Allahşükür Paşazadənin yubileyinə həsr edilmiş tədbir keçirilib
Ölçü:



Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə "Şeyxülislam Allahşükür Paşazadə 70: Mənəviyyata Həsr Olunmuş Ömür" adlı tədbir keçirilib.

Koordinat.az-ın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Ümummilli lider Heydər Əliyev siyasi həyatda çox nümunələr yaradıb: “Onun yaratdığı nümunələr təkcə bizim yox, bizdən sonra gələcək nəsillər üçün də siyasətdə qəbul olunacaq və birbaşa tətbiq olunacaq nümunələrdir. Şeyx həzrətləri Azərbaycanın mənəvi, mənəvi-dini həyatında, bizim mənəvi aləmimizdə məxsusi nümunələr yaradıb. O nümunələrdən biri də Azərbaycandakı bugünkü islam modelidir. İslam dininin normaları var ki, onlara toxunmaq, onları pozmaq olmaz və o normalar da olduğu kimi tətbiq olunmalıdır”.

Ə.Həsənov hesab edir ki, Hacı Allahşükür Paşazadədən danışanda onun Şeyxülislamlıq fəaliyyətinin mövcud nəticələrinə dəyər verməliyik: “Azərbaycan müstəqillik əldə edərkən kifayət qədər kənar qüvvələr, maraqlı dairələr, qonşu və uzaq dövlətlər üçün, Azərbaycanda geosiyasi, geoiqtisadi, hərbi strateji maraqları olan dairələr üçün kifayət qədər maraqlı obyekt idi və hamı burada özünün koloniyasını yaratmaq istəyirdi. Belə bir şəraitdə Şeyxülislam Ümummilli liderin yürütdüyü müstəqil dövlətçilik siyasətinin yükünün arxasına öz çiynini də verərək Azərbaycanı milli-mənəvi birlik modelini ortaya qoydu, onun əsas mexanizmlərini və dövlətin maraqlarına uyğun metod və vasitələrini işləyib ortaya qoydu, onu kənar təsirlərdən qorudu və bugünkü mövcud Azərbaycan dini modeli yaradıldı. Şeyxülislamlıq fəaliyyətinin müstəqillik dövründəki əsas yekunu budur. Bu gün Azərbaycanın dini adət-ənənələri, inanclı insanlarının sitayiş normaları, məscidlərdə davranış normaları, islami tələblərin yerinə yetirilməsi bizim milli modelimizə uyğundur ki, onun da təməlində məhz Şeyxülislam durur”.

Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov Hacı Allahşükür Paşazadənin fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib. O bildirib ki, bu gün Azərbaycanın hər bir yerində, kəndlərində dünyada tayı-bərabəri olmayan məscidlərimiz fəaliyyət göstərir: “Şeyx həzrətlərinin fəaliyyəti barədə geniş danışmaq olar. Bunlar danışdıqca qurtarmır. Şeyx həzrətləri dünyada tanınan bir şəxsiyyətdir. Hacı Allahşükür Paşazadənin Azərbaycanın bütün ağsaqqallarının yanında çox böyük hörməti var. Mən sizə uzun ömür və can sağlığı arzu edirəm”.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar isə bildirib ki, Hacı Allahşükür Paşazadə Azərbaycanın tarixində ən gənc Şeyxülislam olub: “ O, 30 yaşında Şeyxülislam olub. Çox gənc yaşlarından ağsaqqal kimi fəaliyyət göstərib. XX və XXI əsrdə dinin adından çıxış edib. İslam dini barış, sülh və barış dinidir. Mən Şeyxülislam ilə çoxdandan tanışam və onun fəaliyyətini dərindən izləyirəm”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə həm də siyasi və dövlət xadimidir: “ O, uzun müddət Azərbaycan və SSRİ parlamentinin deputatı olub. Şeyx həzrətləri dövlətçiliyi hər zaman yüksək tutub. Azərbaycanın ən tale yüklü məsələlərində şeyx həzrətləri həmişə dövlətin yanında olub. Şeyx həzrətləri keçmişdə Ulu öndər Heydər Əliyevin, hazırda isə cənab Prezident İlham Əliyevin həmişə yanındadır. Həmişə o siyasəti dəstəkləyir və o siyasətin həyata keçməsinə öz töhfələrini verir. Sizi Yeni Azərbaycan Partiyasının və Milli Məclisin adından təbrik edirəm və sizə uğurlar arzulayıram”.

Tədbir daha sonra çıxışlarla başa çatıb.
22.08.2019 13:11:53
Oxuma sayı: 41