Vəkil Ziya Məmmədovun keçmiş müşavirini günahlandırdı: "Əsassız iddiadır"
Ölçü:


"Sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin 800 min manatlıq qızılını mənimsəməkdə günahlandırılan və barəsində bəraət hökmü çıxarılaraq azadlığa buraxılan Rövşən Əhmədovla bağlı qalmaqalın yenidən gündəmə gətirilməsinin heç bir hüquqi əsası yoxdur".

Bunu Koordinat.az-a açıqlamasında birinci instansiya məhkəməsində Rövşən Əhmədovun hüquqlarını düfaiə edən vəkil Adəm Məmmədov bildirib. O qeyd edib ki, birinci instansiya məhkəməsi məsələni hərtərəfli araşdırıb və yekunda ədalətli qərar çıxarılıb: "Məhkəmənin qərarı ilə Rövşən Əhmədov barəsində bəraət hökmü çıxarıb. Bundan sonra bu məsələnin çözümünü uzatmağın mənası yoxdur. Sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin 800 min manatlıq qızılını mənimsəməkdə təqsirləndirilən və barəsində bəraət hökmü çıxarılaraq azadlığa buraxılan Rövşən Əhmədovun barəsində apellyasiya şikayəti verməsinin arxasında başqa məsələlər var".

Adəm Məmmədov ikinci instansiya məhkəməsində keçmiş müvəkkilinin hüquqi müdafiəsi ilə başqa vəkilin məşğul olduğunu əsas gətirərək bu barədə ətraflı danışmaq istəməyib: "Birinci instansiya məhkəməsində biz öz işimizi keyfiyyətli şəkildə yerinə yetirmişik və məhkəmə hər şeyi araşdıraraq ədalətli qərar çıxarıb. İkinci məhkəmə instansiyasında Rövşən Əhmədovun vəkili başqa şəxs olduğundan mənim bu barədə danışmağım düzgün deyil".

Xatırladaq ki, Rövşən Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin hökmü ilə bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb. Baş Prokurorluq və zərərçəkən Çingiz Baxşıyev hökmdən apellyasiya şikayəti verərək Rövşən Əhmədovun barəsində azadlıqdan məhrumetmə cəzası seçilərək həbs edilməsini istəyiblər.

Dekabrın 21-də Rövşən Əhmədov yenidən həbs ediləcəyini deyərək xeyli miqdarda dərman içərək özünü zəhərləyib. O, Toksikologiya Mərkəzində müalicə olunub. İntihar etmədən öncə məktub yazaraq “təzədən şərlənərək həbsxanaya getməkdənsə, ölsəm yaxşıdır” deyə qeyd edib. Dekabrın 28-də isə R.Əhmədov hazırda müalicə aldığı “Semaşko” xəstəxanasında palata yoldaşının sistem bankasını sındırıraraq şüşə parçaları ilə qollarını və boyununu kəsib. Həkimlərin müdaxiləsi ilə onun özünü öldürməsinin qarşısı alınıb. Daha sonra Rövşən Əhmədov psixi durumu ilə bağlı müalicə olunması üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatında olan prosesdə Rövşən Əhmədov barəsində həbslə axtarış qərarı çıxarılıb. O, son bir neçə iclasa gəlmədiyi üçün proses təxirə salınıb. Buna səbəb təqsirləndirilən Rövşən Əhmədovun 2 dəfə intihara cəhd etməsi olub.

08.01.2018 12:57:18
Oxuma sayı: 680