Avropa Parlamentinin deputatı Qarabağa qanunsuz səfər edib
Ölçü:


Almaniya Xarici İşlər Nazirliyi “Alumniportal Aserbaidschan” tələbə onlayn platformasının alman vətəndaşı, Avropa Parlamentinin deputatı Martin Sonnebornun Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar sorğusuna cavab verib.

Koordinat.az
-ın məlumatına görə, Almaniya Xarici İşlər Nazirliyinin cavabında göstərilir ki, XİN Azərbaycan hakimiyyətinin müvafiq icazəsi olmadan Dağlıq Qarabağa səfərləri ilə bağlı mövqeyini açıq və aydın şəkildə ifadə edib. Bununla belə, Almaniya Xarici İşlər Nazirliyinin regional parlamentlərin, Bundestaqın və Avropa Parlamentinin deputatlarına təsir göstərmək imkanının olmadığı qeyd olunur.

“Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin bu məlumatlara istinad etməklə yanaşı, parlament üzvlərinin səfərlərinə təsir etmək imkanı yoxdur”, – sənəddə deyilir.

Qeyd etmək lazımdır ki, Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında Almaniyanın qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığı və Azərbaycanın bu və digər işğal olunmuş bölgələrində alman vətəndaşlarına konsulluq dəstəyi göstərilməməsi göstərilir.

Həmçinin qeyd olunur ki, Azərbaycan dövlətinin icazəsi olmadan Dağlıq Qarabağa getmək Azərbaycan qanunvericiliyinin pozulmasıdır və bu, gələcəkdə bütün ölkəyə giriş qadağasına səbəb ola bilər.

Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına Dağlıq Qarabağa getməkdən çəkinməyi tövsiyə edir.

Xatırladaq ki, erməni qadını ilə evil olan və Avropa Parlamentində marjinal “Die Partei” partiyasını təmsil edən alman komediyaçı Martin Sonneborn bu yaxınlarda Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmişdi. Satirik Sonneborn özü öz partiyasını “partiyanın parodiyası” kimi təqdim edir və bu mənada indi qondarma “Dağlıq Qarabağ Respublikası”nı – dövlətin parodiyasını ziyarət etməsi məntiqlidir.

Maraqlıdır ki, Sonneborndan əlavə erməni ilə evli olan başqa bir alman millət vəkili Frank Engel də separatçıların aktiv lobbiçisi kimi çıxış edir.

Görünən budur ki, “Haykanuş, gözləriniz yumun və Ermənistan haqqında düşünün” şüarı altında yataq diplomatiyası əvvəllər olduğu kimi bu gün də ermənilər tərəfindən olduqca fəal istifadə olunur.

08.09.2019 13:32:16
Oxuma sayı: 29