Qəzadan sonra yenidən qurulan “Azərbaycan” İES - FOTO
Ölçü:



“Azərenerji” ASC ötən ilin iyul ayında qəza baş verdikdən sonra tamamilə yenidənqurulan Mingəçevir şəhərində yerləşən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulması prosesi ilə bağlı video görüntülər yayıb.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev “Qafqazinfo”ya bildirib ki, hər biri ayrıca elektrik stansiyası statusunda olan 8 enerji bloku növbəli şəkildə yenidən qurularaq təmir edilir. Ötən ilin payızından başlayaraq bu günə qədər 4 blokda yenidənqurma işləri aparılıb. 1 blokda isə işlər yekunlaşmaq üzrədir. Digər 3 enerji bloku da növbəli şəkildə yenidən qurulacaq.

Paralel olaraq “Azərbaycan” İstilik Elektrik Stansiyasında yerləşən, ölkənin 2 ən böyük yarımstansiyalarından biri olan 500 kilovoltluq yarımstansiyada işlərin 95 faizi görülüb və hazırda sazlama işləri həyata keçirilir. Ötən ilin iyulunda qəzabaş verən 330 kilovoltluq yarımstansiyada isə yenidənqurma sürətlə davam etdirilir və işlərin yarıdan çoxu görülüb. 330 kilovoltluq yarımstansiyanın idarəetməsi üçün tikilən mərkəzdə işlər tamamlanıb.

Bundan başqa su kanalının beton qatının yenilənməsi işləri başa çatıb. Qarabağ kanalının üzərindən əhali üçün tikilən körpünün tikintisi və yolun çəkilməsi prosesi yekunlaşıb və əhalinin ixtiyarına verilib. Həmçinin stansiyanın 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. Yeni tikilən baş idarəetmə mərkəzində isə işlər yekunlaşıb, hazırda idarəetmə vasitələrinin sazlanması prosesi həyata keçirilir. Bundan başqa elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində işlər başa çatıb, son tənzimetmə işləri aparılır.

İstismar müddətini çoxdan keçən “Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulduqdan sonra ömrü ən azı 20 il uzanacaq, 320 meqavat “itirilmiş” güc bərpa ediləcək. Ən əsası isə elektrik stansiyasının etibarlığı, dayanıqlığı və təhlükəzisliyi təmin olunacaq.

“Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulması prosesinin gələn ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılıb.

 
03.10.2019 21:46:00
Oxuma sayı: 41