"Tarixin daş yaddaşı: Göylər" təqdim olundu - FOTO
Ölçü:

Şamaxı rayonunun Göylər kəndində Cavid Əhmədovun "Tarixin daş yaddaşı: Göylər" adlı kitabının təqdimat mərasimi keçirilib.

Koordinat.az
xəbər verir ki, Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Göylər kənd T.Kərimov adına 2 saylı orta məktəbdə keçirilən tədbirdə kənd sakinləri, ziyalılar, sənət və qələm adamları iştirak ediblər. Məktəbin direktoru Elmir Alməmmədov qonaqları salamlayaraq təhsil ocağında bu cür ədəbi-mədəni tədbirlərin artıq ənənə halı aldığını vurğulayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, folklorşünas alim Qüdrət Umudov kitab haqda geniş məruzə ilə çıxış edib. O, elmi-publisistik janrda yazılmış kitabın məziyyətlərini sadalayıb, kitabda bir kəndin tarixi, etnoqrafiyası, inanc qaynağı, toponimləri, dialekti, elm və sənət adamları, müharibə iştirakçıları, şəhidləri haqda hərtərəfli məlumatların əks olunduğunu bildirib: "Aparılmış araşdırma hesabına bir yaşayış məskəni və onun sakinləri barədə bütün mümkün məlumatların yer aldığı bu kitabı bir kəndin ensiklopediyası da adlandıra bilərik".

Bölgənin tanınmış ziyalılarından olan Aftandil Şikarov kitabın böyük sevgiylə ərsəyə gətilidiyini qeyd edib: "Yaxşı olardı ki, Azərbaycanın bütün kəndləri haqda belə kitablar yazılsın".

Tədbirdə kitabın məsləhətçisi Sarvan Kərimov, şairlər İbrahim İsrafil, Elsevər Qəni, idman sahəsində uğurlara imza atmış, əməkdar məşqçi Məhəmməd Şərifov, kəndin ilk ali təhsilli sakini Abdulhəqq Rəsulovun oğlu Məhəmməd Rəsulov çıxış ediblər.

Tədbirin aparıcısı, yazıçı-jurnalist Qurban Yaquboğlu bu cür ədəbi-mədəni tədbirlərin ənənəyə çevrilməsini təqdir edib.

Sonda müəllif tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, Cavid Əhmədovun "Tarixin daş yaddaşı: Göylər" adlı publisistik-araşdırma kitabı bu yaxınlarda "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb. Kitabda Şamaxı rayonunun ən böyük kəndlərindən olan Göylər kəndinin tarixi keçmişi, bu günü, görkəmli insanlarının həyat və fəaliyyəti, qədim yaşayış məskəninin toponimikası, sakinlərinin etnoqrafiyası, dialekt və şivəsi araşdırılıb, eləcə də İkinci Dünya müharibəsində və Qarabağ savaşında kənd sakinlərinin keçdiyi döyüş və qəhrəmanlıq yoluna nəzər salınıb.


18.09.2019 12:09:00
Oxuma sayı: 194