Ermənistanın müdafiə naziri: "Şahbaz Quliyevlə Dilqəm Əsgərovun qaytarılması məsələsinə baxılır"
Ölçü:


Ermənistan azərbaycanlı girovların qaytarılması məsələsinin müzakirə edildiyini deyir.

Koordinat.az
xəbər verir ki, Ermənistanın müdafiə naziri David Tonoyan Xankəndində girovluqda olan Azərbaycan vətəndaşları Dilqəm Əsgərovla Şahbaz Quliyevin Azərbaycanda saxlanan iki Ermənistan vətəndaşı ilə dəyişdirilməsinin mümkünlüyünü istisna etməyib. O bunu sentyabrın 20-da Yerevanda keçirdiyi brifinqdə deyib: ​«Dünən Qırmızı Xaç təşkilatı bizə Azərbaycanın rəsmi təklifini təqdim edib. Bəzi məsələlər müzakirə olunmalı və bundan sonra cavab verilməlidir. Biz prinsipcə Ermənistan vətəndaşlarının evə dönməsinə qarşı deyilik. Mən bunu sırf bir humanitar aksiya kimi qiymətləndirir və bu vəziyyətə mübadilə mövqeyindən yanaşıram».

Tonoyan sonda jurnalistlərdən birinin sualını cavablandırarkən deyib ki, belə bir mübadiləni istisna etmir, amma bu barədə qərar vermək Qarabağdakı erməni rejiminin suveren hüququdur.

Qeyd edək ki, Azərbaycan əvvəl də Ermənistana girovların «hamının hamıya» prinsipi ilə dəyişdirilməsini təklif edirdi. Amma Ermənistanın baş naziri Nikol Paşinyan Ş.Quliyev və D.Əsgərovu qətldə ittiham edərək onların Azərbaycana verilməsinin real olmadığını bildirmişdi.

Erməni əsirlərə gəldikdə isə, söhbət 34-yaşlı Karen Kazaryan və 19-yaşlı hərbi qulluqçu Araik Kazaryandan gedir.

K.Kazaryan ötən ilin yayında Ermənistanın Tavuş bölgəsi istiqamətində Azərbaycan tərəfə keçib. Azərbaycan məhkəməsi onu təxribat cəhdində təqsirli bilərək 20 il azadlıqdan məhrum edib. A.Kazaryansa Azərbaycan tərəfə ötən ay keçib. Azərbaycan tərəfinin məlumatına görə, o, pis rəftara görə xidmət etdiyi hərbi hissəni tərk edib. Erməni tərəfi isə onun azdığını iddia edir.

Ş.Quliyev ilə D.Əsgərov 2014-cü ildə Azərbaycanın işğal altında olan Kəlbəcər rayonu ərazisində əsir düşüblər. Onlar Kəlbəcərə yaxınlarının məzarlarını yad etmək üçün getdiklərini bildirirlər. Erməni tərəfi isə onları qətl və digər ağır cinayətlər törətməkdə ittiham edir.

Xankəndində erməni rejimi D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il azadlıqdan məhrum edib. (azadliq.org)

20.09.2019 15:28:00
Oxuma sayı: 220