“Erməni saytlarının yazdığı kimi, hər hansı rəsmi görüşdən söhbət gedə bilməz” –Şennak
Ölçü:


Ermənistan mətbuatı növbəti dəfə yalan və təxribata yol verib.

Ermənistanın “panorama.am” saytı separatçı “Dağlıq Qarabağ” rejiminin “Ombudsmanı” Artak Beqlaryanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakla görüşdüyünü, görüşdə insan haqları məsələlərinin müzakirə olunduğunu, A. Beqlaryanın Azərbaycanda erməni fobiyasının hökm sürdüyünü həmməruzəçinin diqqətinə çatdırdığını yazıb.

Stefan Şennak Artak Beqlaryanla görüşü barədə xəbərlərə münasibət açıqlayıb. S. Şennak bildirib ki, söhbət erməni saytlarının yazdığı kimi, hər hansı rəsmi görüşdən gedə bilməz: “Bu, xəbərdə yazıldığı kimi, rəsmi görüş deyildi. Ermənistan səfirliyindən kimsə onu mənimlə tanış etdi. Onun ombudsman olduğunu dedilər. Mən çox nəzakətli insanam. O mənə bəzi sənədlər təqdim etdi. Mən sənədləri oxuyacağam, hələ oxumamışam. Biz Avropa Şurasına gələn insanlarla danışa bilərik. Onu mənə təqdim etdilər. Mən bilirəm ki, bu barədə bəzi şeylər yazılıb, ancaq bunlar düzgün deyil. Mən erməni mediasında gədən xəbəri tam oxumamışam. Mən yalnız Beqlaryanı dinlədim, özüm heç bir açıqlama vermədim”.

S. Şennak deyib ki, Artak Beqlaryan ona dondurulmuş münaqişələrin olduğu yerlərdə, məsələn Abxaziyada insanların hərəkət məhdudiyyətindən danışıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da erməni mediasında Azərbaycan üzrə həmməruzəçi Stefan Şennakın Artak Beqlaryanla görüşü barədə xəbərlərə münasibət bildirib. Səməd Seyidov bildirib ki, Avropa Şurasının binasına heç kim separatçı “Dağlıq Qarabağ”ın hər hansı sənədi, yaxud qeyri-qanuni vəsiqəsi ilə daxil ola bilməz: “Onların hamısı bura Ermənistan pasportu ilə daxil olurlar, sonra isə təxribat məqsədilə özlərini Dağlıq Qarabağın nümayəndəsi kimi təqdim edirlər. Təxribatçı addımlarını isə əsasən dəhlizdə, bufetdə atırlar. Burada hər kəsə yaxınlaşmaq sərbəstdir. Yaxınlaşırlar, sonra da bunu çəkib, “rəsmi görüş keçirdik” adı altında mətbuata ötürürlər. Bu, növbəti erməni provokasiyasıdır. Erməni təbliğatına qətiyyən inanmaq olmaz. AŞPA-da heç vaxt heç bir rəsmi şəxs bunlarla rəsmi görüş keçirə bilməz. Heç kim bura Dağlıq Qarabağın qondarma sənədi ilə daxil ola bilməz. Məqsəd AŞPA-da da separatçı ab-hava yaratmaqdır. Bu isə Avropa Şurasına, onun dəyərlərinə qarşı yol verilmiş aşkar provokasiyadır”. (apa)

04.10.2019 17:44:00
Oxuma sayı: 53