Dilqəmlə Şahbaz dəyişdirilməsi məsələsi Yerevanda da müzakirə olunur
Ölçü:

İşğalçı Ermənistan hökuməti də Şuşada girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsi məsələsini müzakirə etməyə başlayıb.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. İşğalçı ölkənin baş nazirinin mətbuat katibi Vladimir Karapetyan  deyib ki, rəsmi Yerevan bu məsələdən xəbərdardır və hazırda hər iki girovun dəyişdirilməsi müzakirə olunur

Mətbuat katibi rəsmi Bakının Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim tərəfindən qanunsuz olaraq məhkum olunmuş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə  Azərbaycanda qanuni şəkildə saxlanılan iki Ermənistan vətəndaşının mübadiləsi təklifindən danışıb: "Məsələnin həssaslığını nəzərə alara bir həll yoluna yaxın olduğumuz zaman  açıqlama verəcəyik".

Xatırladaq ki, Azərbaycanın Əsir və İtkin düşmüş, Girov götürülmüş Vətəndaşlarla iş üzrə Dövlət Komissiyası 11 sentyabr 2019-cu ildə beynəlxalq təşkilatlara Karen Kazaryan və Araik Kazaryanın Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsinə dair müraciət göndərdiyini bildirib.

Karen Kazaryan Azərbaycanda diversiya törətmək cəhdinə görə həbsdədir, Araik Kazaryan isə hərbi qulluqçu olub, zabitlər tərəfindən amansız rəftara məruz qaldığı üçün təmas xəttini keçərək Azərbaycan tərəfinə sığınıb.

Ermənistan tərəfi uzun müddətdir ki, Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovların dəyişdirilməsinə dair bütün təklifləri rədd edirdi.

19.09.2019 17:17:00
Oxuma sayı: 218