DİM yüksək bal toplayanların sayının azalmasına aydınlıq gətirdi
Ölçü:


Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasda bu ilin birinci yarım ilinin yekunları, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən imtahanların nəticələri, dövlət qulluğuna qəbul və digər cari məsələlər müzakirə edilib.

Mərkəzdən Koordinat.az-a verilən məlumata görə,DİM sədri Məleykə Abbaszadə bakalavriat səviyyəsi üzrə bu il keçirilən yaz və yay qəbul imtahanlarının ümumi nəticələrindən bəhs edərkən bəzi maraqlı məqamlara toxunub. O, qeyd edib ki, ümumi nəticələr arasında ötən il olduğu kimi, elə də ciddi fərq yoxdur: “Abituriyentlərin nəticələri arasında orta fərq təxminən 20 bala bərabərdir. Bu da nəticələrin etibarlılığının yüksək göstəricisi kimi qiymətləndirilməlidir. Bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına baxsaq I-IV ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə azdır. I, II və IV ixtisas quplarında bütün bal intervalları üzrə azalma sayını müşahidə etmək olur, yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çoxdur. Yeni tədris proqramı ilə əlaqədar bu il imtahanın məzmununun və qiymətləndirmə modelinin dəyişməsi daha yüksək bal toplayan abituriyentlərinin sayının az olmasına təsir edən amillərdən biri ola bilər. Lakin daha yuxarı bal toplayan abituriyentlərin sayının az olması onların ali təhsil müəssisələrinə yerləşdirilməsinə hər hansı mənfi təsir göstərməyəcək”.

Daha sonra abituriyentlərin ixtisas seçiminə toxunan sədr bildirib ki, I və IV ixtisas qrupu üzrə 150 və daha yuxarı bal toplayaraq müsabiqəyə buraxılanların sayı 46814 nəfərdir: “Hələlik təsdiq olunan ərizələrin sayı isə 32 202-dir. V ixtisas qrupu üzrə 4623, subbakalavrlar üzrə isə 6925 ərizə təsdiq olunub (qeyd olunan statistik məlumatlar 31 iyul saat 14.00-a tarixinə aiddir). Bu prosesdə abituriyentlərə ödənişsiz əsaslarla köməklik göstərilən Abituriyent Məsləhət Mərkəzlərinin fəaliyyəti də qənaətbəxş hesab olunub”.

İclasda digər aktual məsələlər də müzakirə olunub.
01.08.2019 14:29:00
Oxuma sayı: 142