"MİQ-29"un pilotunun nəşi tapıldı
Ölçü:


İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant  Rəşad Saləddin oğlunun Atakişiyevin nəşi tapılıb.

Koordinat.az xəbər verir ki, bu barədə pilotun qayınatası Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, pilotun bədəninin hissələri deformasiya olunmuş halda tapılıb: "Əvvəlcə bir ayağı, sonra isə təyyarənin gövdəsindəki oturacağında bədəninin digər hissələri aşkar olunub".

Qabil Hüseynlinin sözlərinə görə, pilotun oturacağı iki hissəyə parçalansa da, təyyarənin gövdəsində ilişib qalıb və bədən hissələri həmin kabinədən tapılıb.

Bu gün Rəşad Atakişiyevin nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekzpertizadan keçiriləcək. Sabah saat 10.00-da isə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində vida mərasimi təşkil olunacaq. Mərhumun sabah dəfn olunması planlaşdırılır...

Xatırladaq ki, iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” dünən tapılaraq dənizdən çıxarılıb. Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir. Rəsmi məlumata görə, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

20.08.2019 12:36:00
Oxuma sayı: 39