Cəlilabadlı gənc “İlin gənc müəllimi-2019” müsabiqəsinin qalibi olub - FOTO
Ölçü:


Yeni tədris ili ərəfəsində “İlin gənc müəllimi-2019” müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Müsabiqədə 152 min 952 səs çoxluğu ilə Cəlilabad rayonu, Alar kənd 2 saylı tam orta məktəbin fizika müəllimi Elçin Abbasov “İlin gənc müəllimi” elan edilib. Əməkdaşımız ilin gənc müəllimi ilə görüşərək, onun sevincinə şərik olub.

Koordinat.az
  "Azərtac"a istinadən xəbər verir ki, ötən ilin may ayından Təhsil Nazirliyinin “STEM Azərbaycanda” layihəsinə qatılan gənc müəllim artıq tədris prosesini də yeni üsullarla - qurma, düzəltmə, mühəndislik bacarıqları üzərində tətbiq etməklə şagirdlərin bilik və bacarıq vərdişlərinin formalaşmasına nail olub. Onlarla beynəlxalq əhəmiyyətli layihənin iştirakçısı olan Elçin müəllimin hazırladığı yeni dərs planlarında şagirdləri öz bacarıqlarını məharətlə nümayiş etdirə bilirlər. Motivasiya dolu dərs proseslərinin videosunun sosial şəbəkələrdə paylaşılması isə böyük marağa səbəb olub.

Milli Məclisin gənclər və idman komitəsinin təşəbbüsü, AzEdu.az təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi-2019” müsabiqəsində I yerə layiq görülməsi Elçin müəllimin böyük sevincinə səbəb olub: “Bu müsabiqə haqqında məlumatla ilk dəfə facebookda tanış oldum. Artıq iki ildir keçirilir. Marağımı çəkdi və işlərimi müsabiqəyə göndərməyi qərara aldım. Müəllimliklə bağlı həyat hekayəmi, fotoları və dərslərimdən ibarət videolinkləri müsabiqəyə təqdim etdim. Müsabiqənin ilkin mərhələsində adımı siyahıda görüb çox sevindim”.

Müsabiqə 3 mərhələdə keçirilib. Əlli müəllim sırasında daha fəal 10 müəllimin təqdim etdiyi işlər seçildikdə, Elçin Abbasov da bu onluqda olub. Bundan sonra isə qaliblərin müəyyənləşdirilməsi elektron səsvermə yolu ilə aparılıb.

Elçin Abbasov: “Müsabiqənin ilkin mərhələsi iyul ayında oldu. On müəllimin arasında mən də var idim. Sonra avqust ayında növbəti mərhələ keçirildi. Ən fəal müəllimlər arasında ilk üç nəfər seçildi. Burada birinci yerə məni layiq bildilər. Çox sevinirəm ki, bu ada layiq görüldüm. Müsabiqənin təşkilatçılarına minnətdarlığımı bildirirəm. Digər iştirakçılara da uğurlar arzulayıram”.

“İlin gənc müəllimi-2019” müsabiqəsinin cəlilabadlı qalibi Elçin Abbasov 14 ildən çoxdur ki, Alar kənd 2 saylı tam orta məktəbində fizika fənnini tədris edir. O, respublikamızda keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanlarında da məktəb üzrə ən yüksək nəticə göstərib.

Qeyd edək ki, müsabiqədə I yerin qalibi min manat, II yerin qalibi 500 manat, III yerin qalibi isə 250 manat məbləğində pul mükafatı ilə təltif ediləcək.

19.09.2019 11:16:00
Oxuma sayı: 38