Ayda 200 manat maaş alır, 79 milyon manat vergi borcu var
Ölçü:


Quba rayonundakı Babayevlər ailəsi Azərbaycanın tarixində ən böyük vergi ödəyicilərindən ola bilər, əgər adlarına olan nəhəng vergi borcunu ödəsələr. Elxan və Nail Babayev qardaşlarının nə az, nə çox, düz 81 milyon manat vergi borcu var. Amma maraqlıdır ki, onlar bu borcun necə yarandığından xəbərsiz olublar.

Adında 79 milyon manat vergi borcu olan 1985-ci il təvəllüdlü Elxan Babayev ayda 200 manata gözətçi işləyir. Qardaşı Nail isə ümumiyyətlə işsizdir. E.Babayev FED.az-a bildirir ki, indi oliqarxlar qədər vergi borcu olan ailə borcunu ödəməkdən çox, bu məbləğdə vergi borcunun necə yarandığını araşdırmaqla məşğuldurlar.

Babayevlər ailəsi Qubanın Nüqədi kəndində yaşayırlar. Elxan Babayev belə böyük vergi borcunun olduğunu 2 il əvvəl bilib: «2017-ci ilin martın 21-də məni Nüqədi bələdiyyəsinə çağırıb dedilər ki, borcun var, səni axtarırlar, ödəmək lazımdır. Vergilər idarəsinə yaxınlaşdım, dedilər sizin 79 milyon manat borcunuz var. Ona qədər mənim heç nədən xəbərim yox idi».

İndiyədək heç bir bizneslə məşğul olmayan Elxan Babayevin hesabında bir qəpik də pul yoxdur, daha  dəqiqi ümumiyyətlə bank hesabı yoxdur. Bu borcun da necə yaranmasını təsəvvür edə bilmir: «Mən heç vaxt bizneslə məşğul olmamaışam. Heç kreditim də olmayıb. Bu borcun necə yarandığını da bilmirəm».

Artıq dəqiqdir ki, Elxan Babayevin və qardaşının sənədlərindən istifadə edərək şirkətlər yaradıblar və biznes quraraq vergidən yayınıblar. Qadaşlar 4-5 il bundan əvvəl bir müddət Bakıda və Sumqayıtda tikintidə işləyiblər. Rayona qayıtmazdan iki il əvvəl Şıxov ərazisində gündəlik 20 manat müqabilində muzdlu fəhlə işləyərkən şirkətin rəhbəri bir neçə fəhlənin şəxsiyyət vəsiqəsini tələb edib. O zaman vəsiqələrin sənədləşmə işi üçün lazım olduğunu bildiriblər: «Çox güman ki, sənədlərimin surətini çıxarıb istifadə ediblər».

Məsələni araşdıranda məlum olub ki, Elxan Babayev milyonlarla dövriyyəsi olan 5 müxtəlif şirkətin təsisçisidir. Həmin şirkətlər böyük tenderləri qazanaraq ölkədə milyonlarla manatlıq işlər görüb. Həmin dövrdə isə Elxan özü ayda 200 manat maaşla mühafizəçi işləyib.

Onun şəxsiyyət vəsiqəsi ilə 5 şirkət təsis edən şəxs və yaxud şəxslərin kimliyi isə hələ də ona məlum deyil: «5  şirkətin rəhbəri kimi gedir adım. Yalnız birinin adını dedilər  - «Kapella» MMC-dir. Bizə dedilər ki, bu şirkətlər ASAN pəncərə vasitəsi ilə, Şəmkirdə açılıb».

Bir qədər sonra Elxanın qardaşı Nail Babayev də vergiyə çağrılıb və məlum olub ki, onun da böyük vergi borcu var: «Sonra qardaşıma zəng gəldi. Dedilər sizin vergiyə borcunuz var. Onda azdır, «cəmi» 2 milyon manat». Beləliklə Babayevlər ailəsi hazırda dövlətə 81 milyon manat borcludur.

Elxan Babayev məsələnin araşdırılması üçün ölkə rəhbərliyindən tütmuş Vergilər Nazirliyi, DİN, DTX kimi qurumlara müraciət edib, hələlik nəticəsi yoxdur: «Bütün aidiyyatı orqanlara yazılı sürətd müraciət ertmişəm. Bu yaxınlarda Vegilər Nazirinin qəbulunda olmalıyam. Vergilər Nazilriyindən gələn məktubda qeyd olunur ki, məsələ aradşrılır. Üstündən 3 il keçib bu məsələ ilə bağlı heç bir xəbər yoxdur. Nə kimsə tutulmayıb, nə də bir xəbər var».

Məsələnin əslində ona aid olmadığı aydınlaşsa da, Quba rayon məhkəməsinin qəraraına görə, Elxanın və qardaşının ölkədən çıxmasına qadağa qoyulub. E.Babayev bu qərarı gülüşlə qarşılayır: «onsuz da kasıb adamam hara çıxacam ki, amma bu məsələ araşdırılmalıdır ki, kim edib».  

Elxan və qardaşı – 1981-ci il təvəllüdlü Natiq Babayev 2 ay əvvəl Vergilər naziri Mikayıl Cabbarovun qəbuluna yazılsalar da görüşə bilməyiblər. Sentyabrın sonunda da qəbula düşmək mümkün olmayıb: «Vergilərdən dedilər ki, heç olmasa, az-az da olsa, ödəməyə başla. Bu qədər borcu.200 manat əmək haqqı ilə necə ödəyim?».
30.09.2019 18:11:00
Oxuma sayı: 36