Kəndləri necə təmiz saxlamalı? - Dünya təcrübəsindən örnəklər
Ölçü:


Məişət tullantıları Azərbaycan kəndələri üçün ən ciddi ekoloji problmelərin önündə gəlir. İri şəhərlər, eləcə də rayon mərkəzləri mənzil-kommunal xidmətlərinin zəruri infrastrukturu və texniki təchizatı sayəsində bu məsələnin öhdəsindən gəlsə də, kəndlərimiz zibil qalaqlarından, onların yaratdığı üfunət və antisanitariyadan boğulur.  Mənzil-kommunal təsərrüfatları iddia edir ki, onlar yalnız şəhər yaşayış məntəqələrində bu xidməti həyata keçirməyə görəvlidirlər. Kəndlərdə anoloji problemin həlli yerli özünüidarə qurumlarına aiddir.  Ən yaxşı halda 5-10 min manatlıq büdcəyə malik, bu büdcə ilə hətta özünün inzibati xərclərini gürclə qarşılayan bələdiyyələr isə iddia edir ki, bu səlahiyyətin icrası hazırkı şəraitdə onların maddi imkanları çərçivəsində deyil. Nəzərə alaq ki, hər bir ayrıca götürülmüş kənddə məişət tullantılarının idarə edilməsi müvafiq infastrukturun (tullantı poliqonlarının), avadanlıqların (çeşidli tullantılar üçün qutuların), nəqliyyat vasitələrinin və müvafiq sayda işçi heyətinin olmasını tələb edir.

Azərbaycan hökuməti bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya qəbul etsə də, kəndlərdə bu problemin hansı qurumların birbaşa öhdəliyi sayəsində həll ediləcəyi yenə də qeyri-müəyyən olaraq qalır. Baxmayaraq ki, strategiyanın əsas məqsədlərindən biri budur ki, bərk məişət tullantılarının yığılması xidmətləri ölkənin bütün yaşayış və qeyri-yaşayış məntəqələrinə doğru genişlənsin. Yəni əgər hazırda sözügedən xidmətlər əsasən şəhər yaşayış məskənlərində mövcuddursa, yeni sənəd anoloji xidmətlərin kəndlərdə də təşkilini hədəfləyir.

Lakin əsas sual budur: bu xidmətin icrasında əsas öhdəlik kimin üzərində qalacaq? Bələdiyyələr, yoxsa icra hakimiyyətləri? Bu sualın cavabı qaranlıq qalır. Lakin bir sıra keçid və region ölkələrinin təcrübəsinə baxmaqla həmin problemin həll mexanizmləri ilə bağlı məqbul bir model formalaşdırmaq mümkündür. Aşağıda bizim örnək kimi istifadə edə biləcəyimiz 3 ölkənin təcrübəsi təqdim edilir.
 
Rusiya təcrübəsi

Rusiya hökuməti 2019-cu ilin yanvarından yerli səviyyədə məişət rullantılarının idarə edilməsi ilə bağlı yeni sistemin tətbiqinə start verdi. Bu sahədə bütün tənizmləmə və siyasət hazırlama səlahiyyəti Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinə həvalə edildi. Bütün bölgələr üzrə tullantıların daşınmasına, depolanmasına və təkrar emalına məsul olan regional opretatorlar yaradıldı. Operatorların fəaliyyəti yeni yaradılan “Rusiya Ekoloji Operatoru” tərəfindən əlaqələndirilir. Hazırda ölkənin 80 inzibati subyekti üzrə 241 regional opreator seçilib. Hökumət operatorların effektiv işləməsi və bu sahəyə marağının qorunması üçün onları ƏDV və mənfəət vergisindən azad edib. Bu addım həmçinin operatorları yüksək tariflər tətbiq etməkdən çəkindirir. “Rusiya Ekoloji Operatoru”nun məlumatına görə, hazırda yerlərdə tullantıların cəmi 4%-i emala cəlb edilir. Lakin 2024-cü ilədək bu göstəricinin 36%-ə yüksəldilməsi hədəflənib.  Hökumət bütün regionlar və həmin regionlar daxilində rayonların hamısını əhatə edən tullantı emalı zavodları, sanitar poliqonlar və bər tullantılar üçün ötürücü və yükləyici stansiyaların qurulmasını qısa müddətdə başa çatdırmağı da əsas hədəflərdən biri kimi müəyyənləşdirib. Yeni sistemə görə tullantıların idarə edilməsi baxımından ərazilər 2 zonaya bölünüb:

1) 1-ci zonaya şəhərlər aiddir və şəhərlərdə müvafiq xidmətlərin bütün zəncirinin təşkili regional operatorların məsuliyyətinə aiddir;
2) 2-ci zonaya kənd yaşayış məntəqələri aiddir və həmin ərazilərdə tullantıların toplanmasına isə bələdiyyələrin səlahiyyət dairəsindədir.


