Sabahın hava proqnozu: 27 dərəcə isti
Ölçü:



Bakıda və Abşeron yarımadasında avqustun 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam bir qədər mülayimləşəcək.

ETSN-dən Koordinat.az -a verilən məlumata görə, havanın temperaturu gecə 20-23° isti, gündüz 25-28° isti, Bakıda gecə 21-23° isti, gündüz 25-27° isti təşkil edəcək.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70% olacaq.

Güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti təşkil edəcək.

10.08.2019 14:45:12
Oxuma sayı: 57