Hava təhlükəsi haqda proqnoz vermək asanlaşır
Ölçü:



Bu ilin sonundan Azərbaycanda konkret ərazilər üzrə hava şəraiti, təbiət hadisələri - yağış, külək və s. ilə bağlı məlumatlar vermək mümkün olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyevin Koordinat.az-a veridiyi məlumata görə, bu məqsədlə ölkə ərazisində 4 yerdə dopler meteoroloji radar sisteminin alınıb quraşdırılması nəzərdə tutulub: “Bu ilin sonunda artıq iki yerdə dopler meteoroloji sistem alınıb quraşdırılacaq. Bununla bağlı treninqlər də keçiriləcək. İlin sonunda əvvəlcə Göygöl və Şamaxı rayonları ərazisində bu sistem quraşdırılacaq. Gələn il isə Şəki və Ağstafa rayonlarında quraşdırılması nəzərdə tutulub”.

A.Verdiyevin sözlərinə görə, dopler radar sisteminin əsas üstünlüyü ondan ibarətdir ki, hər hansı bir konkret ərazi üzrə iki-üç saat əvvəlcədən (qısamüddətli proqnozlar) yağış, onun intensivliyi, miqdarı, dolu, dolunun diametri, müxtəlif hündürlüklərdə küləyin sürəti, istiqaməti, eyni zamanda şimşək çaxma halları ilə bağlı dəqiq məlumat vermək mümkün olacaq.
14.09.2019 18:49:00
Oxuma sayı: 32