Azərbaycan və Rusiya prezidentləri Qarabağ məsələsini də müzakirə ediblər
Ölçü:


"Prezident İlham Əliyevlə dünən Soçidə Rusiya prezidenti Vladimir Putin arasnda keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olundu. Bildiyiniz kimi, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Rusiya münaqişənin həlli prosesində yaxından iştirak edir və ona görə də bu müstəvidə də dövlət başçıları tərəfindən ətraflı fikir mübadiləsi aparıldı".

Koordinat.az xəbər verir ki, Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Hikmət Hacıyev prezident İlham Əliyevin Soçiyə işgüzar səfərinin yekunları ilə bağlı APA-nın suallarını cavablandırarkən belə deyib. O, qeyd edib ki, Prezidentlər əvvəlcə nümayəndə heyətləri ilə birgə, daha sonra isə təkbətək formatda görüşü davam etdiriblər: "Bu məqam xüsusi vurğulanmalıdır. Çünki Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında şəxsi dostluq münasibətləri mövcuddur. Bu məqam iki ölkə arasındakı münasibətlərə müsbət impuls verir".

Şöbə müdiri  “Valday” beynəlxalq diskussiya klubunun iclasında Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sualı cavablandırarkən "Qarabağın Ermənistanın olması barədə bəyanatlar münaqişənin həllinə, siyasi prosesin tənzimlənməsinə kömək etmir" fikrinə də münasibət bildirib: "Lavrovun Paşinyanın məlum bəyanatı ilə bağlı bir müddət öncə səsləndirdiyi fikirləri qeydə götürmüşük. Ümumiyyətlə, bu, ATƏT-in Minsk Qrupunun həmsədrlərini və beynəlxalq ictimaiyyəti narahat edən məsələdir. Çünki Ermənistanın rəhbərliyi bu açıqlaması ilə danışıqlar prosesinə çox güclü bir zərbə vurmuşdur. Görünən odur ki, Paşinyanın bu bəyanatı həmsədr ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən ciddi bir narahatlıqla qarşılanıb və burada başqa münaqişələrlə anneksiya xarakteri daşıyan münaqişələr kontekstində analogiyalar da aparılıb. Biz də hesab edirik ki, Ermənistan rəhbərliyi tərəfindən verilən bu cür açıqlamalar heç bir halda münaqişənin həllinə xidmət etmir, vəziyyəti gərginləşdirir. Ona görə də bu fikri bölüşürük ki, bu gün danışıqlar prosesi bir ətalət çərçivəsindədir. Təəssüflər olsun ki, danışıqlar prosesində bu gün hər hansı bir irəliləyişdən danışmaq olmaz. Həmsədrlər özləri də bu barədə açıqlama verdilər. Onların substantiv danışıqlara çağırış etdiklərinə baxmayaraq, hazırda Ermənistan tərəfindən təxribatlar davam edir. Elə bu günlərdə Azərbaycan-Ermənistan sərhədində bir mülki şəxsimiz öldürülüb. Bütün bunlar göstərir ki, Ermənistanın bugünkü açıqlamaları və fəaliyyəti beynəlxalq ictimaiyyəti ciddi şəkildə narahat etməkdədir. Rusiya da ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq xarici işlər naziri səviyyəsində bu məsələ ilə bağlı öz mövqeyini ifadə edib".

04.10.2019 10:03:00
Oxuma sayı: 36