Yarımçıq yanan tonqal: və ya məcburi köçkünün Novruz niskili
Ölçü:


Elxan SALAHOV

Düz 24 ildir. Necə deyərlər, bir igidin ömrü qədər...

Düz 24 ildir ki, Novruz bayramını, baharın gəlişini, onun təravətini, duyğularını duymadan doğma yurdumuzdan kənarda, yataqxanalarda qarşılayırıq. 1993-cü ildən - yurdumuz Kəlbəcər işğal olunandan bəri başda Bahar bayramı olmaqla bütün milli bayramlar, Novruz adətləri bizim üçün həsrət dolu xatirələrə çevrilib.

Kəlbəcərin Novruz ənənələri başqa bir aləmiydi. Bu axşam işdən çıxıb müvəqqəti sığınacağımıza (24 illlik müvəqqəti ömür olmur? Əsil işgəcədir! - E.S.) qayıdanda həyətdə qarşılaşdığım mənzərə, məcburi köçkün uşaqların taxta qırıntılarından tonqal yandırmağa hazırlaşmaları məni 24 il əvvələ – Kəlbəcərdə Novruz ənənələrinə qaytardı…

Ömrümün bahar çağını yaşadığım Kəlbəcərdə Novruza bayramına Novruzaqədərki çərşənbələrin lap birincisindən - su çərşənbəsindən hazırlaşardıq. Təbiətin nadir sərvətləri ilə zəngin rayonumuzda, lap dəqiq desəm, doğulduğum Başlıbel kəndində çərşənbələrin hər birində bütün həyətlərdə ardıc ağacından və gəvən kolundan (bildiyimə görə, yastığabənzər iynəyarpaqlı gəvən kolu yalnız Kiçik Qafqazın bəzi ərazilərində bitir – E.S.) tonqal qalanardı. Bunun üçün elə ilk çərşənbədən bir neçə gün əvvəl kəndin yaxınlığındakı meşədən ardıc gətirməyə gedərdik. Novruzaqədərki dörd həftə ərzində ən azı bir neçə dəfəyə gətirdiyimiz ardıclardan kimsəsizlərə, cavan oğlan uşaqları olmayan qonşu ailələrə də paylayardıq.

Novruz çərşənbələri üçün meşədən, kəndimizlə qabaq-qənşər güneydən ardıc gətirməyin özü də bir bayrama çevrilərdi. Dərsdən sonra həmyaşıd dostlarla kiçik komanda düzəldib yollanardıq “Aralığın boynu” deyilən qarlı-buzlu dağa. Yolboyu qarın altından baş qaldıran danaqırandan gül dəstəsi yığa-yığa bir də başımızı qaldırardıq ki, ardıc kollarının arasındayıq. Təxminən 2 saat ərzində balta ilə kəsdiyimiz ardıc və gəvən kollarını qarlı yamacdan üzüaşağı tullayıb, dərənin içərisində bir yerə toplayardıq. Sonra aramızda bölüşdürüb özümüzlə gətirdiyimiz kəndirlə hərə öz payına düşən ardıc və gəvənləri biri-birinə bağlayıb qarın, dərələrin içərisindəki buzlu cığırların üzərində sürüyə-sürüyə gətirib çıxarardıq kəndə. Bu, o vaxtlar idi ki, həmyaşıd yeniyetmələr İlaxır çərşənbəyə daha çox ardıc və gəvən kolu gətirmək üçün biri-biri ilə yarışırdı (bununla təbiətə nə qədər ziyan vurduğumuzu da böyüyəndən sonra anladım – E.S.). Axır çərşənbə axşamı ardıc tonqalının qaranlıqları yaran göyümsov alovun hansı hündürlüyə qalxa biləcəyi məhz bu bəhsə-bəhsdən asılı idi.

İlaxır çərşənbənin südlü aşını yeyəndən sonra gündəlik libasımızı dəyişib tay-tuşlarla birgə qapı pusub torba atmağın özü bir tamaşa idi. Kənddə qarşımıza çıxanlar tanımasın deyə, üst geyimlərimizi, hətta papağı da tərs üzünə çevirib geyinməyimiz, üz-gözümüzü kömürlə boyamağımız, keçi dərisindən özümüzə bığ-saqqal qoymağımız, top kimi yumrulayıb bağladığımız neftli parçanı alovlandırıb məftillə kəndin hündür yerlərində başımızın üzərində yelləməyimiz elə bil dünən olub.