Rusiyada kənd bələdiyyələri öz əraziləri üzrə tullantıların idarə olunması üzrə xidmətlərin təşkilinə dair normativ-hüquqi aktlar yaratmaq, hüquqi və təşkilati prosedurları müəyyən etmə hüququna da malikdirlər. Məsələn, Volqoqrad vilayətinin Nexaev rayonuna aid Tişan kənd bələdiyyəsinin timsalında kənd ərazilərində tullantıların toplanması qaydaları ilə tanış olmaq mümkündür. Kənd adminstrasiyasının internet saytında yerləşdirilən Qaydaya əsasən, bələdiyyə ərazidə yaşayan ev təsərrüfatları ilə yanaşı müəssisə və təşkilatarın da tullantılarını toplamağa öhdəlik daşıyır.

Tullantılar çeşidlənərək toplanmalıdır. Qüvvədə olan qayda tullantıları aşağıdakı qaydada çeşidləməyi tələb edir:

1.    Kağız, şüşə, plastik, metal və ağac məmulatlarının hər birinin ayrılıqda toplanması;
2.    Qida tullantılarının toplanması;
3.    Çeşdilənməsi mümkün olmayan tullantıların toplanması.


Ölmüş heyvanların cəsədlərinin toplama məntəqəsinə atılması qadağandır və bələdiyyə bu məsələni xüsusi nəzarətdə saxlayır. Lakin atılmasına icazə verilən hər çeşid tullantı üçün konteynerlər yerləşdirmək təlb edilir. Konteynerlər üçün nəzərdə tutulmuş meydança əhalinin istirahət yerlərindən ən azı 20 metr uzaqda yerləşdirilməlidir.

Türkiyə təcrübəsi

Türkiyədə 17739 kənd yaşayış məntəqəsi mövcuddur. Ölkə qanunvericiliyinə “Ətraf mühit”, “Bələdiyyə” və “Böyükşəhər Bələdiyyə” qanunları) görə, rayon mərkəzlərində və iri şəhərlərdə tullantılarla bağlı xidmətlər bilavasitə seçilmiş yerli özünüidarə qurumları həyata keçirir. Kəndlərdə isə bu xidmətin həyata keçirilməsinin 2 modeli var: 1) Əhali sayı və ərazi ölçüsü bələdiyyə yaratmaq hüququ olan kəndlərdə bu xidmətlərin təşkili bələdiyyələrin səlahiyyətindədir; 2) bələdiyyələrin yaradılmadığı kiçik kəndlərdə isə bu xidməti vilayət (ellər) və ya rayonlar (ilçələr) səviyyəsində dövlət hakimiyyət orqanlarına (valilik və kaymakamlıklar) bağlı olan “özəl idarə” hüquqi statusuna malik  və təmizlik xidmətləri üzrə ixtisaslaşmış şirkətlər həyata keçirir.

“Bələdiyyə” Qanuna görə, bir kəndin özünə bələdiyyə seçə bilməsi üçün ya ən azı 5000 nəfər əhalisi olmalı, ya da həmin kəndə ən yaxın bələdiyyə mərkəzi ilə aradasınkı məsafə 5 kilometr olmalıdır. Məsafə uyğun olduqda, həmin mərkəzlə birləşərək bələdiyyənin təşkili mümkündür. Bu 2 şərtdən biri ödənmədikdə, kənd yaşayış məntəqələrində bələdiyyə yaradılmır və onların idarə edilməsi əhalinin səsi ilə seçilən, lakin dövlət hakimiyyətini təmsil edən “muxtar”a həvalə olunur. 

Ayrı-ayrı bölgələrdə özəl idarələrin tullantıların toplanması və daşınması xidmətləri göstətdiyi kəndlərin sayı fərqlidir. Məsələn, 2018-ci ildə Amasya bölgəsində özəl idarədən xidmət alan kəndlərin sayı 372 olub. Əhalisi 500 nəfərdən çox olan 30 kənddə həftədə ən azı 2 dəfə, əhalisi 500 nəfərdən az olan digər  kəndlərdə isə 1 dəfə tullantıların ərazidən depolara daşınması təmin edilib. Kəndlərə ümumilikdə 5000 ədəd tullantı konteyneri paylanıb. Elazığ regionunda Valiliyə bağlı özəl idarə tərəfondən  136 kəndə təmizlik xidmətləri göstərilir. Həmin kəndlərə tullantıların toplanması üçün ümumilikdə 2000 toplayıcı konteynerlər paylanıb.

Oxşar layihələr Türkiyənin böyük şəhərlərinin əhatə dairəsində olmayan 51 vilayətinin hamısında mövcuddur. Son zamanlar isə Türkiyə bələdiyyələri təkrar emal sayəsində ərazilərin enerjiyə tələbatının ödənilməsinə, tullantısız istehsala nail olmaq üçün tullantılardan elektrim enerjisi almağa təşəbbüs göstərirlər. Getdikcə ölkəboyu bu təşəbbüs genişlənir.   

