Neft Fondunun idarəetmədən gəlirləri 6,2 milyard dollara çatıb
Ölçü:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradıldığı gündən bu günədək idarəetmədən gəlirləri 6,2 milyard dollar təşkil edib.

Koordinat.az xəbər verir ki, bunu Bakıda ARDNF-in təşkilatçılığı ilə keçirilən investisiyalara həsr edilmiş “Təsirli investisiyalar: institusional investorlar üçün imkanlar və çağırışlar” konfransı çərçivəsində Fondun icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə bildirib. O qeyd edib ki, ARDNF-in aktivlərinin həcmi təxminən 42,5 milyard dollara yaxınlaşır.

“Dövlət Neft Fondu çox konservativ investisiya siyasəti həyata keçirir. Buna baxmayaraq, 2012-ci ildən başlayaraq Fond müxtəlif yeni aktiv növlərini tətbiq etməyə başladı, səhmlərin artırılması, daşınmaz əmlak və qızıla investisiyalar həyata keçirildi. Biz gələcəkdə də riskli aktivlərin daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Burada sabit gəlirli qiymətli kağızların azaldılması və səhmlərin portfeldə artırılmasından söhbət gedir. Bu istiqamətdə daim düşünürük və bu barədə müvafiq təkliflər veriləcək”,- Ş.Mövsümov əlavə edib.

Fondun icraçı direktoru bu gün keçirilən tədbir barədə də məlumat verərək bildirib ki, ARDNF-in yaradılmasının 20 illiyi münasibətilə keçirilən bu tədbir böyük töhfədir. O qeyd edib ki, konfransda investisiyaların inkişafa müsbət təsirindən söhbət açılacaq və konfrans bu sahənin inkişafında böyük rol oynayacaq.
26.09.2019 11:59:00
Oxuma sayı: 69