QHT-lərin Açıq Hökumətin Milli Fəaliyyət Planı ilə bağlı təklifləri var
Ölçü:


Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclasında bu vaxta qədər QHT nümayəndələri və dövlət qurumlarının əməkdaşlarının irəli sürdükləri, AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Azərbaycan Açıq Hökumət Platformasına təqdim olunan təkliflər müzakirə edilib.

Koordinat.az
xəbər verir ki, Dövlət Miqrasiya Xidmətində, 20 sentyabr 2019-cu il tarixdə keçirilən iclasda AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyinin rəisi Kamal Cəfərov, İşçi Qrup üzvü dövlət qurumları nümayəndələri, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru və üzvləri, digər QHT təmsilçiləri iştirak ediblər.

Toplantıda çıxış edən AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası Katibliyinin rəisi Kamal Cəfərov dövlət qurumlarında mövcud daxili nəzarət şöbələri tərəfindən korrupsiya risklərinin qiymətləndirilməsi indikatorlaının hazırlanmasının labüd olduğunu bildirib. O, həmçinin dövlət qulluqçuları üçün korrupsiya ilə bağlı ixtisasartırma kurslarının keçirilməsinə ehtiyac olduğunu qeyd edib.

Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev Milli Fəaliyyət Planı əsas götürülməklə bütün dövlət qurumlarının illik fəaliyyət planı hazırlamalarının vacibliyini diqqətə çatdırıb. Ə.Nuriyev fəaliyyət planının hazırlanması ilə bağlı fikir bildirərək, 10 oktyabr tarixinə yekun sənədin layihəsinin hazırlanması və daha sonra geniş müzakirələr aparılmasının zəruriliyini vurğulayıb.

Müzakirələrdə irəli sürülən təkliflər bir daha nəzərdən keçirilib, QHT təmsilçiləri və dövlət qurumlarının rəyləri səsləndirilib. Hər bir təkliflə bağlı gözləntilər, risklər, mümkün nəticələr barədə fikir mübadiləsi aparılıb.

K.Cəfərov qeyd edib ki, QHT-lərdən həm Milli Fəaliyyət Planının strukturu, həm də məzmunu, istiqamətlər, konkret tədbirlərlə bağlı daxil olan təkliflər bir daha nəzərdən keçiriləcək və nəzərə alınacaq. Ə.Nuriyev QHT-lərin bu prosesdə fəal olmasının vacibliyini qeyd edib və vətəndaş cəmiyyətini müzakirələrdə aktiv iştirak etməyə çağırıb.


03.10.2019 17:23:00
Oxuma sayı: 189