Polşa təcrübəsi

Polşada adambaşına tullantıların illik həcminə (200 kq) görə Avropa Birliyinin orta göstəricisindən xeyli geri qalsa da, poliqonlara göndərilən tullantıların ümumi tullantılara  nisbətinə görə (50%) Birliyin anoloji göstəricisinin xeyli önündədir.  Polşa AB-yə üzv olmaqla tullantıların idarə edilməsi və bütövlükdə ətraf mühitin qorunması sahəsində üzərinə xeyli öhdəliklər götürüb. Xüsusilə də çeşidlənmə nəticəsində birbaşa təkrar emala yönəldilən tullantılar hesabına poliqona daşınan tullantıların həcminin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması əsas tələblər sırasındadır. Standartlara uyğunlaşmaq üçün ilk növdəbə hüquqi bazanın yaradılması çox önəmlidir.  2011-ci ildə tullantıların idarə edilməsi ilə bağlı qanun, 2012-ci ildə bələdiyyələrdə təmizliyin təmin edilməsinə dair hüquqi akt qəbul edilmişdir. Yeni qanunvericilik bazası tullantıların idarə edilməsi ilə bağlı xidmətlərin  (o cümlədən kənd yerlərində) göstərilməsində bələdiyyələri əsas qurumlar kimi səlahiyyətləndirmişdir.

Mövcud hüquqi müddəlar bələdiyyələrə tullantıların toplanması ilə yanaşı təkrar emal infrastruru qurmaq imkanı da verir. Yaxud bələdiyyələr tender əsasında bu işi təmin edəcək özəl operatorları da seçə bilər. Polşa ərazisinin 93%-ni kənd əraziləri təşkil edir və ümumi əhalinin 40%-ə yaxını həmin ərazilərdə yaşayır. Kənd ərazilərində formalaşan tullantıların ümumi həcmi şəhərlərə nisbətən təxminən 3 dəfə azdır. 2016-cı ildə kənd əhalisinin hər nəfəri hesabı ilə 140 kq, ümumilikdə 2.3 mln. ton tullantı formalaşıb. Polşa kəndləri üçün hələ də qeyri-qanuni açıq poliqonların mövcudluğu problem qalır. Hazırda belə sahlərin sayının 2000-ə yaxın olduğu bildirlir. Halbuki rəsmi qeydiyyatda alınan, nəzarət olunan poliqonların sayı 228-dir.

Polşa AB-nə üzv olarkən üzərinə götürdüyü əsas öhdəliklərdən biri fə məhz məişət tullantılarının idarə edilməsi ilə bağlı olub. Emala getmədən poloqonlarda toplanan tullantıların həcminin 2010-cü ilədək 25%, 2013-cü ilədək 50%, 2020-ci ilədək 65% azaldılması öhdəlik olaraq müəyyən edilmişdir. Polşa qanunvericiliyi bələdiyyələrə hüquq verir ki, ictimai xidmətlərin göstərilməsində bələdiyyələrarası əməkdaşlıq formatından yararlansın. Bu əməkdaşlıq xərclərə qənaət, xidmətləri daha effektiv və keyfiyyətli göstərmək baxımından reallaşdırılır. Bələdiyyələrarası əməkdaşlıq modeli seçilən zaman ya bir neçə yerli özünüidarə orqanı birləşərək ortaq ictimia xidmət şirkəti təsis edir, ya da birgə müqavilə əsasında belə xidməin göstərilməsini daha yaxşı təcrübəyə və infrastruktura malik tərəfdaş bələdiyyəyə həvalə edirlər. Ən son statistikaya görə, Polşada tullantıların idarə edilməsi üzrə 93 bələdiyyələrarası struktur vahidi yaradılıb və onlar ümumlikdə 874 bələdiyyəyə (bütün bələdiyyələrin 35%-i) xidmət göstərirlər. Bu struktur vahidlərinin bir hissəsi bələdiyyələrin yaratdığı asossiasiyalar çərçivəsində əməkdaşlıq müqaviləsi imzalayıblar, yerdə qalan hissəsi isə müəssisə kimi qeydiyyata alınıb. Polşada əhali sayı böyük şəhərlər (əhali sayı 100 min nəfəri ötən) üçün yalnız özləri üçün tullantılarla bağlı xidmətlərin təşkili iqtisadi baxımdan səmərəlidir. Lakin əhalisi daha az olan yaşayış məntəqələri, xüsusilə də kəndlər üçün miqyas effekti baxımından  bələdiyyələrarası əməkdaşlıq modeli özünü doğruldur. Bu modelin tətbiqinə ərazilərdə əhalinin həyat səviyyəsi də təsir göstərir. Belə ki, daha yoxsul və xidmət üçün yüksək tarif ödəməyə hazır olmayan kəndlərdə ortaq xidmət modeli iqtisadi baxımdan daha cəlbedici olur.


Yazı Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi təşkilatının icra etdiyi “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” üzrə “Kənd yaşayış məntəqərində məişət tullantılarının idarə edilməsi sahəsində problemlərin həllilə bağlı ictimai müzakirlərin və ictimai vəkilliyin təşkili” layihəsi çərçivəsində hazırlanıb

26.08.2019 17:36:00
Oxuma sayı: 98