Banklar dilemma qarşısında: Məktub, yoxsa qanun?
Ölçü:


Azərbaycanda bu ildən bütün vergi ödəyicilərinə şamil edilən elektron qaimə-fakturaların qaydası ölkə bankları tərəfindən şabotaja məruz qala bilər.

Koordinat.az
xəbər verir ki, bu barədə fed.az bank dairələrindən əldə etdiyi sənədə istinadən məlumat yayıb. Bildirilir ki, qanunla təsbit edilən dəyişikliklərin icra vaxtı çatanda məlum olur ki, sistem buna tam hazır deyil. Hələ ötən ilin yanvarında nağdlaşma ilə bağlı 1%lik verginin tətbiqində banklarla vergi qurumları arasında problem ortaya çıxmışdı. Hazırda daha bir ciddi bir fikir ayrılığı da yaranıb. Banklar göstərdikləri bank xidmətlərinin əvəzində xərc sənədi kimi sahibkarlara elektron qaimə-faktura verməlidirlər. Lakin Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyevin məktubunu əsas gətirərək, qanunun tələblərini icra etməkdən imtina edirlər.
 
Banklar qaimə verməkdən imtina edir
 
Qeyd edək ki, yanvarın 1-dən bütün ölkə üzrə vergi ödəyiciləri təqdim etdikləri mal, iş və xidmətə görə müştəriləri olan digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməyə borcludurlar. Eyni zamanda banklar da göstərdikləri  maliyyə xidmətlərinə görə müştərilərə elektron-qaimə faktura verməlidirlər. Lakin sahibkarlar bank xərcləri ilə bağlı banklardan qaimə tələb edərkən onlara imtina olunub. Səbəb kimi banklar Azərbaycan Banklar  Asosiasiyasının prezidenti Zakir Nuriyevin imzası ilə banklara ünvanlamış məktubu göstərirlər. ABA-nın 28.11.2017-ci il tarixli məktubuna istinadən müştərilərə bildirilir ki, elektron qaimə-faktura bank tərəfindən təqdim edilməməlidir.
 
Məktubu göstərib qanunu icra etmirlər

 
Belə ki, hələ 2016-cı ilin 16 dekabr tarixli Qanuna əsasən, Vergi Məcəlləsində dəyişikliklər edildi və “Elektron qaimə-fakturalar” anlayışı əlavə olundu. Yeni tənzimləmə üsulları vasitəsilə kölgə iqtisadiyyatının payını azaltmağa və ölkədəki maliyyə dövriyyəsini elektron qaydada izləməyə nail olmağı hədəfləyən hökumətin bu qərarına qarşı çıxan mühafizəkarlar çox oldu. Ancaq etirazların yaranmasına rəvac verən əsas amillərdən biri də təbii ki, qanunla göstərilən tələblərin icrasına gəldikdə meydana çıxan əngəllərdir. Yəni, qanun bir ildən çoxdur ki, qüvvədədir, yalnız indi, artıq icra vaxtı çatanda müvafiq qurumlar ayılıblar ki, elektron qaimə-fakturanın banklara şamil edilməsi düzgün deyil. Hətta Vergilər Nazirliyinin o vaxtı rəhbərləri hələ 6 ay əvvəl bunu şifahi şəkildə təsdiqləsələrdə, qanunda heç bir müvafiq dəyişiklik edilməyib. Nəticədə sahibkar haqlı olaraq bank xərcləri ilə bağlı xidmət aldığı maliyyə qurumundan qaimə tələb edir. Qarşı tərəf, yəni bank isə qanunsuz olaraq bundan imtina edir və əsas olaraq ABA rəsmisinin məktubunu göstərir. Halbuki, bu məktubun heç bir qanuni qüvvəsi yoxdur.

Ədalət naminə deyək ki, hələ nağdlaşma vergisi ilə bağlı problem yarananda da ABA bunu həll etmək üçün aktivlik göstərmişdi. Bank xərcləri ilə bağlı qaimələrə gəlincə, ABA-nın bank sədrlərinə ünvanladığı məktubda bu məsələnin hələ 2017-ci ilin iyun ayında geniş müzakirə olunduğu bildirilib.  
 
Məktubda nə yazılıb?
 
Məktubda göstərilir ki, eyni zamanda banklar müştərilərə çek kitabçalarının satışı, inkassasiya xidmətləri, depozit qutularının icarəsi və .s kimi xidmətlər də göstərirlər. Elektron qaimə-fakturaların tətbiqi dairəsinin aydınlaşdırılması məqsədilə banklar tərəfindən Vergilər Nazirliyinə ünvanlanmış müraciətə Nazirliyin cavab məktubunda banklar tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara göstərilən xidmətlər müntəzəm və daimi əsasda göstərildiyindən həmin xidmətlərə görə alıcılara hər ayın yekunları üzrə göstərilən xidmətlərin ümumi dəyərinə elektron qaimə-faktura təqdim edilməsi bildirilir.

