Rusiya və Türkiyə arasında növbəti problem - yenə Suriya məsələsi
Ölçü:


Şahin CƏFƏRLİ,
Politoloq

Suriyada Əsədin ordusu havadan Rusiyanın, yerdən İranın dəstəyi ilə İdlib vilayətində hücum əməliyyatları keçirir. İdlib Astana formatı çərçivəsində Rusiya, İran və Türkiyə arasında razılaşdırılmış 4 deeskalasiya zonasından biridir və burada gərginliyin azaldılması işlərinə Rusiya və İranla yanaşı, Türkiyə də məsuldur. Lakin qələbələrdən ruhlanan Əsəd İdlibi də öz nəzarəti altına almağa çalışır və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusuna bağlı qruplara zərbələr endirir, onları həmin ərazilərdən sıxışdırır - təbii ki, Rusiya və İranın bilavasitə iştirakı ilə...

Halbuki, razılığa əsasən orada hökumət qüvvələri ilə “mötədil” adlandırılan qruplar arasında döyüşlər, o cümlədən Rusiya aviasiyasının bombardmanları dayandırılmalı idi. Bundan başqa, Türkiyə İdlibdə 12 müşahidə məntəqəsi yaratmalı idi, lakin hələ ki cəmi 3 məntəqə yarada bilib və dördüncünü qurmağa çalışır.

Türkiyə haqlı olaraq Astana razılaşmalarının pozulmasına etirazını bildirdi. Lakin “eyyyy...” əvəzinə, normal bir dövlətin etməli olduğu şəkildə, Rusiya və İranın səfirlərini XİN-ə dəvət edərək... Moskva isə razılaşmaların Türkiyəyə yaxın qruplar tərəfindən pozulduğunu iddia edir, hətta özünün hərbi bazalarına 13 ədəd pilotsuz uçuş aparatı vasitəsilə təşkil olunan hücumun həmin qrupların nəzarətindəki ərazilərdən həyata keçirildiyini bildirir. Bununla əlaqədar Rusiya Müdafiə Nazirliyi Türkiyə ordusunun Baş Qərargah rəisinə və MİT rəhbərinə məktub göndərib.

"Qərb cəbhəsi"ndə də dəyişiklik yoxdur. ABŞ-ın Türkiyənin terror təşkilatı saydığı PYD-YPG-yə aktiv dəstəyi davam edir, Fransa isə YPG-nin qurduğu və İŞİD üzvü olan Fransa vətəndaşlarının da mühakimə olunacağı məhkəmələrin qərarlarını tanıyacağını bildirib.
10.01.2018 18:26:00
Oxuma sayı: 141