Bərpa mərkəzlərində 40 min nəfərə reabilitasiya xidmətləri göstərilib
Ölçü:


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində ötən il 39 762 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Koordinat.az-a verilən məlumata görə, qeyd olunan insanların hər birinə fərdi reabilitasiya proqramı əsasında yanaşılıb və müasir texnologiyalardan, səmərəli fizioterapevtik müalicə üsullarından istifadə edilməklə onların sağlamlıqlarının bərpası yönündə müvafiq işlər aparılıb. Bərpa mərkəzlərində əlilliyi olan şəxslərin yalnız tibbi deyil, sosialyönümlü reabilitasiya tədbirlərinə də cəlb olunması, habelə sağlamlıq imkanları məhdud uşaqların tədris-peşə reabilitasiyası üçün kompleks tədbirlərin görülməsi təmin edilib.

Eyni zamanda, ötən ildə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 1 193 ədəd əlil arabası, 1 345 ədəd aşağı və yuxarı ətraf protezi, 1 764 ədəd aşağı və yuxarı ətraf ortezi, 9 806 ədəd müxtəlif reabilitasiya vasitəsi, 690 ədəd bel və boyun nahiyəsi üçün korset verilib. Hesabat dövründə həmçinin əlilliyi olan şəxslər  1 426 cüt dirsəkaltı ağac, 718 ədəd dördayaqlı dayaq vasitəsi, 4 859 cüt ortopedik ayaqqabı, 2 826 cüt protez ayaqqabı, 265 ədəd ortopedik aparat, 615 ədəd eşitmə aparatı, 1 853 ədəd əsa və s. ilə təmin edilib.  Bu dövrdə əlilliyi olan şəxslərə məxsus 749 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat da təmir olunaraq yenidən onların istifadəsinə təqdim olunub.

Ümumilikdə Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən ötən il ərzində əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 33 minədək protez-ortopedik məmulat və  reabilitasiya vasitəsi verilib.  
09.01.2018 11:24:00
Oxuma sayı: 447