Xırdalanda üçnövbəli dərs sistemi valideynləri narazı salıb
Ölçü:


Xırdalan şəhərindəki 9 nömrəli tam orta məktəbdə üçüncü növbənin tətbiqi valideynlərin narazılığına səbəb olub.

Koordinat.az-ın məlumatına görə, IV sinif şagirdlərinin valideynləri bununla bağlı  müraciətləri nəzərə alınmayıb. Belə ki, həmin sinfin şagirdləri günorta saat 3-ə qalmış məktəbə gedir, saat 8-ə işləmiş dərsdən çıxırlar. Valideynlər bildirirlər ki, bu, onların həm yuxu rejiminə, həm təhsilinə, həm də ki, qidalanmasına pis təsir göstərir: "Bir neçə dəfə bununla bağlı rəhbərliyə müraciət etmişik, cavabda isə deyirlər ki, məktəbdə uşaq çoxdur, yer olmur. Axı hamımız bilirik ki, səhər saatlarında uşaqlar daha yaxşı informasiyanı qavrayırlar, günortadan sonra isə bu eyni olmur, üçüncü növbədə isə vəziyyət daha da pisləşir. Biz sadəcə istəyirik ki, ən azından ibtidailər üçüncü növbəyə salınmasın, bunu dəyişə bilərlər”.

Mövzu ilə bağlı 9 nömrəli tam orta məktəbdən bildiriblər ki, artıq bir neçə ildir məktəb üç növbəli sistemi tətbiq edib: “Məktəbə müraciətlər çox olur. Valideynləri geri qaytarmaq mümkün deyil, çünki gedib şikayət edirlər. Ona görə də onların övladlarını qəbul edirik. Tək bizdə yox, hər yerdə məktəblər 3 növbə ilə işləyir. Siniflərin hamısı eyni növbədə olur. 4-cü siniflərin hamısı da günortadır. Eləcə də VIII, IX, X, XI siniflər səhər növbəsindədirlər”.

Təhsil eksperti Kamran Əsədov isə Lent.az -a açıqlamasında bildirib ki, məktəbdəki növbəni şagird sayına görə Pedaqoji Şura müəyyən edir: “Hər bir məktəb burada müstəqildir. Elə bir qayda yoxdur ki, məktəb ya birnövbəli, ya ikinövbəli, ya da ki, üçnövbəli olsun. Bu tamamilə məktəbdən asılı olan məsələdir”.
17.09.2019 17:53:00
Oxuma sayı: 40