Aqil Abbas rəsmi qəzetlərin ləğvinə qarşı çıxdı
Ölçü:


“Azərbaycan” qəzeti ətrafında müzakirələr səngimir. Deputat Siyavuş Novruzov hesab edir ki, qəzetdə başsağlığı verilməsi ənənəsinə son qoyulmalıdır. Onun sözlərinə görə, “Azərbaycan”ın baş redaktoru B.Sadıqov hər başsağlığına görə 50 manat alır. Sitat: “Azərbaycan” qəzeti Sabir Rüstəmxanlının vaxtında 2 milyon tirajla nəşr olunurdu. Bu qəzeti Cümhuriyyət dövründə Üzeyir bəy kimi ziyalılar, dahilər yaradıb. Bunun adı sənə kifayət edir. Sənin yolun başqa, bizim yolumuz başqa. Bizim yolumuz haqq yoludur, səninki ənəlhəqq!"

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə dünyanın bütün nöqtələrində başsağlığı vermək ənənəsinin mövcud olduğunu vurğulayıb.

R.Məcidin fikrincə, problem bu deyil, problem başsağlığının rəsmi qəzetdə dərc olunmasıdır: “Siyavuş müəllim doğru deyir. Fikrimcə, rəsmi qəzet, ümumiyyətlə, olmamalıdır. ”Rəsmi qəzet" ifadəsi yalnız Azərbaycanda mövcuddur. Başqa ölkələrdə “rəsmi qəzet” anlayışı yoxdur. İkincisi, əgər başsağlığının rəsmi qəzetdə verilməsi qadağan olunursa, bu zaman tender elanları da o qəzetlərdən yığışdırılmalıdır. Mülki Məcəllədə qeyd olunub ki, dövlət qurumlarının elan etdiyi tenderlər rəsmi qəzetlərin birində dərc edilməlidir. Yekun fikrim bundan ibarətdir ki, Azərbaycanda rəsmi qəzetlər ləğv olunmalıdır. Çünki dünyanın heç bir yerində bu anlayış yoxdur".

B.Sadıqov tənqidlərə cavabında deyib ki, qəzet üçün reklam bazarı formalaşmayıb: “Televiziyaların kifayət qədər reklam bazarı var. Hətta sutka ərzində televiziyalarda verilişlərdən daha çox reklamlar gedir”.

Çapını dayandırmış “Ayna”-"Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı “Yeni Müsavat”a bildirdi ki, R.Məcid hər hansı ideya irəli sürməyib, rəsmi qəzetlə bağlı Mülki Məcəllədə qeyd olunub: “Rəsmi qəzet olmamalıdır. Keçmiş sovet ölkələrində və səhv etmirəmsə, Çində rəsmi qəzetlər qalıb. Bu gün Qərb mətbuatında rəsmi qəzet yoxdur. Ən yaxşı halda nazirlik və parlament daxilində bülletenlər çap oluna bilər”.

E.Şıxlı bildirdi ki, qəzetlərdə başsağlığının çap olunması nümunəsi isə dünyanın çox yerində var: “Başsağlığının çap olunmaması məntiqə uyğun deyil. Mən sizə alman qəzeti göstərə bilərəm ki, hansısa adamın vəfatına həsr olunmuş başsağlığı var. Məsələ etik jest və ya kommersiya marağı deyil. Sadəcə, elanın bir növüdür. Necə ki, qəzetdə ev satışı, hansısa sənədin itirilməsi barədə elanlar dərc olunur, eləcə də başsağlığı verilir. Yəni normal haldır, bunun ləğvinin əleyhinəyəm. Məsələn, sovet vaxtı nekroloq varıydı. Dövlət xadimi, nazir və yaxud xalq yazıçısının ölümü ilə bağlı hökumət qəzetdə başsağlığı verirdi, ona nekroloq deyilir".

“Ədalət” qəzetinin baş redaktoru, deputat Aqil Abbas isə rəsmi qəzetlərin ləğvinə qarşı çıxdı. Onun sözlərinə görə, dünyanın hər yerində rəsmi qəzetlər var: “Bu gün prezidentin sərəncamları, fərmanları veriləndə yazılır ki, filan rəsmi qəzetdə dərc olunduqdan sonra qüvvəyə minir. Bəs, rəsmi qəzetlər ləğv olunsa necə olacaq? Kim fərmanları, sərəncamları çap edəcək? Bax, bu haqda fikirləşən yoxdur".

A.Abbas qeyd etdi ki, müstəqil qəzetlər prezidentin çıxışlarını, sərəncamlarını xəbər şəklində yayırlar: “Rəsmi qəzetlər ləğv olunsa, prezidentin bütün çıxışını, fərmanlarını ”Ədalət", “525", ”Yeni Müsavat", “Şərq” çap edəcəkmi? Bu qəzetlər xəbər formasında dərc edirlər. Amma rəsmi qəzetlər hamısını ətraflı verirlər və bəzən həmin materiallar bizə lazım olur".

