Ərdoğanın partiyası niyə parçalanır?
Ölçü:

 
Türkiyədə son bir neçə aydır siyasi proseslərdə müəyyən dəyişikliklər müşahidə olunur. Xususilə də bələdiyyə seçkilərindən sonra hakim Ədalət və İnkişaf Partiyasında (AKP) müəyyən narazılıqlar meydana gəlib və partiyanın önəmli şəxsləri istefa verərək, partiya sıralarını tərk ediblər. Bir müddət əvvəl Türkiyənin keçmiş iqtisadiyyat naziri və baş nazirin müavini partiyadan istefa verdi. Yeni partiya qurma hazırlığında olduğu deyilən Ali Babacana ən önəmli dəstəyi verənlərdən birinin eks-prezident Abdulla Gülün olması da gündəmi zəbt etdi. Bu gün isə Türkiyənin eks-baş naziri Əhməd Davudoğlunun da partiyadan istefa verməsi Türkiyə gündəminin ən önəmli hadisələrindəndir.

Türkiyə siyasətində - hakim AKP-də baş verənlər nələrdən xəbər verir?

Koordinat.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan  siyasi təhlilçi Şahin Cəfərli Türkiyənin iqtidar partiyasında böhranın uzun müddətdir davam etdiyini deyib: “Bu böhran xüsusilə sonuncu bələdiyyə seçkilərindan sonra daha da sürətləndi. Çünki Türkiyənin Ədalət və İnkişaf Partiyası böyük şəhərlərdə uduzdu. Paytaxt Ankaranın və daha sonra İstanbulun itirilməsi iqtidar partiyası üçün böyük zərbə idi. Həm Türkiyə əhalisinin böyük qismi böyük şəhərlərdə məskunlaşıb, həm də Türkiyə iqtisadiyyartının əsas can damarları böyük şəhərlərdədir.
Türkiyəndə ümumi daxili məhsulun 3-də birini təkbaşına İstanbul verir. Eyni zamanda,  müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası İstanbul və Ankaradan başqa Antalya, Adana, Mersin kimi Türkiyənin önəmli şəhərlərində bələdiyyə seçkilərində qələbə qazanıb.  Bütün bunlar AKP daxilində böhran meyllərini daha da sürətləndirdi.

Məhz bu məğlubiyətdən sonra partiya daxilindəki narazı şəxslər, qruplar daha da fəallaşdılar, öz səslərini ucaltmağa başladılar. Təbii ki, bu narazıların da başında keçmiş baş nazir Əhməd Davudoğlu, sabiq iqtisadiyyat naziri, baş nazirin müavini Ali Babacan, eyni zamanda Ali Babacana dəstək verən önəmli şəxsiyyətlərdən biri eks-prezident Abdulla Güldür. Hər iki şəxs həm Əhməd Davudoğlu, həm də Ali Babacan partiya yaradacaqlarını bildiriblər. Əvvəlcə Babacan və onun tərəfdarları partiyadan uzaqlaşdılar, istefa verdilər. Bu gün də Əhməd Davudoğlu AKP-dən istefa verdiyini bəyan etdi. Onun partiyadan xaric olunması məsələsi müzakirəyə çıxarılmışdı, ancaq Davudoğlu bu qərarı gözləmədən öz iradəsi ilə istefa verdi.


Son bir il ərzində Ədalət və İnkişaf Partiyasından 8 minə yaxın şəxs uzaqlayıb. Bu faktın özü də göstərir ki, AKP üzvləri və tərəfdarları cəmiyyətdə yeni bir alternativ axtarışına başlayıblar. Təbii ki, bu alternativlərdən ən önəmlisi də Davudoğlu və Ali Babacan olacaq”.

 

“Bu partiyaların təsis olunmasından sonra mən hesab edirəm ki, AKP-dən qopmalar  və uzaqlaşmalar daha da sürətlənəcək, hakim pariya artıq əvvəlki qüdrətindən uzaqlaşacaq” – deyə politoloq fikirlərinə əlavə edib:


Ş.Cəfərli Türkiyədə keçirilən sonuncu rəy sorğusuna diqqət çəkib: “Bunu hökumətə yaxın bir sosial tədqiqat mərkəzi keçirib. Həmin rəy sorğusuna görə, AKP-nin reytinqi artıq 30 faizə düşüb. Mən hesab edirəm ki, yeni siyasi partiyaların qurulmasından sonra bu hakim partiyanın reytini daha da aşağı düşəcək. Hesab edirəm ki, Davudoğlu ilə müqayisədə Babacanın partiyasının daha böyük potensialı var. Həm Ali Babacanın özünün şəxsi nüfuzu, həm də sabiq prezident Abdulla Gülün nüfuzuna görə Babacanın partiyası daha şanslıdır. Türkiyədə keçiriləcək istər növbədənkənar, istərsə də öz vaxtında olan seçkilərdə AKP-nin hakimiyyətdən salınması və hakimiyyət dəyişikliyinin baş verməsi ehtimalı kifayət qədər yüksəkdir”.

