5 mindən çox müəllimin 1000 manatdan artıq maaş alır
Ölçü:


“Növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur".

Koordinat.az-ın məlumatına görə, bu fikirləri Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, son illərdə ölkədə təhsil sahəsində müsbət dinamika müşahidə olunur: "Bir sıra əsaslı nailiyyətlər əldə edilib. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub”.

Təhsil naziri bu il yüksək bal toplayanların müəllim olmaq istəyinə  də münasibət bildirib: “Bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi (hər 4 abituriyentdən biri) müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir”.

Nazir xatırladıb ki, 2003-2018-ci illərdə Azərbaycanda 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Bunun nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb.

Nazir deyib ki, indiyədək ölkə üzrə 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. Onların dərs yükü norması 1,5 dəfə, əmək haqları 2 dəfə artırılıb. Onun sözlərinə görə, müəllimlərin son əməkhaqqı artımından sonra ümumtəhsil sistemində çalışan 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb.

Ceyhun Bayramov qeyd edib ki, təhsil sistemində əməkhaqqının artımı davamlı və sistemli xarakter daşıyır: "Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı növbəti dəfə - 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb. Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib. Eyni zamanda, ümumtəhsil sistemində çalışan 5 mindən artıq müəllimin bu artımdan sonra əməkhaqqı 1000 manatdan çox təşkil edir".
11.09.2019 11:26:00
Oxuma sayı: 51