Əli Əhmədov YAP-ın təqaüdünü alan tələbələrlə görüşdü - FOTO
Ölçü:

Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-İcra katibi Əli Əhmədov məktəblilər arasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” inşa-yazı müsabiqəsinin qalibi kimi ali məktəblərə qəbul olunmuş və YAP-ın təqaüdünü alan bir qrup tələbə ilə görüşüb.

Koordinat.az xəbər verir ki, Əli Əhmədov tələbələrlə görüşündə  təhsilin inkişafından, bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb. “Ən yaxşı təqdimat” müsabiqəsinin əhəmiyyətini qeyd edən Əli Əhmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün göstərdiyi xidmətlərdən də söz açıb.

YAP-ın müxtəlif layihələr həyata keçirildiyini deyən YAP Sədrinin müavini ən əhəmiyyətli layihələrdən biri də məhz bu müsabiqədir. Onun sözlərinə görə, müsabiqənin qalibi olan və ali məktəblərə qəbul olunan tələbələrə partiya tərəfindən təqaüd verilir: “Həmin tələbələrdən bir çoxu artıq ali təhsillərini başa vurublar, hazırda xeyli sayda təqaüd alanlar var. Bu il isə həmin müsabiqənin qaliblərindən olan gənclərdən 40 nəfəri ali məktəblərə qəbul olunduğu üçün YAP-ın təqaüdünü alacaqlar. Bundan sonra da hər il keçirilən  müsabiqədə qalib gələn şagirdlər gələcəkdə ali məktəbə qəbul olunarsa, onlar dördillik təhsil müddətində YAP-ın təqaüdünü alacaqlar. Bu gün Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti gələcəkdə onlara təqdim etməkdir. Bu ümumi məqsədə nail olmaq üçün var gücümüzlə çalışırıq”.

Əli Əhmədov söyləyib ki, bunun üçün də gənc nəslin daha yaxşı təhsil alması və zəngin biliklərə yiyələnməsi tələb olunur. Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyələnməkdir: “Ölkədə gənclərin yaxşı təhsilə sahib olmaları üçün bütün imkanlar yaradılıb. Son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir. İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə Ulu Öndər Heydər Əliyevin ideyalarını, eləcə də Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri layiqincə davam etdirmək potensialına malikdirlər”.

Görüşdə Əli Əhmədov müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu ilə bağlı tələbə-gənclərə geniş məlumat verib, uğurlu siyasət nəticəsində ölkəmizi daha firəvan gələcək gözlədiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə təşəkkürlərini bildiriblər. Onlar öz bilik və bacarıqları ilə göstərilən etimadı doğruldacaqlarını, ölkəmizin inkişafına töhfə vermək üçün səylə çalışacaqlarını qeyd ediblər.

17.09.2019 18:19:00
Oxuma sayı: 29