Azərbaycanda dövlət uşaqlara görə nə qədər pul verir? - TAM SİYAHI
Ölçü:


Son günlər Azərbaycanda "uşaqpulu" müavinətlərinin bərpası ən aktual mövzulardan biridir.

Koordinat.az xəbər verir ki, 2006-cı ildən etibarən Azərbaycanda müəyyən yaş həddinə kimi uşaqlara verilən aylıq sosial müavinət - "uşaqpulu" ləğv olunub. Bununla belə, hazırda Azərbaycanda uşaqlarla bağlı olan müxtəlif təyinatlı müavinətlər hələ də verilməkdədir. Bunlar aşağıdakılardır:

- Uşağın anadan olmasına görə birdəfəlik müavinət
2019-cu ilin aprelin 1-dən uşağın anadan olmasına görə müavinət  200 manat məbləğində müəyyənləşdirilib.

- 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət

Ünvanlı sosial yardım alan ailələrdə bir yaşadək uşağı olduğu halda uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq 55 manat müavinət  təyin edilir.  

- 3 yaşınadək uşağa qulluğa görə müavinət

Uşağa bilavasitə qulluq edən işləyən valideynə verilən müavinətin məbləği bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə - 28 manat məbləğində müəyyənləşdirlib.

- Beşdən çox uşağı olan qadınlara müavinət

Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı (yəni altıncı uşağı) bir yaşına çatdıqda müavinət təyin edilir. Hər uşağa görə müavinət 2019-ci ilin aprelin 1-dən 55 manat məbləğində müəyyənləşdirilib

- Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət
Müavinət 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. 2019-cu il aprelin 1-dən müavinət 150 manat məbləğində müəyyənləşdirilib.

- Ailə başçısını itirməyə görə müavinət
vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);
vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına - əlillik müddətinə;
vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək.
2019-cu il aprelin 1-dən müavinət 80 manat məbləğində müəyyənləşdirilib.

- Şəhidin 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış uşaqlarına aylıq müavinət -  21 manat.

- Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış uşaqlarına aylıq müavinət
Müavinət 100 manat.

- Müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) çatmamış uşaqlarına aylıq müavinət
Müavinət 15 manat.

- Müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına
Müavinət 15 manat.

- Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət. Bu müavinət 2019-cu il aprelin 1-dən 100 manat məbləğində müəyyənləşdirilib.

- Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət
Müavinətin məbləği 5 manat təşkil edir.

- Hamiləlik və doğuma görə müavinət

Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü  (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Bu məzuniyyət günlərində (4 ay) ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq olmamaq şərtilə müavinət verilir.
 
 

24.09.2019 21:49:00
Oxuma sayı: 244