Cəlilabadda gənc müəllimlər sıxışdırılır - Prezidentə müraciət
Ölçü:


Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin bir qrup müəllimi - Bakı şəhər sakini Elçin Abbasov, onun həyat yoldaşı, Biləsuvar rayon sakini Ülkər Abbasova, Cəlilabad rayonunun Günəşli kənd sakini Azad Dadaşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Koordinat.az xəbər verir ki, Modern.az vasitəsilə yayılan müraciətə imza atmış hər üç müəllim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləridir. Son illərdə təhsil sahəsində neqativ halların əhəmiyyətli dərəcədə azaldığını qeyd edən müəllimlər təəssüflə bəzi vəzifəli şəxslərin bu işə kölgə saldığını vurğulayıblar.

“Cəban Prezident, bəzi vəzifəli şəxslər Sizin gənclər sahəsində həyata keçirdiyiniz siyasətə kölgə salmaq üçün az qala əllərindən gələni edirlər. Belə şəxslər sırasında çalışdığımız Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin rəhbərliyi, məktəbin direktoru səlahiyyətlərini icra edən Lətif Seyfullayev və onun müavini səlahiyyətlərini icra edən Həsənağa Əliyevdir”,- deyə şikayətçi müəllimlər bildiriblər.

Bu müraciətə imza atanlardan Bakı şəhər sakini Elçin Abbasovun sözlərinə görə, “Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” Nazirlər Kabinetinin 2004-cü il 22 iyun tarixli 85 nömrəli qərarına əsasən, respublikanın ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr çatışmazlığı probleminin həlli məqsədi ilə təsdiqlənmiş “2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı”na uyğun 2006-cı ildən bu məktəbdə çalışır. Onun həyat yoldaşı, Biləsuvar rayon sakini Ülkər Abbasova da ADPU-nu bitirib və təyinatla 2006-cı ildən həmin məktəbdə işləyir. Hər iki müəllim indiyədək qüsursuz fəaliyyət göstərdiyini, müəllimlərin diqnostik qiymətləndirməsində məktəb üzrə ən yüksək bal topladıqlarını (E.Abbasov ixtisasdan 40, kurikulumdan 16 - toplam 56, həyat yoldaşı isə ixtisasdan 38, kurikulumdan 16 bal - toplam 54) qeyd ediblər.

Buna baxmayaraq, məktəb rəhbərliyinin onların göstəricilərini nəzərə almadığını və dərs bölgüsünü düzgün aparmadığını bildirirlər.

E.Abbasov və Ü.Abbasova dəfələrlə dərs saatının az olmasının səbəbini öyrənməyə, gənc müəllim ailəsi olaraq üzləşdikləri bu ayrı-seçkiliyin nədən qaynaqlandığını aydınlaşdırmağa çalışıblar. Məktəbin direktoru səlahiyyətlərini icra edən Lətif Seyfullayev hər dəfə bəhanə kimi eyni ailədən iki nəfərin bir müəssisədə çalışdığını, bu müəllimlərin Alar kəndinin sakinləri olmadığını göstərib və 2 saylı Alar kənd orta məktəbindəki işlərindən çıxaraq, qeydiyyatda olduqları yerlərdə işləməyi məsləhət görüb. Növbəti dəfə şifahi şəkildə dərs saatı ilə bağlı müraciətə cavab olaraq məktəb rəhbərliyi E.Abbasov və Ü.Abbasovanın dərs saatlarının yerini onlara mənfi təsir edəcək formada dəyişdirib, bununla da onların qonşu Günəşli kəndində yaşadığını bilə-bilə gənc ailəyə əlavə problem yaradıb.


E.Abbasovun sözlərinə görə, dərs saatları ilə bağlı edilən şikayətdən sonra isə direktor səlahiyyətlərini icra edən Lətif Seyfullayev nəinki tədbir görüb, əksinə, 2017-ci il noyabrın 22-də məktəbin Pedaqoji Şurasının iclasını çağırıb, həmin iclasda onun üzərinə hücum edib, müəllimə, ziyalıya, azərbaycanlıya yaraşmayan ağır sözlərlə söyüb.


Məsələylə bağlı Təhsil Nazirliyinə edilən şikayətlərə Cəlilabad rayon Təhsil Şöbəsində (TŞ) baxılıb, şöbə müdiri Elminaz Nadirova E.Abbasov və Ü.Abbasovanı dinləyib və L.Seyfullayevə problemin həlli üçün konkret göstərişlər verib. Buna baxmayaraq, məktəb rəhbərliyi etdiyi təhqirlərə görə E.Abbasovdan üzr istəməyib.