Məktubda eyni zamanda bank tərəfindən müntəzəm və ya daimi əsasda göstərilməyən birdəfəlik xidmətlərə, habelə çek kitabçalarının satışına görə hər əməliyyat üzrə ayrılıqda elektron qaimə-faktura təqdim edilməsi vurğulanıb.
 
ABA rəsmisinin banklara tövsiyəsi


ABA prezidenti vurğulayır ki, banklar tərəfindən təqdim olunan maliyyə xidmətlərinin gündəlik sayının həddən çox olması nəzərə alınsa elektron qaimə-fakturaların tərtib edilməsi praktiki olaraq mümkün deyildir. Belə ki, həmin xidmətlərin çeşidi xidmətlərin göstərilməsi tezliyi nəzərə alınsa, elektron qaimə-fakturaların hazırlanması üçün banklar əhəmiyyətli sayda əlavə işçi heyəti və resurslar cəlb etməlidir. Bankların yeni çağırışlarla üzləşdiyi indiki dövrdə bu, böyük xərclərin yaranmasına və göstərilən xidmətlərin maya dəyərinin yüksəlməsinə səbəb olacaq. Bankın müştərilərinə verdiyi elektron qaimə-faktura bu xidməti təqdim edən bankın gəlirinin onu ödəyən müştərinin isə xərcinin uçota alınması üçün vergi orqanlarında qeydə alınan bir vəsitədir. Onun nəticəsinin birbaşa müştərinin bankda açılan hesabından tutulması ilə nəticələndiyini, müştərinin hesabından bu əməliyyatların aparılması üçün gündəlik əsasda çıxarış verildiyini nəzərə alsaq maliyyə xidmətlərinə görə elektron-qaimə fakturaların banklar tərəfindən müştəriyə verilməsinə vergi orqanlarının əlavə ehtiyacı yoxdur.   

Bu məqsədlə hələ 15 iyun 2017-ci ildə Prezident Administarsiyasının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Vergilər Nazirliyinin və Azərbaycan Banklar Assosiasiyasını iştirakı ilə bu problem geniş müzakirə edilmişdi. Həmin görüşdə Vergilər Nazirliyinin rəhbərliyi elektron qaimə-fakturaların tərtibinin banklara şamil edilməməsinə etiraz etmədiklərini bildirmişdilər.

ABA rəsmisi qeyd olunanlara əsasən banklara maliyyə xidmətlərinə görə müştərilərinə elektron qaimə-fakturalarının verilməməsini tövsiyə edib. Məktubun sonunda ABA prezidenti Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi üçün MBNP-na, Vergilər Nazirliyinə və Prezident Administrasiyasına müraciət etdiyini qeyd edib.
 
FED.az eyni zamanda vergi mütəxəssisinin fikirlərini sizə təqdim edir. Çünki banklarla vergi qurumlarının şifahi razılaşmasından ziyan çəkən ancaq hüquqi və fərdi sahibkarlar ola bilər. Beləliklə, vergi üzrə ekspert Vəli Əliyev ilə birlikdə “Məktub”da qeyd olunanların hüquqi əhəmiyyətini müzakirə etdik. Aldığımız nəticələr isə bunlardır:

1. Təəssüf ki, qanununvericiliyə dəyişiklik edildikdən sonra müvafiq dövlət qurumları tərəfindən tətbiqi barədə müzakirələrə başlanılır. Yaxşı olardı ki, müzakirələr Vergi Məcəlləsinə dəyişiklik edilmədən öncə başlanılardı. Yeri gəlmişkən, maraqlı bir məsələ də ondan ibarətdir ki, son 3-4 il ərzində Milli Məclisin saytında yalnız Vergi Məcəlləsinə edilən dəyişiklik "Qanun layuhələri"  bölməsində yerləşdirilmir.

2. ABA-nın məktubu normativ hüquqi akt olmadığı üçün icrası hamı üçün məcburi deyil.

3.  Bir anlığa hesab edək ki, elektron qaimə-fakturanın tətbiqində banklar üçün çətinlik var və bu çətinliyi öncədən görmək mümkün deyildi. Halbuki bu versiya da inandırıcı deyil. Əgər belədirsə bu günə qədər Vergilər Nazirliyi niyə susur?! Niyə hər hansı açıqlama vermək istəmir?!

4. Ölkə üzrə bütün sahibkarlara istehlak olunan elektrik enerjisinə görə elektron qaimə-fakturanı Azərişiq təqdim edə bildiyi halda bank xidmətlrinə görə ay ərzində hər bir sahibkarara elektron qaimə-fakturanı 30 bank təqdim edə bilmir?!

5. Hesab edirəm ki, Vergilər Nazirliyi rəsmi qaydada açıqlama verməlidir ki, vaxtında elektron qaimə-fakturanın tətbiqində yaranacaq çətinliyi düşünə bilməmişik və ona görə də maliyyə xidmətlərinə çəkilən xərclər fakt üzrə hesabdan silinmə əsasında uçota alınmalıdır
07.01.2018 20:17:35
Oxuma sayı: 975