Aytəkin Alxaslı Elçin Quliyevdən yazdı
Ölçü:

Bu gün 100 illik tarixi olan Azərbaycan Dövlət Sərhədinin 27 ildir qoruyucusu olan Elçin Quliyevin doğum günüdür.  52 yaşı tamam olur.

Hazırda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevi düz 27 ildir, 1992-ci ilin iyun aylarından tanıyıram. O zaman mən "Qusar" qəzetinin əməkdaşı idim. Elçin Quliyev  həmin vaxt - 1992-ci il iyun ayının 16-da Qusarın Rusiya-Azərbaycan sərhədində -Samur çayı üzərində müstəqil Azərbaycanın ilk sərhəd məntəqəsinin -Yalama əlahiddə sərhəd  buraxılış məntəqəsinin rəisi kimi xidmətə başlamışdı. Çox çətin bir dövr idi o zaman. Qaragüruhçu qüvvələrin baş qaldırdığı, yenicə müstəqilliyinə  qovuşmuş dövlətimizin suverenliyinə və təhlükəsizliyinə real təhlükə olduğu bir dövrdə, ölkə xaricindən və daxildən körüklənən separatizm meyllərinin gücləndiyi bir vaxtda  baş leytenant Elçin Quliyev Azərbaycanın Rusiya ilə sərhədinin mühafizəsinə başlayıb. Ovaxtki prezident, rəhmətlik Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılan Yalama əlahiddə sərhəd buraxılış məntəqəsi baş leytenant Quliyevin rəhbərliyi altında çətin şəraitdə xidməti iş aparmağa başlayıb. O zaman dəmir vaqonlarlarda yerləşən məntəqənin cəmi 14 nəfər əməkdaşı var idi. Bu il iyunun 16-da yaranmasından 27 il ötən Yalama əlahiddə sərhəd buraxılış məntəqəsi 1995-ci ildə Xudat sərhəd dəstəsi adlandırılıb. 1995-ci ildən - 2001-ci ilədək Xudat sərhəd dəstəsinin rəisi vəzifəsində çalışan Elçin Quliyev 2001-ci ildə mərhum prezident, Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycanın Sərhəd Qoşunlarına rəhbər təyin olunub. Bu yazımda Elçin Quliyevin tərcümeyi-halından geniş danışmayacağam, buna ehtiyac da yoxdu.

Sadəcə bir faktı demək istəyirəm ki, Azərbaycanda Sərhəd Mühafizəsi İnstitutunun yaranmasında, bu gün belə  müasir hərbi infrastruktur kimi təşəkkül tapmasında Ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin birbaşa diqqət və qayğıları sayəsində, rəhbərlikləri altında  Elçin Quliyevin  müstəsna xidmətləri var. 27 ildir bu sahədən yazan jurnalist kimi bunu əminliklə deyirəm.

Onu da əminliklə deyirəm ki, unudulmaz Heydər Əliyevin və Ali Baş Komandan  İlham Əliyevin Azərbaycanın Dövlət Sərhədlərinin maddi-texniki bazasının gücləndirilməsində, inkişafında misilsiz xidmətləri  var. Bu gün bu diqqət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi Azərbaycanın Rusiya, İran, Gürcüstanla sərhədlərində, hava və su sərhədlərində maddi-texniki baza müasir  texniki  avadanlıqla təçhiz olunaraq çox sürətlə  inkişaf edib. Bunu sərhəd keçid məntəqələrində son 25 ildə tikilən yeni, müasir buraxılış məntəqələri, sərhəd zastavaları, komendaturalar bir daha sübut edir. Bu günlərdə 18 avqust günü ilə əlaqədar Qusarın Rusiya-Azərbaycan sərhədində yerləşən Yuxarı Tahircal kəndindəki sərhəd zastavasına getmişdim. Adam ucqar bir dağ kəndində belə müasir, yüksək xidmət üçün hər cür şəraiti olan zastavanın inşa edilməsinə sözün həqiqi mənasında qürur duyur. Dövlət rəhbərliyinə, DSX rəhbərliyinə bir daha təşəkkür etdim həmin binaya baxandan, tanış olandan sonra.

Bu gün  cənab general -polkovnik Elçin Quliyevin doğum günündə ürəkdən  gələn sözlərimi qələmə almağı qərara aldım. Adətən həm televiziyada, həm saytda işlədiyim dövrdə  sərhəd məntəqələrinə və zastavalarına yazı, reportaj  hazırlamaq üçün  həmişə rəsmi icazə ilə daxil olmuşam. Bu dəfə isə icazəsiz hazırladım bu yazını...Bir sıravi Azərbaycan vətəndaşı, həm də uzun illərdir sərhəddən yazan bir mətbuat nümayəndəsi kimi  DSX rəisi, cənab general -polkovnik Elçin Quliyevi doğum günü münasibətilə təbrik etməyi özümə borc bildim.Təbrik edirəm, cənab general-polkovnik. Dövlət sərhədlərimizin mühafizəsində Sizə çoxluca uğurlar və möhkəm sağlamlıq arzu edirəm.

 Aytəkin Alxaslı

22.09.2019 17:39:00
Oxuma sayı: 41299