“Son ümid yeri kimi Sizə etdiyimiz bu müraciəti imzalayanlardan digər biri – Azad Dadaşovu isə məktəb rəhbərliyi illərdir sıxışdırır. Xasiyyətcə kobud, aqressiv olan hazırkı direktor L.Seyfullayev məktəbin Pedaqoji Şurasının iclaslarında dəfələrlə Azad Dadaşovu təhqir edib. Səbəb isə Azad Dadaşovun Alar kəndindən deyil, qonşu Günəşli kəndindən olması və  məktəb rəhbərliyinin ona qarşı qanunsuz hərəkətlərindən dövlət orqanlarına etdiyi şikayətlərdir”,- deyə Prezidentə ünvanlanan müraciətdə vurğulanır.


O da bildirilir ki, 2015-ci ilin yanvar ayında, həmin vaxt direktor vəzifəsini tutan Həsənağa Əliyev məktəbin gənc müəllimi Azad Dadaşovu qeyri-qanuni işdən azad edib. Lakin Cəlilabad Rayon Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi A.Dadaşovun iddiasını təmin edərək onu işə bərpa edib.

“Lətif Seyfullayev və Həsənağa Əliyev hazırda olduqları postları qeyri-qanuni tuturlar.

Belə ki, Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən uzadıla bilər. Lakin heç bir dövlət mükafatı, fəxri adı olmayan Həsənağa Əliyev 65 yaşda direktorluqdan çıxarılsa da, sonradan vəzifəsinə qayıdıb. Hazırda isə direktor müavini vəzifəsini icra edir. Həsənağa Əliyevin 65 yaşı 2014-cü yanvar ayında tamam olsa da, o, direktor vəzifəsini qeyri-qanuni icra edib və həmin ilin oktyabr ayında pedaqoji təhsili və pedaqoji stajı olmayan Lətif Seyfullayevi müvəqqəti müqavilə ilə müəllim, bir ay sonra isə direktorun tərbiyə işləri üzrə müavini vəzifəsinə təyin edib (Halbuki Təhsil Nazirlyinin 2011-ci ildə imzalanmış müvafiq əmrinə əsasən, müəllimlər mərkəzləşdirilmiş imtahanda iştirak etdikdən sonra işə götürülürlər).

Həsənağa Əliyevin özünə gəlincə, o, 2010-cu ildən indiyədək direktor vəzifəsindən 4 dəfə azad olunub (bunun 3 dəfəsi nöqsanlarla, biri isə yaş məhdudiyyəti ilə bağlı olub). Özü direktor olmadığı vaxtlarda isə bir müddət onun vəzifəsini qohumları tutub.

Müraciətdə daha sonra deyilir:

“Ötən illərdə Cəlilabad rayonu, 2 saylı Alar kənd orta məktəbinin rəhbərliyinin haqsız tələblərini yerinə yetirmədiyinə görə sıxışdırılan, rəhbərliyin kobud davranışına, təhqiramiz hərəkət və sözlərinə dözməyən, şantaj edilən, üzləşdiyi haqsızlıq qarşısında səsini çıxaracağı təqdirdə daha ciddi məhrumiyyətlərlə qarşılaşacağını bilən bir neçə müəllim çıxış yolunu məktəbi tərk etməkdə görüblər. Həmin müəllimlərin adları bizə məlumdur. Ancaq bu və ya digər formada yenidən təzyiqlərlə üzləşməmələri üçün onların adlarını bu müraciətdə yazmırıq. Əgər məktəbin arxiv sənədləri qaldırılsa, onların adları asanlıqla məlum olar. Məktəb rəhbərliyi indi də daha bir gənc müəllim ailəsinin – Elçin Abbasov və Ülkər Abbasovanın işdən bu və ya digər formada uzaqlaşdırılmasına nail olmağa çalışır. Onları hər an məktəb rəhbərliyinin təxribatı gözləyir”.

Cənab Prezident!

Biz bu müraciəti hazırlayarkən digər həmkarlarmıza müraciətə imza atmağı təklif etmədik. Amma digər müəllimlərin əksəriyyətinin də bu müraciəti dəstəkləyəcəyinə şübhəmiz yoxdur. Sadəcə, onlar məktəb rəhbərliyinin qorxusundan müraciətə imza atmaya, yaxud imzalasa da belə, sonradan məktəb rəhbərliyinin şantajları nəticəsində şikayətlərindən geri çəkilə bilərdilər”.


Müraciət müəllifləri ölkə başçısından şikayətlərin, habelə 2 saylı Alar kənd orta məktəbindəki qanunsuzluqların araşdırılmasına və məktəb rəhbərliyinin müvafiq qaydada cəzalandırılmasına, haqsızlığın aradan qaldırılmasına göstəriş verməyi xahiş ediblər.

Müraciətə Təhsil Nazirliyindən Azad Dadaşova göndərilən iki məktubun fotosu əlavə olunub. Məktubda Həsənağa Əliyevin nöqsanlara görə işdən çıxarıldığı bildirilib.

Qeyd: Modern.az məsələyə dair qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacaq.

10.01.2018 11:42:56
Oxuma sayı: 973