70,9 min nəfər işsiz kimi rəsmi qeydiyyatdadır
Ölçü:


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz vətəndaşların sayının artması ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Koordinat.az-a verilən məlumata görə, 1 sentyabr 2019-cu il tarixə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən işsiz şəxs kimi qeydiyyata alınanların sayı 70,9 min nəfər olub. “2018-ci ilin analoji dövründə isə bu göstərici 35,4 min nəfər təşkil edib. Onu da xüsusi vurğulayaq ki, məşğulluq xidməti orqanlarında qeydiyyatda olan 70,9 min nəfər işsiz şəxs Dövlət Statistika Komitəsi tərəfindən dərc olunan rəsmi 253 min nəfər işsizin tərkib hissəsidir.

Nazirlik bildirir ki, artımın səbəbi işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin daha operativ və keyfiyyətli şəkildə təmin edilməsinə yönəlmiş dövlət siyasətinə uyğun olaraq, yeni “Məşğulluq haqqında” Qanunun qəbul edilməsi ilə işsiz statusunun verilməsi prosesinin sadələşdirilməsi və müddətinin azaldılması, habelə elektronlaşdırılması ilə bağlıdır. Yeni “Məşğulluq haqqında” Qanuna əsasən, MAS-da işaxtaran kimi qeydiyyata alınmış şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və “DOST” mərkəzləri tərəfindən 5 (beş) iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə təqdim edilmiş göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur.

Qeyd olunan prosedur dövlət məşğulluq tədbirlərinin operativ və sistemli şəkildə həyata keçirilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin bilavasitə gücləndirilməsini təmin edir. Bildirilir ki, 2019-cu ilin 8 ayı ərzində dövlət məşğulluq xidməti orqanları tərəfindən işlə təmin olunanların sayı 60 min 475 nəfər təşkil edib, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,6% çoxdur. “DOST İŞ” Mərkəzi tərəfindən 38 min, dövlətə məxsus hüquqi şəxslər tərəfindən 26 min ictimai iş yerləri yaradılıb. 2019-cu ildə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub. İşsiz və işaxtaran şəxslərin sosial müdafiəsi məqsədi ilə digər aktiv məşğulluq tədbirləri də davam etdirilir.

 

19.09.2019 17:49:00
Oxuma sayı: 158