Şahin Cəfərli bildirib ki, prezidentliyə ən iddialı şəxslərdən biri də İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğludur: “Qanuna görə Türkiyədə prezident seçkiləri 2023-cü ildə keçiriləcək. Əgər seçkilər vaxtından əvvəl keçirilməsə, Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Əkrəm İmamoğlu olacaq. Çünki o vaxta onun səlahiyyət müddətinin sonu yaxşınlaşacaq. Türkiyədə siyasəti proqnozlaşdırmaq çox çətindir, hər an hər şey ola bilər, növbədənkənar seçki ehtimalı da var. Əgər növbədənkənar seçki ehtimalı olarsa, onda CHP-nin namizədi İmamoğlu olmaya da bilər. Məsələn, tutaq ki, bir il sonra seçki olsa, İmamoğlunun namizədliyi çətinləşəcək. Çünki o namizəd olmaq üçün vəzifəsindən istefa verməlidir. Bu halda CHP İstanbulu itirəcək. Çünki bələdiyyə başqanını bələdiyyə məclisi seçəcək, orada isə üstünlük AKP-nin tərəfindədir. Belə çıxır ki, CHP çətinliklə əldə etdiyi  və çox önəmli olan İstanbul bələdiyyəsini öz əlləri ilə AKP-yə verməli olacaq.

Növbədənkənar seçki olarsa, bu amil İmamoğlunun namizədliyini çətinləşdirəcək. İkinci amil də odur ki, İmamoğlu şanslı namizəddir. Bunu üçün də o, İstanbulda ortaya iş qoymalıdır ki, bu işləyən adamdır. Ərdoğan 1994-cü ildə bələdiyyə başqanı seçiləndən sonra böyük uğurlar əldə etdi, nüfuzu qalxdı. İmamoğlu da bunun üçün ortaya iş qoymalıdır. Amma əgər seçki bir il sonra olarsa, o, ortya böyük bir iş qoya bilməyəcək”.

Politoloqun sözlərinə görə,  AKP Ərdoğanın şəxsiyyəti ətrafında formalaşmış bir siyasi partiyadır: “Düzdür, ilk dövrlərdə partiyada başqa nüfuzlu şəxslər də var idi. Abdulla Gül, Ali Babacan, Bülənt Arınc və sonradan Əhməd Davudğlu gəldi, bu şəxlərin də nüfuzu partiyaya nüfuz qazandırırdı. Amma illər ötdükcə, Ərdoğan həm AKP içində, həm də ölkə miqyasında avtoritar rejim tətbiq elədi. Yəni bu partiyada başqa, heç kimin səsi eşidilmirdi. Ərdoğan partiya daxilindəki bütün müxalif səsləri kəşmişdi. Yalnız öz şəxsi nüfuzu ətrafında partiya fəaliyyətini davam etdirirdi. Təbii ki, Ərdoğanın reytinqinin yüksək olduğu vaxtlarda partiya da məhz Ərdoğanın nüfuzu səyəsində seçkilərdə qalib gəlib. Amma artıq son illərdə həm Ərdoğanın, həm də AKP-nin nüfuzu aşağı düşməyə başladı. Müqayisədə həmişə Ərdoğanın şəxsi reytinqi AKP-nin reytinqindən yüksək olub. İndi də hər ikisi geriləyib, amma yenə də Ərdoğanın reytinqi AKP-dən daha çoxdur. Hazırda Ədalət və İnkişaf Partiyasının nüfuzu 30 fazidirsə, Ərdoğan 35-40 faizdir. Ərdoğanın reytinqinin düşməsi o deməkdir ki, AKP-nin də artıq nüfuzu düşür. Çünki partiyada başqa bir şəxsin önə çıxması həm mümkün deyil, həm də Ərdoğandan daha güclü və nüfuzlu şəxs hazırda yoxdur”.

13.09.2019 17:52:00
Oxuma sayı: 37