüksək instansiya baş prokurorluq idi.

“Pravda” qəzetinin rəhbəri ona görə baş redaktor adlanırdı ki, həmin qəzetin redaksiyası böyük bir müəssisə idi və müxtəlif sahə redaksiyalarından ibarət idi. Məsələn, siyasət redaksiyasında 20-30 müxbir çalışırdı və onlara bir redaktor rəhbərlik edirdi. İqtisadiyyat redaksiyası, mədəniyyət redaksiyası və s. də onun kimi. Hər redaksiyanın rəhbəri-redaktoru olduğundan, onlara ümumi rəhbərliyi baş redaktor edirdi, ona görə də “Pravda”nın rəhbəri baş redaktor olurdu.

Amma deyək ki, “Kommunist”də hər şöbədə 4-5 müxbir işləyirdi və onlara redaktor yox, şöbə müdiri rəhbərlik edirdi. Ona görə də ümumi redaksiyaya rəhbərlik edən baş redaktor yox, sadəcə, redaktor olurdu.

Bəs bu gün necədir? Cəmi 4-5 işçisi olan qəzetin rəhbəri özünü baş redaktor elan edir. “Filan qəzetin (və ya saytın) baş redaktoru...”

Guya “baş” sözü hansısa qeyri-adilik, üstünlük verir. Əslində isə “baş” və ya “ayaq” adlanmağından asılı olmayaraq redaksiyanın rəhbəri məhz REDAKTƏ ilə məşğul olmalı olduğunu, dərc edilən hər bir materiala görə məsuliyyət daşıdığını unudur və nəticədə mətbuatımız bu günə düşür.

Ona görə də haqlı sual yaranır: kimdir redaktor?

17.03.2017 11:35:52
Oxuma sayı: 1381