İşğal altında olan bir kənddən 18 abituriyent “tələbə” adını qazandı – SİYAHI
Ölçü:


İşğal altındakı Kəlbəcər rayonunun Başlıbel kəndindən olan abituriyentlər bu il ali məktəblərə tələbə qəbulunda rekorda imza atıblar. Belə ki, Dövlət İmtaham Mərkəzinin (DİM) elan etdiyi nəticələrə əsasən, bu il Başlıbel kəndindən 17 abituriyent “tələbə” adını qazanıb. Başlıbeldən olan daha bir gənc isə ikinci ali təhsil almaq üçün bu il DİM-in keçirdiyi qəbul imtahanlarında yenidən iştirak edərək öz istəyinə nail olub. Bununla da bu il Başlıbel kəndindən ali məktəblərə qəbul olunan gənclərin sayı 18 nəfərə çatıb.

Koordinat.az xəbər verir ki, Başlıbel kəndindən olan abituriyentlər arasında qəbul imtahanlarında yüksək nəticə göstərənlər üstünlük təşkil ediblər. Onların arasında 3 nəfər 600 və daha çox bal toplayaraq ölkənin ən nüfuzlu ail məktəblərinə qəbul olunublar.

Builki qəbul imtahanlarında uğurlu nəticə göstərərək “tələbə” adını qazanmış həmin 18 gəncin 17-si dövlət ali məktəblərində, yalnız 1-i özəl iniversitetdə oxuyacaq. Başlıbel kəndindən olan həmin abituriyentlər arasında ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişli yerləri tutanların sayı isə 13 nəfərdir.

Başlıbel kəndinin “tələbə” adını qazanmış abituriyentlərinin gender bölgüsü də maraq doğurur.  Belə ki, ənənəvi olaraq oğlanlarla yanaşı qızların təhsilinə xüsusi önəm verildiyi bu kəndin ali məktəbə daxil olan gəncləri arasında zərif cinsin nümayəndələri son illər üstünlük təşkil edir. Builki tələbə qəbulunda isə bu nisbət bir qədər də artıb. Bu il ali məktəblərə daxil olmuş 18 başlıbelli gəncin 13-ü qız, 5-ü oğlandır. Qəbul imtahanlarında 600 və daha çox bal toplayan 3 abituriyentin də 2-si məhz qızların payına düşür.
    
Başlıbel kəndinin “tələbə” adını qazanmış abituriyentlərinin siyahısını təqdim edirik:
1. Balacayev Rəvan Sahib oğlu – ADİU, Maliyyə
2. Cəfərov Zamin Mahir oğlu – MDU, Marketinq
3. Əmralıyeva Aynur Şahlar qızı – GDU, Azərbaycan dili və ədəbiyyatı
4. Ələkbərov Ədil Niyazi oğlu – BDU, İqtisadiyyat
5. Əhmədli Ləman Nəbi qızı - ADPU, Azərbaycan dili və ədəbiyyatı
6. İsmayılova Aysel Qəşəm qızı – ATU, Stomatologiya
7. Mirzəyeva Nərminə İdris qızı – BSU, Tərcümə (İngilis dili)
8. Mirzəyeva Qönçə Mərdan qızı – BDU, Kimya müəllimliyi
9. Mustafayeva Şəbnəm Mobil qızı – ADİU, Maliyyə
10. Məmmədova Mətanət İqbal qızı – Bakı Qızlar Universiteti, məktəb və məktəbəqədər
11. Rzayeva Nərmin Fikrət qızı – ADA, Dövlət və ictimai münasibətlər
12. Salahova Saniyə Xasay qızı – DİA, Dövlət və ictimai münasibətlər
13. Salahov Murad Məhəmməd oğlu - ADA, Biznesin idarə olunması
14. Salahova Aysel Natiq qızı – GDU, riyaziyyat müəllimliyi
15. Salahova  Nazpəri Natiq qızı – ADAU, zootexniklik
16. Salahova Gülnarə  Şahin qızı – BDU, Tarix müəllimliyi
17. Səmədzadə Aytən  Şaiq qızı  - BSU, Tərcümə (ingilis dili).
18. Səmədov Kəmaləddin Vahid oğlu - GTU (İkinci ali təhsil).

Xatırladaq ki, Başlıbel kəndi ölkəmizin ən yüksək dağ rayonu olan Kəlbəcərin
ərazisinə və əhalisinin sayına, iqtisadi, sosial və mədəni inkişaf göstəricilərinə görə ən iri yaşayış məntəqələrindən biridir. İşğaladək (1 aprel 1993, cüil) 2000 nəfərdən artıq əhalinin yaşadığı, 350-dən çox ev təsərrüfatından ibarət Başlıbel kəndində 480 yerlik orta məktəb, 45 yerlik uşaq bağçası, 500 nömrə tutumlu ATS, 15 çarpayılıq həkim ambulatoriyası, 1 çörəkbişirmə və qənnadı sexi, 6 mağaza, 1 hamam, 2 klub, 120 yerlik mədəniyyət evi, 2 kitabxana, 1 tele-radio stansiyası, 1 süni mayalanma məntəqəsi fəaliyyət göstərib.

Hələ sovet dövründə respublika səviyyəsində örnək sayıla biləcək təlim-tərbiyə üsullarına və ənənələrinə malik Başlıbel kənd məktəbinin yaranış dövrü 19-cu yüzilliyin ortalarına təsadüf edib. XX əsrin əvvəllərində isə Başlıbeldə “Hesab”ı (Riyaziyyat) yazıb-oxumağı öyrədən molla məktəbi olub. 1961-ci ildən Başlıbel kənd məktəbi səkkizillik məktəb kimi fəaliyyətə göstərib. 1962-ci ildə Başlıbelin ilk alimi Əli Mirzəyev öz arzusu ilə burada məktəb direktoru işləməyə başladıqdan sonra bu təhsil ocağına tam orta məktəb statusu verilib. Son dərəcə maarifçi və vətənpərvər ziyalı olan Əli Mirzəyev Başlıbel kənd orta məktəbinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük əmək sərtf edib. Sonrakı illərdə Soltan müəllimin, Məhəmməd Şahbəndəyevin, Hilal Qədimovun, Hacı Mirzəyevin, Məhiyyəddin Əsədovun rəhbərliyi altında Başlıbel kənd orta məktəbində davamlı və keyfiyyətli təhsil almaq üçün yüksək şərait yaradılmışdı. Məhz bu cür maarifpərvər ənənələrin inkişaf etdirilməsi sayəsində Başlıbel kənd orta məktəbi ali məktəbə daxil olan məzunların faiz nisbətinə görə Kəlbəcər rayonunda daim öncüllər sırasında yer alırdı. Xüsusilə 1970-ci illərdən sonra Başlıbel kənd orta məktəbini bitirən məzunların əksəriyyəti ali və orta ixtisas məktəblərinə daxil olurdu və bu tendensiya Kəlbəcərin işğalınadək artan templə davam edib.



16.08.2019 14:03:23
Oxuma sayı: 543