Polkovnikdən Rusiyaya sərt sual: "Niyə Dilqəm Əsgərovu da belə müdafiə etmirsiniz?"
Ölçü:


Belorus hökumətinin işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfərinə görə həbs edilən blogger Aleksandr Lapşini Azərbaycana təhvil verməsi hələ uzun müzakirələrə və diskussiyalara səbəb olub. Həm də ona görə ki, Rusiya hökumətinin cinayətkar və ermənipərəst bloggeri açıq-aşkar müdafiə etməsi və öz himayəsinə götürmək istəyi  Azərbaycan ictimaiyyətində qıcıq yaradıb. Məsələ o yerə çatıb ki, Rusiya hökuməti bu hərəkətlərinə görə Azərbaycan ictimaiyyətində nifrətini qazanmağa başlayıb.

Koordinat.az bildirir ki, hərbi  ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov da dünəndən başayaraq Rusiyanın rəsmi və qeyri-rəsmi şəxslərinin bu hərəkətlərinə sərt reaksiya verib.  O, xüsusilə rusiyalı siyasətçilərin ermənipərəst bloggerə görə əldən-ayaqdan getməsinə görə Putin hakimiyyətini tənqid edib: "Putinin mətbuat katibindən tutmuş, xarici işlər nazirinə kimi hər kəs bu başıpozuq Lapşinlə bağlı o qədər sözlər,o qədər fikirlər səsləndiriblər ki, adam bunların ağlına və savadına mat-məətəl qalır. Bunlara sual vermək lazımdır ki, sizin atdığınız addımların və hərəkətlərinizin adı nədir? Siz cinayət törətmiş bir şəxsi nədən belə cani-dildən müdafiə edirsiniz və nə əcəb özünüzün də bu cinayətkarın şəriki olduğunuzun fərqində deyilsiniz? Bəlkə elə deyil? Bu adamı KONKRET CİNAYƏT əməlinə görə saxlayıblar. Əgər onu qeyri-qanuni saxlasaydılar, onda sizin cənfəşanlığınızın yeri var idi. Fikir verin, bu cinayətkar Lapşin hələ gedib Kürdəxanıdakı təcridxanada otağına çatmamış Rusiyanın Azərbaycandakı səfiri Doroxin cumur bizim xarici işlər naziri Elmar Məmmədyarovun yanına. Bizim hörmətli nazir də dərhal onu qəbul edir. Ay hörmətli Elmar müəllim, axı siz bu Doroxinə ilk sual olaraq belə bir irad bildirməliydiniz ki, cənab səfir, sizin narahatçılığınız nədəndir? Ermənistanda girov saxlanılan, öz ərazilərimizdə oğurlanaraq iki ildən artıq bir müddətdə qondarma ittihamlarla min bir əzab-əziyyətə düçar qoyulan Dilqəm Əsgərovla Şahbaz Quliyevdən biri Rusiya vətəndaşı olan azərbaycanlıdır. Bu günə kimi həmin girovlara heç olmazsa bircə dəfə də olsun Rusiyanın Ermənistandakı səfiri və ya konsulu baş çəkibmi?".

Üzeyir Cəfərov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda olarkən kəlbəcərli girovların işi ilə ciddi məşğul olacağına söz verdiyini də xatırladır: "Lavrov Bakıda olanda söz vermişdi ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə ciddi məşğul olacaq. Bəs nə oldu? Bu Lapşin sizə nədən bu qədər əziz və doğmadır? Axı o Azərbaycan adlı dövlətin qanunlarını pozub. Bunu biz təkcə demirik ki! Bunu Belorus dövlətinin hüquq-mühafizə orqanları da sənəd və sübutlarla ortaya qoyublar və qanunlara hörmət olaraq onu Azərbaycana təhvil veriblər. Adam nə qədər şovinist, nə qədər özündənrazı olmalıdır ki, sən konkret cinayət törədəni açıq müdafiə edirsən?! Amma öz ata-bqaba torpağında girov götürülən öz vətəndaşını, "qəbahəti" azərbaycanlı olan şəxslə bir dəfə də olsun, maraqlanmayasan?!"
09.02.2017 10:43:05
Oxuma sayı: 28429