Bizim Novruz ənənələrinin bir özəlliyi də İlaxır çərşənbə gecəsinin səhəri dan yeri sökülərkən, dan ulduzu batmamış çaydan keçmə mərasimi idi. Mənbəyini Dəlidağdan götürən Barutlu və Şırran çayları kəndimizin ortasında qovuşduqdan sonra, aşağı hissədə doğma Başlıbeli yenidən iki hissəyə ayırırdı. Bu, İlaxır çərşənbənin kənddə çaydan keçmə mərasimini bir az da zənginləşdirirdi. Səhər tezdən yenə də qonşularla birgə çayda əl-üzümüzü yuyar, çaydan keçəndən sonrada qıraqda tonqal yandırıb üzərindən tullanardıq. Qayıdanda üzü sırsıra bağlamış çayın suyundan evə də götürüb həyətdə növbəti tonqal yandırardıq. Bununla da Novruz çərşənbəsi başa çatmış sayılırdı.

İlaxır çərşənbədən sonra yazın gəlişini martın 21-də və 22-də qeyd edərdik. İlk çərşənbədən başlayan yumurta döyüşü isə məhz martın 22-də kulminasiya nöqtəsinə çatırdı. Həmin gün səhər tezdən yumurta boyayıb əvvəlcə qonşuların payını çatdırardıq. Xəstələrə baş çəkər, kimsəsizlərə müxtəlif şirniyyat, inək yağı, xəmirdən hazırlanaraq qovurulmuş əriştədən ibarət bayram sovqatı aparar, qonaq gedər, qonaq çağırardıq. Təzə gəlin köçənləri məhz bayram günü qonaq çağırmaq Başlıbeldə bir adət idi. Günortaya yaxın isə təxminən 800 evdən ibarət kəndimizin mərkəzində minlərlə adam toplaşırdı. Cavan və yeniyetmələr yumurta döyüşdürər, müxtəlif oyunlar (dirədöymə, kosa-kosa və sair), açıq havada səhnəciklər qurar, orta və yaşlı kişilər Savalan dayının (indi o da haqq dünyasına qovuşub) hasarının dibinə, adına “ortalıq” dediyimiz meydana toplaşıb özlərini günə verər, heyvandarlıqdan tutmuş siyasətə qədər müxtəlif mövzularda fikir mübadiləsi aparardılar…

…Bizdə bir adət də vardı: cavanlar İlaxır çərşənbə gecəsi yatmayıb kəndimizin ortasından keçən çayın qırağındakı söyüd ağaclarının altında oturub niyyət tutardılar. İnanca görə, səhər dan yeri sökülənə yaxın söyüd ağacının budağı əyilib çaya baş vurardısa, niyyət tutanın arzusu növbəti Novruzadək yerinə yetərdi.

Bu şirin Novruz adətləri bizlər üçün niskil dolu xatirələrdən başqa bir şey deyil. Bu nisgil və nigaranlıq doğma yurdlarımızın düşmən tapdağında olmasının, doğulub boya-başa çatdığımız, milli-mədəni dəyərləri və ənənələri ilə qidalandığımız torpağımıza gedə bilməməyimizin ağrısıdır. Düz 24 ildir sevinc, şadlıq, bayram duyğularından məhrumuq. Bu məhrumiyyəti nə az, nə çox - 1 milyondan artıq azərbaycanlı yaşayır. 24-25 ildir! Əsrin dörddəbiri qədər.

Düz 25 ildir bayram xonçaları bəzəməli olan analar üçrəngli bayrağımıza bükülmüş şəhid cənazələrini qarşılayır. Düz 25 ildir itirilmiş torpaqlarımızdan şəhid cənazəsi daşıyırıq. İndi əlimizdəki torpaqlarda da Novruz tonqalları çatılmayan, bayram xonçaları bəzdilməyən evlərin, ailələrin, kəndlərin sayı ildən-ilə artır. Bir ildə 5 şəhid verən kəndlərimiz var, axı...

Heç kəs məni ruh düşkünlüyü yaratmaqda günahlandırmasın, itirilmiş torpaqlarımıza yenidən qayıda biləcəyimizə inam sürətlə azalır. İndi nəinki Qarabağımızıı, işğal altındakı ətraf rayonları da azad etmək gücündə olmadığımızı hər kəs anlayır. Səbəb təkcə o deyil ki, torpağımızı işğal edən Ermənistanın havadarları çoxdur və güclüdürlər. Həm də ona görə ki, biz 24 il əvvəl olduğundan daha zəif, gücsüz və inamsızıq.

Biz indi işğal altındakı torpaqlarımızın azad edilməsi işində vacitəçilik edənlərin "Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz" şərti ilə razılaşmaq zorunda qaldığımız qədər zəif və gücsüzük...

Bir də ki, Kəlbəcər nə vaxtsa işğaldan azad olunsa belə, əvvəlki həyatı orada bərpa edə bilməyəcəyik. Ən böyük qorxu bu. Mərhum şairimiz, yurd həsrəti ilə dünyasını dəyişmiş Məmməd Aslan da belə demişdi:

Qayıtsa da Kəlbəcər,
Qayıtmaz o Kəlbəcər…
14.03.2017 23:21:37
Oxuma sayı: 1148