Azərbaycanın bank sektorunda 153 milyon dollarlıq Avropa kapitalı var
Ölçü:


Avropanın Azərbaycanın bank sektorunda təxminən 153 mln. ABŞ dolları həcmində kapitalı mövcuddur.

Koordinat.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda çıxış edən Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədr vəzifəsini icra edən İbrahim Alışov deyib. Onun sözlərinə görə, təxminən 30 mlrd. dollarlıq aktivi olan bank sektoru üçün bu, heç də pis göstərici deyil.

“Biz bank sektorunda 1,9 mlrd. manatlıq kapital inyeksiyasına nail olmuşuq. Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin təxminən 1 mlrd. manatı xarici kapitallı bankların payına düşür. Ölkə üzrə 30 bankın 14-də xarici kapital mövcuddur. Ümumilikdə, ölkədə Avropa kapitallı 3 bank və 5 bank olmayan kredit təşkilatı var. Xarici kapitallı banklar tərəfindən inyeksiya edilən 1 mlrd. manatlıq vəsaitin 800 mln. manatı sırf xarici kapitaldır. Bu, ümumilikdə inyeksiya olunan “fresh” kapitalının təxminən 44%-ni əhatə edir. Ümumiyyətlə, Azərbaycanın bank aktivlərində bu gün xarici kapitallı bankların aktivləri təxminən 19%-ni təşkil edir”, – deyə İ. Alışov bildirib.

27.09.2019 12:58:00
Oxuma sayı: 79