A.Abbasın sözlərinə görə, Türkiyədə rəsmi qəzetlər hər şey yayır: “Bülleten də rəsmi qəzetdir də. Deməli, ayda bir dəfə çap olunurlar? Elçin Şıxlı bu məsələləri məndən yaxşı bilir”.

Deputat rəsmi qəzetlərdə başsağlığının ləğvini də qəbul etmir: “Dünyanın hər yerində başsağlığı var. Türkiyədə buna bir səhifə ayırırlar. Tutaq ki, yas məclisi rayondadır, hüzrə gedə bilmirəm, ya vaxtım yoxdur, ya imkanım çatmır. Onda 25 manat ödəyirəm, adamın dərdinə şərik oluram, qəzetdə başsağlığı verirəm. Dünyada rəsmi qəzet də var, başsağlığı da..."

“Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev Azərbaycanda rəsmi qəzetlərin sayının çox olduğunu vurğuladı. Onun sözlərinə görə, dünyanın hər yerində rəsmi qəzetlər fəaliyyətdədir: “Lakin bizdə rəsmi qəzet sayı çoxdur və onların azalması məqsədəuyğundur. Amma bu proses bir şərtlə həyata keçirilməlidir ki, orada çalışan jurnalistlər işlə təmin olumalıdırlar”.

Baş redaktorun dediyinə görə, ölkədə 10-a yaxın rəsmi qəzet var: “Bu say yetərincə çoxdur və bugünkü mətbuatın reallıqlarına adekvat deyil. O ki qaldı başsağlığının çap olunmasına, bu, biznesdir. Amma hər hansı KİV dövlətdən maliyyələşirsə, abunəsi varsa, bu işə biznes gözü lə baxmamalıdır".

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşviq Ələsgərli bu mövzuda fərqli düşünür. Onun sözlərinə görə, müasir dünyada rəsmi və ya dövlət qəzetləri anlayışı sıradan çıxır: “Dünyada ictimai KİV-lər var, bir də kommersiya KİV-ləri var. Kommersiya KİV-lərinin maraqları aydındır, qarşısında qazanc götürməyi əsas hədəf qoyub. Onlar jurnalistikanın peşə standartları çərçivəsində fəaliyyət göstərsələr də, məqsəd və hədəfləri əsasən daha çox auditoriya toplamaq, daha çox  gəlir, qazanc götürməkdir. Bunlar üçün sensasiyalı məlumatlar yaymaq, müxtəlif mexanizmlərdən istifadə edib auditoriya qazanmaq normal qarşılanır. Amma ictimai KİV-lərə gəlincə, onlar daha çox dövlət büdcəsindən maliyyələşirlər.

Bu media orqanları reklam, elan verməyi, qazanc götürməyi qarşılarına məqsəd qoymurlar. İctimai KİV-lərin missiyası cəmiyyəti düzgün məlumatlandırmaq, maarifləndirməkdir. Sensasiyadan, yalandan kənar durmaq, doğru-dürüst, obyektiv xəbər yaymaq onların başlıca missiyasıdır. Çox təəssüf ki, Azərbaycanda  vəziyyət bir-birinə qarışdırılıb".

M.Ələsgərli qeyd etdi ki, əgər həmin KİV büdcədən maliyyələşirsə, deməli, ictimai mətbuat orqanıdır: “Onun qarşısında gəlir götürmək olmamalıdır, sensasiya yaratmaq, reklam bazarına girmək, kiminsə ölümündən pul yığmaq olmamalıdır. Çünki onlar büdcədən maliyyələşirlər, cəmiyyətin marağında olan məlumatlar yaymalıdırlar. Onların auditoriyası kiçik olur, amma məlumatları etibarlı və dürüst olur. Təəssüf ki, bizdə vəziyyət qarışıb. Baxırsan ictimai KİV-dir, büdcədən maliyyələşir, amma yeri gələndə reklam dalınca qaçır. Dediklərim bir media orqanına şamil deyil, ümumi yanaşmadır, dünya standartlarında qəbul olunmuş qaydadır”.

Ekspert bildirdi ki, Azərbaycanda əksər dövlət qurumları öz KİV-lərini təsis ediblər: “Onlar reklam üçün alınan pulları realizə etmək qurumuna çevriliblər. Məsələn, elan və ya başsağlığını öz KİV-lərinə yönləndirirlər, amma cəmiyyət üçün maraqlı xəbəri ictimai KİV-lərə verirlər.

Ona görə də bu gün lokal KİV qurumları saxlamağa zərurət yoxdur. Çünki tanınmayan KİV-lər böyük reklam alıcılarıdırlar. Tərəfdarıyam ki, dövlət qurumlarının media təsis etmək ənənəsinə son qoyulsun. Mən media eksperti kimi bunu uzun illərdir ki, deyirəm. Digər tərəfdən də, ictimai media nəzəriyyəsində problemlər var, həm nəzəri olaraq, həm də konkret addımlar atılmalıdır" (“Yeni Müsavat”)

04.09.2019 17:21:05
Oxuma sayı: 42