İqtisadçı alim hökumətə təklif verdi - "Realax"dakı hadisədən sonra...
Ölçü:


Lerikdə fəaliyyət göstərən “Relax” İstirahət Mərkəzində baş vermiş insedent gündəmin əsas mövzusu olaraq qalır.

Koordinat.az xəbər verir ki, iqtisadçı alim Qubad İbadoğlu millət vəkili İqbal Məmmədova məxsus olan istirahət mərkəzindəki son hadisələri şərh edərkən bu cür sahibkarlıq subyetlərinin fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsi, şəffaflığın təmin edilməsi üçün bir neçə təklifləı çıxış edib. O, bildirib ki: 1)hər bir şirkətin nə qədər vergi ödəməsi ilə bağlı məlumatlar ictimai əlçatan olmalıdır; 2) şirkətlərin vergi ödənişlərinin kommersiya sirri olaraq açıqlanmasını yasaqlayan qanunvericilikdə dəyişiklik edilməlidir; 3) dövlətdə vəzifə tutan şəxlər gəlirlərin və əmlakını dərc etdirməlidir.

İqtisadçı alim Vergilər Nazirliyinin açıqlamasına əsaslanaraq deyib ki, 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyekti olan "Relax" şirkəti 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin 7 ayı ərzində isə 972 manat məbləğində vergi ödəyib. Belə çıxır ki, milyonlarla qazancı olan, 20 obyekt işlədən istirahət mərkəzinin vergi ödəməsi bu ilin hər ayı ərzində orta hesabla 138 manat 85 qəpik, hər obyektə isə ayda 6 manat 94 qəpik olub. Bu isə bərbərin, pinəçinin, dərzinin ayrılıqda ödədiyi vergidən də, hətta hərəkət zolağında xətti tapdalayan sürücünün, yolu düzgün keçməyən piyadanın ödədiyi birdəfəlik cərimədən də dəfələrlə azdır.

"Qiymətlərinin bahalığına görə 1 gün də olsun belə istirahət edə bilmədiyim "Lerik -Relax" hadisəsi göstərdi ki, dövlət orqanlarının vəzifə səlahiyyətlərinin icrasına hətta istirahət mərkəzləri də mane ola bilirmiş, belə olan halda çox böyük ehtimalla vergi müfəttişləri holdinqlərin və iri şirkətərin həndəvərinə belə dolana bilməzlər. Bu hadisə göstərdi ki, Azərbaycanda arxasında deputat, məmur, prokuror, hakim, polis rəisi duran və büdcəyə hətta qəpiklər ödəyən, vergi müfəttişini sahib olduğu obyektə buraxmayan belə şirkətlərin sayı minlərlədir" - deyə, Qubad İbadoğlu əlavə edib.

İqtisadçı alim bu problemin həlli üçün 2 təklif irəli sürür:
1) Vergi ödənişlərinin kommersiya sirri olaraq açıqlanmasını yasaqlayan qanunvericilikdə dəyişiklik edilsin və bu məlumatlara ictimaıyyətin çıxışı təmin olunsun. Əgər belə məlumatlar ictimai əlçatan olarsa onda bu hallar baş verməzdi və əhali də bilərdi ki, büdcəyə hansı şirkət nə qədər vergi ödəyir.
2) Dövlət idarəçiliyində siyasi və seçkili vəzifə tutan şəxslərin özünün və ailəsinin biznes idarəçiliyinə son qoyulsun. Bunun üçün həlli vacib vəzifələrdən biri də gəlirlərin və əmlakın bəyan olunması və dərcidir.

Qubad İbadoğlunun yekun qənaəti odur ki, Azərbaycanda vergi ödəmə mədəniyyətinin formalaşmamasının bir səbəbi də tənzimləyici fiskal orqanların faəliyyətində müşahidə olunan rüşvətxorluq və pis idarəçilikdir: "Şübhəsiz ki, "Relax" İstirahət mərkəzinin ödəmələri barədə açıqlanan rəsmi rəqəmlərlə yanaşı açıqlanmayan aylıq qeyri-rəsmi ödəmələr də mövcuddur. Amma nədənsə bu barədə heç kim danışmır".
20.08.2019 16:05:00
Oxuma sayı: 52