Kəndlərin “zibil” problemi...- Yeni strategiya bu probemi çözəcəkmi?
Ölçü:

Şəhərlərdən fərqli olaraq Azərbaycanın kəndlərində məişət tullantılarının xüsusi qutular vasitəsilə toplanıb ərazidən daşınması nadir hadisə sayıla bilər.  Kənd yerləri üçün tullantı son dərəcə böyük problemdir – hər gün ölkənin məskunlaşma olan 5 milyon nəfərə yaxın insanın yaşadığı 4000-ə yaxın kəndində onlarla ton məişət tullantısı toplanır. Amma həmin tullantılar elə açıq ərazilərə atılır, ekologiya üçün ciddi problemə çevrilir, antisanitariya mənbəyi kimi yoluxucu xəstəliklərin sürətlə yayılma riski yaradır...

Amma illərdir problem çözülmür – kənd yerlərində nə tullantıların toplanması üçün xüsusi qutular yerləşdirilir, nə də müntəzəm olaraq həmin qutular ərazidən məxüsusi poliqonlara daşınır. Bu problemin həllinə kimin bilavasitə məsuliyyət daşıması ayrı mövzudur. Amma indilik əsası sual budur – rəsmi hökumət strukturlarını həmin problemin mövcudluğu narahat edirmi?

Ölkə prezidentinin 1 noyabr 2018-ci il sərəncamı ilə “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya” təsdiqlənməsi onu göstərir ki, ən azından problemin mövcudluğu narahatlıq yaradır.  Strategiyanın əsas məqsədlərindən biri budur ki, bərk məişət tullantılarının yığılması xidmətləri ölkənin bütün yaşayış və qeyri-yaşayış məntəqələrinə doğru genişləndirilməlidir. Bu o deməkdir ki, əgər hazırda sözügedən xidmətlər əsasən şəhər yaşayış məskənlərində mövcuddursa, yeni sənəd anoloji xidmətlərin kəndlərdə də təşkilini hədəfləyir. Bunun üçün çeşidlənib yeni məhsul əldə edilməsi xərc baxımından sərfəli olmayan və yeni ehtiyatların bərpasına sərf edilə bilməyən bütün tullantıların təhlükəsiz və səmərəli zərərsizləşdirilməsinin təmin edilməsi, çeşidlənə və emala yararlı olan tullantıların toplanaraq təkrar emala göndərilməsi, ekologiyanı korlayan açıq zibilxanaların tədricən ləğv edilməsi nəzərdə tutulur.

Strategiyaya uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi birlikdə 2018-2019-cu illərdə ölkə üzrə bərk məişət tullantılarını zərərsizləşdirmə təsisatlarının (sanitariya poliqonları, ötürücü məntəqələr) idarə olunması, toplama və daşıma fəaliyyəti ilə məşğul olan yerli idarəetmə orqanlarına dəstək verməlidirlər. Sənədə əsasən, 2018-2022-ci illərdə ölkənin reginonlarında sanitariya poliqonlarının və ötürücü məntəqələrin layihələndirilməsi və tikintisi təmin edilməlidir. Bu işə əsas məsul qurumlar kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyətləri müəyyənləşdirilib. Hökumət ümid edir ki, məhz bu yolla tullantların ətraf mühitə zərərli təsirini minimuma endirmək və bölgələrdə formalaşan məişət tullantılarını kompleks şəkildə zərərsizləşdirmək mümkün olacaq.   Bununla yanaşı, bölgələrdə hazırda mövcud olan tullantı sahələrinə nəzarəti gücləndirmək üçün tullantı sahələrində (poliqonlarda) təkmilləşdirmə işlərinin aparılmasının önəmi vurğulanır. Burda təkmilləşdirmə dedikdə, ilk növbədə istifadədə olan tullantı sahələrinin ətrafının hasarlanması, çuxurlarda olan hissələrin üzərinin torpaqla örtülməsi kimi işlər daxildir. Eyni zamanda, regionlar üçün ən vacib məsələlərdən biri də tullantı daşıyan yük maşınlarının və konteynerlərin sayının artırılmasıdır. Qarşıdakı 4 ildə bu məsələnin də həlli əsas hədəflər sırasına daxil edilib.

Nəzərə alaq ki, son 10 ildə Azərbaycan hökumət Böyük Bakının məişət tullantıları ilə bağlı probleminin köklü həlli üçün Balaxanıda nəhəng Sənaye Parkı yaratmaqla bu səhədə zəruri təcrübə qazanıb. Park daxilində həm tullnatıların çeşidlənməsi, həm də təkrar emal üçün zəruri infrastruktur formalaşdırılıb. Şübhəsiz ki, regionlarda da anoloji layihənin həyata keçirilməsində hazır tərcübənin olması prosesi xeyli asanlaşdıracaq.
Strategiyaya əsasən, bölgələrdə bərk məişət tullantılarının idarə edilməsi sahəsinə yerli və xarici investisiyalar cəlb edilməsi, bu məqsədlə təşviq mexanizmlərinin hazırlanması, dövlət-sahibkar tərəfdaşlığı modellərinin tətbiqi mümkün ssenarilər arasındadır. Bu layihələr çərçivəsində ölkənin müxtəlif bölgələrində məişət tullantılarının çeşidlənməsi və təkrar emalı üçün müəssisələrin yaradılması dəstəklənəcək.

Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyinin Aran regionu (Bərdə-Yevlax-Ağcabədi) üzrə yerli  idarəsinin rəsmisi İsrafil Paşayev Aran telekanalına müsahibəsində bölgələrdə sözügedən strategiyanın reallaşdırlması ilə bağlı mümkün addımları açıqlayıb. O bildirib ki, məsələn, Aran regionunda məişət tullantılarının emalı üçün müəssisənin Ağcabədidə qurulması planlanır. Ətraf rayonlarda isə tullantıların toplanması üçün müasir standartlara uyğun poliqonlar qurulacaq. Bütün ərazilərdən, o cümlədən kəndlərdən toplanan tullantılar çeşidlənməklə müntəzəm olaraq poliqonlara, oaradan isə təkrar emal üçün regional müəssisəyə daşınacaq.

Artıq strategiyanın icrasının 1 ili arxada qalıb, lakin kəndlərdə müvafiq işlərin görülməsi üçün real addımlar gözə dəymir. Ümid qalır yerdə qalan 4 ilə...     
     
Yazı Niderland Krallığının Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi, Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi təşkilatının icra etdiyi “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” üzrə “Kənd yaşayış məntəqərində məişət tullantılarının idarə edilməsi sahəsində problemlərin həllilə bağlı ictimai müzakirlərin və ictimai vəkilliyin təşkili” layihəsi çərçivəsində hazırlanıb

19.08.2019 11:56:00
Oxuma sayı: 56