Ağrıkəsicilər ölümə səbəb ola bilər - Xəbərdarlıq
Ölçü:


Gündəlik həyatımızda bir çox ağrılarla (baş, diş, qulaq və s.) qarşılaşırıq. Onların qarşısını almaq üçün tez-tez ağrıkəsici vasitələrə müraciət edirik. Bu dərmanların əksəriyyəti apteklərdə reseptsiz, yaxud həkim qeydi olmadan satılır.

Maraqlıdır, bəs bu dərmanların mənfi təsiri ola bilərmi?

Koordinat.az -a açıqlama verən Kliniki Tibbi Mərkəzin cərrahı Rövşən İbrahimov bildirib ki, ağrıkəsiciləri özbaşına istifadə etmək düzgün deyil:
“Bu dərmanları həkimin məsləhəti olmadan istifadə etmək məsləhət deyil. Mədə-bağırsaq və digər xroniki xəstəliklərdən əziyyət çəkən insanların bu dərmanlardan nəzarətsiz istifadəsi ciddi fəsadlara gətirib çıxara bilər. Bundan başqa, bəzi ağrıkəsici vasitələr zaman keçdikcə özünə alışqanlıq yaradır. Ona görə də əgər ağrılar tez-tez baş verirsə, həkimə müraciət etməyiniz məsləhətdir”.
Həkimin sözlərinə görə, ağrıkəsici dərmanların qəbulu ürək xəstəlikləri riskini də artıra bilər: “Bəzi ağrıkəsicilərdə ürək xəstələrində infarkta, eləcə də ölümə səbəb olma riski daha da yüksəkdir”.

R.İbrahimov qeyd edib ki, hamilə qadınların dölün 3 ayına kimi ağrıkəsicilərdən istifadə etməsi məsləhət deyil. Həkim sonda onu da bildirib ki, qarında ağrılar yarananda həkim məsləhəti olmadan ağrıkəsici dərmanların qəbul edilməsi qəti yolverilməzdir:
“Qarında baş verən ağrılar müxtəlif səbəblərdən ola bilər və vaxtında müracit edilmədiyi təqdirdə bu, insanın nəinki sağlamlığına, hətta ölümünə də səbəb ola bilər”.
24.09.2019 19:40:00
Oxuma sayı: 110