Kredit büroları üçün kapitalın məbləği müəyyənləşdi
Ölçü:


Maliyyə Bazarlarına Nəzarət Palatası “Kredit bürolarının fəaliyyətinin tənzimlənməsi və nəzarəti qaydası”nı təsdiqləyib.

Koordinat.az
xəbər verir ki, bu qayda “Kredit büroları haqqında” qanunun 5.2-ci, 5.7-ci, 7.2-ci, 7.3-cü, 16.2-ci və 23.4-cü maddələrinə uyğun olaraq hazırlanmış və kredit bürosunun fəaliyyəti üçün minimum nizamnamə kapitalına və icra orqanının rəhbərinin (üzvlərinin) peşə yararlığına dair tələbləri, fəaliyyətinin yoxlanılması və ona qarşı təsir tədbirlərinin həyata keçirilməsi qaydasını, hesabatının forma və təqdim edilmə qaydasını, kredit bürosu tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların məbləğini və ödənilmə qaydasını, habelə kredit tarixçəsi subyektinin kredit tarixçəsində eyniləşdirilməsi üçün tələb olunan məlumatın həcmini müəyyən edir.

Sənədə əsasən “Kredit büro”sunun nizamnamə kapitalı 2 mln. manat məbləğindən az olmamalıdır.

Qaydada kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) üçün peşə yararlığı tələbləri də müəyyən edilib. Belə ki, qaydalara əsasən məcburi ləğv edilmiş və ya müflis elan olunmuş hüquqi şəxsdə ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə həmin hüquqi şəxsin idarəetmə orqanlarının üzvü və ya baş mühasibi işləmiş şəxslər kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) ola bilməz. Qeyd edək ki, bu tələb həmin hüquqi şəxsin məcburi ləğvi və ya iflası haqqında qərarın qəbul edildiyi tarixdən etibarən 2 (iki) il müddətində tətbiq edilir. Bundan başqa, əmək funksiyalarını kobud şəkildə pozduğuna görə hər hansı hüquqi şəxsin idarəetmə orqanında tutduğu vəzifədən qanunla müəyyən olunmuş qaydada azad edilmiş şəxslər, Palatanın nəzarət subyekti olan kredit təşkilatlarının rəhbər şəxsləri də kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) ola bilməz.

Qaydaya görə, Kredit bürosunun icra orqanının rəhbəri  və ya üzvlərinin ali təhsili və ən azı 3  illik idarəetmə təcrübəsinin olmalı, vətəndaş qüsursuzluğu tələblərinə uyğun gəlməlidir.

Qaydada Kredit bürosu tərəfindən Palataya ödənilən haqların məbləği və ödəmə qaydası da öz əksini tapıb. Beləliklə, Kredit bürosu tərəfindən Palataya ödənilən haqların məbləği və ödənilmə qaydası “Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları” ilə müəyyən edilir. Xatırladaq ki, “Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları”na əsasən kredit bürosu üçün ödəniləcək məbləğ toplanan xidmət haqqının 10%-i, maksimum hədd – 250000 manat səviyyəsində müəyyən edilib.

Qeyd edək ki, Kredit bürosunda hərtərəfli yoxlama ən azı 3 ildə bir dəfə olmaqla aparılacaq.
08.01.2018 13:03:00
Oxuma sayı: 637