Bakıda qurbanlıq heyvanlar 160, 170 və 180 manata satılır
Ölçü:


Azərbaycanda 12-13 avqust tarixlərində qeyd olunacaq Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə növbəti bayram yarmarkası keçiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Koordinat.az-a verilən məlumata görə, sosial dəstək mahiyyəti daşıyan “Kənddən Şəhərə” yarmarkasının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bayramla əlaqədar bazarlarda yaranacaq süni qiymət artımının qarşısını almaqdır: “Bayram günlərində təşkil ediləcək qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil ediləcək. “Kənddən Şəhərə” satış yarmarkasına 20000-ə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat dəyərində müəyyənləşdirilib.

Məlum olduğu kimi, bayram günü bazarlarda uzun növbələr yaranır. Bu problemlə üzləşməmək üçün vətəndaşlar “Kənddən Şəhərə” saytına daxil olaraq 9 avqust saat 23:59-dək Bakı, Sumqayıt və Abşeron yarımadasındakı satış məntəqələrində online şəkildə növbə götürə və alacaqları qurbanlıq qoyunları öncədən sifariş edə bilərlər. Bunun üçün https://kenddenshehere.az/qurbanliq linkinə daxil olmaq, mövcud xanalar üzrə şəxsi məlumatları qeyd etmək lazımdır. Sifariş qəbul edildikdən sonra vətəndaşın mobil telefonuna təsdiq bildirişi gələcək. Daha sonra vətəndaş yarmarkada xüsusi ayrılmış yerdə “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşına yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı ala biləcək”.

Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edib. Agentlik bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyena normalara cavab verən mövcud stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli İcra Hakimiyyətləri tərəfindən təşkil olunmuş müvəqqəti kəsim düşərgələrində həyata keçirməyi tövsiyə edir. AQTA bəyan edib ki, bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün Respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi fəaliyyət göstərəcək.



06.08.2019 11:59:00
Oxuma sayı: 136