YAP keçmişdəki mətbuat konfranslarını bərpa edir
Ölçü:


Yeni Azərbaycan Partiyası (YAP) keçmişdəki mətbuat konfranslarını yenidən bərpa etmək niyyətindədir. Belə ki, bütün nazirlər, dövlət strukturlarının rəhbər şəxsləri YAP-ın İcra Katibliyində keçiriləcək mətbuat konfranslarında aktiv iştirak edəcəklər.

Koordinat.az xəbər verir ki, bu barədə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib. O qeyd edib ki, bir neçə il əvvəl partiya tərəfindən həyata keçirilən mətbuat konfransları ənənəsi davam etdiriləcək: “Mövcud qərargahda texniki  şərait imkan verdiyinə görə, konfransların bərpasını nəzərdə tutmuşuq. Mətbuat konfransları nəticəsində dövlət strukturlarının rəhbər şəxsləri ilə KİV arasında aktiv təmas qurulacaq. Bununla həm də mətbuatın bu sahədə fəaliyyəti daha da asanlaşacaq. Layihənin əsas məqsədi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, bütün sahələrini əhatə edən möhtəşəm islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır”.

Xatırladaq ki, sentyabrın 10-da ilk mətbuat konfransı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçiriləcək.
03.09.2019 13:09:00
Oxuma sayı: 45